Cüdoçu Elisey yolunda
Fransanın beşqat olimpiya və on birqat dünya çempionu, 37 yaşlı cüdoçu Teddi Riner noyabrın 9-da sosial şəbəkələrdə yaydığı videoda 2027-ci il prezident seçkisinə namizəd olduğunu elan edib. RFI-ın yazdığına görə, “Mənim adım Teddi Rinerdir və bu gün sizə gözlərinizin içinə baxaraq deyirəm ki, 2027-ci il prezident seçkisinə namizədəm”, - o bildirib. Qvadelupa əsilli Riner namizədliyini açıqlayan 36-cı şəxsdir.
“Mən haqqımda nə deyəcəklərini bilirəm: dəlidir, siyasətçi deyil, qaydaları bilmir”, - Riner videoda deyib. “Başımı aşağı salmamaq və xaosa yox demək məni dəli edirsə, deməli, tamamilə dəliyəm”. O əlavə edib: “Ölkənin yanmasına baxıb bəhanə axtaranlardan olmayacağam”.
“Le Parisien” qəzetinə müsahibəsində Riner qərarının Paris Olimpiadasından sonrakı dövrə aid olduğunu deyib: “Bütün ölkənin birləşdiyini gördüm, sonra bir neçə həftə ərzində yenə parçalandı”. O, “vəzifə imkan versə və fransızlar icazə versə”, 2028-ci il Los-Anceles Olimpiadasına da çıxmaq istədiyini bildirib, “sona qədər gedəcəyini” vurğulayıb.
Rinerin qərarı Fransada həyat bahalığına qarşı həftələrdir davam edən etirazlar fonunda gəlib. Baş nazir Sebastyen Lekornu noyabrın 9-da minimum əməkhaqqının 1,6 faiz artımını yanvardan dekabra keçirdiyini açıqlayıb, həmkarlar ittifaqları bunu az sayır.


