Laportanın həbsdəki dostu

“Barselona” futbol klubunun prezidenti Joan Laporta Çempionlar Liqasında “Sabah”la oyun üçün yenidən Bakıya gəlib. Bu səfərin fonunda diqqətçəkən bir detal var: Laportanın Azərbaycandakı yaxın dostu və əvvəlki səfərlərinin əsas təşkilatçısı Adnan Əhmədzadə bir ildən çoxdur ki, həbsdədir.

SOCAR-ın keçmiş rəhbər işçisi Adnan Əhmədzadə 2025-ci ilin sentyabrında saxlanılıb, Bakının Səbail Rayon Məhkəməsi onun barəsində həbs qərarı seçib, sonra həbs müddəti uzadılıb. Dövlət Təhlükəsizlik Xidmətinin istintaq etdiyi işdə ona iri məbləğdə mənimsəmə və dövlətin iqtisadi təhlükəsizliyinə zərər vurma ittihamı irəli sürülüb. Mediada iş həmin il Avropa neft emalı zavodlarında “Azeri Light” xam neftinin çirkləndiyinin aşkarlanması ilə əlaqələndirilir.

İspaniya mediası Əhmədzadəni Laportanın yaxın dostu və klubun Azərbaycandakı biznes əlaqələrində əsas fiqur kimi təqdim edirdi. Onların tanışlığı Dubayda və Səudiyyə Ərəbistanında başlayıb, Bakıda ilk rəsmi görüşləri isə 2024-cü ilin noyabrında, COP29 zamanı olub.

2025-ci ilin fevral-martında Laporta “Barselona” akademiyasının açılışı və investisiya danışıqları üçün Bakıya gələndə Əhmədzadə onu hava limanında qarşılayıb, İlham Əliyevlə görüşdə də iştirak edib. Laporta bir vaxtlar qardaşı adlandırdığı Əhmədzadəni “Barselona”nın 125 illik yubileyinə xüsusi qonaq kimi dəvət etmişdi.

İndi Laporta “Barselona”nın “Sabah”la oyununa baxmağa gəlir, Əhmədzadə isə Azərbaycanda həbsdədir. Joan Laporta Adnan Əhmədzadə ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Leave A Reply