Hamam Times “femmekan.com” saytının  məqaləsini təqdim edir.

“Eşit evdən səsləri, vaxtında et həbsləri”, “dağıt şiddət evini, boşa getsin ərini” – bunlar martın 8-də Bakının “Fəvvarələr Meydanı”nda səslənən şüarlardan bir neçəsidir.

Azərbaycan Feminist Hərəkatı ölkədə qadın qətllərinin lazımi şəkildə araşdırılmadığı fikrindədir. Bunun insanlarda polisə, prokurorluq orqanlarına qarşı güvənsizlik yaratdığını, nəticədə, evlərdə şiddət görən minlərlə qadının bu səbəbdən aidiyyatı qurumlara şikayət etmədiyini düşünürlər.

Bütün bu problemlərin həll edilməsi tələbi ilə martın 8-də bir qrup fəal Bakının Nizami küçəsində “8 Marş – susa bilmirik” yürüşü keçiriblər.

Yürüş iştirakçıları düşünürlər ki, şiddət halında polisə müraciət edən qadın əri ilə barışdırılır və evinə yola salınır. Bu da gələcəkdə daha böyük fəlakətlərə, hətta ölümə səbəb olur. Onlar dövlət orqanlarına müraciətlə “barışdırma, araşdır” – şüarı səsləndiriblər.

Bildiriblər ki, əgər polis, prokurorluq orqanları qadınlara qarşı olan zorakılıq hallarını, qətl hadisələrini, təcavüz olaylarını lazımi şəkildə araşdırmırsa, deməli, “qadın qətlləri siyasidir”.

Aksiya iştirakçıları Bakının mərkəzi küçəsində Feminist Hərəkatının himnini oxuyub, şüarlar səsləndiriblər. Əraziyə cəlb edilən çoxsaylı polis qüvvələri onlara mane olmayıb. Yürüş tamamlanıb və iştirakçılardan Aytac Tapdıq Azərbaycan Feminist Hərəkatının yürüşün məqsədilə bağlı bəyanatını səsləndirib.

Bəyanatda deyilir ki, ötən 2021-ci il və 2022-ci ilin ilk iki ayı ərzində baş verən qadın qətlləri, azyaşlılara qarşı cinsi zorakılıq və erkən nikah xəbərləri hamını sarsıdıb. Bu halların əksəriyyəti məhz qadınların hüquqlarını qorumalı olan dövlətin hərəkətsizliyi nəticəsində baş verib.

“2021-ci il ərzində təkcə, mediada 72 qadın qətli xəbəri yer alıb. Qadınlardan 43 faizi ərləri tərəfindən öldürülüb. 2021-ci ildə qeydə alınan məişət zorakılığı cinayətləri əvvəlki ildən 19 faiz çoxdur – 1499 cinayət. Məişət zorakılığından zərər çəkənlərin 78,5 faizi qadınlardır”.

Bəyanatda qeyd edilir ki, çoxsaylı qətl, zorakılıq, zorlama hallarına qarşı susmaq mümkün deyil. Bu səbəbdən dövlət bəzi tədbirlər görməlidir:

“Qadınlara qarşı zorakılıq və qətllərin qarşısını almaq üçün effektiv tədbirlər həyata keçirilsin. Baş verən cinayətlər qanunauyğun və ədalətli şəkildə araşdırılsın və cinayətkarlar məsuliyyətə cəlb olunsun. İstanbul Konvensiyası qəbul edilsin. Qadınların şəbəkələşməsi, birləşməsi və mübarizəsi üçün bütün maneələr aradan qaldırılsın. Gender və cinsi oriyentasiyasından asılı olmayaraq, hər kəsin bərabər hüquqları təmin edilsin”.

8 Mart dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. Feminist Hərəkatı bir neçə ildir ki, hər 8 Mart günü Bakının mərkəzi küçələrində “qadınlara ədalət” tələbi ilə yürüşlər, aksiyalar təşkil edir. İlk təşkil olunan aksiyadan sonrakılar polis tərəfindən dağıdılıb, iştirakçılar saxlanılıb.

 

Yazdı Gülər Mehdizadə

Çəkdi Selcan Hacı

Leave A Reply