Oktyabrın 1-də Kopenhagendə toplaşan Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Rusiyanın Avropanın hava məkanına artan müdaxilələri fonunda “dron divarı” və digər mümkün müdafiə tədbirlərini müzakirə ediblər.
Sammitə ev sahibliyi edən Danimarkanın baş naziri Mete Frederiksen Ukraynadakı müharibə ilə yanaşı, Avropanın həm də “hibrid müharibə” ilə üzə-üzə olduğunu deyib.
“Düşünürəm ki, biz artıq Soyuq müharibədən deyil, İkinci Dünya müharibəsindən bəri ən çətin və təhlükəli vəziyyətdəyik” – Frederiksen qeyd edib.
Nə baş verib?

Son günlərdə bir sıra Avropa ölkələrində, o cümlədən Danimarkada strateji və hərbi obyektlər üzərində dronlar müşahidə edilib. Kopenhagen və Oslo hava limanlarında uçuşlar dayandırılıb, səlahiyyətli orqanlar hadisəni “hibrid hücumlar” kimi təsvir ediblər.
Bundan əvvəl, sentyabrın 19-da Rusiyanın qırıcı təyyarələri Estoniyanın hava məkanını pozub. Sentyabrın 10-da isə Rusiyanın 19 hərbi dronu Polşanın hava məkanını pozub. Onlardan üçü vurulub. Həm Estoniya, həm də Polşa ötən ay NATO-nun 4-cü maddəsini işə salaraq müttəfiqləri məsləhətləşmələrə çağırıb. Hərbi alyansın qırıcıları patrul uçuşlarını artırıb, hava hücumundan müdafiə sistemləri gücləndirilib.
Rumıniya da ötən ay Rusiya dronunun bu ölkənin hava məkanına daxil olduğunu bildirib. Rusiya Estoniya və Rumıniya ilə bağlı məlumatları yalanlayıb, Polşada baş verənlərin isə qəsdən olmadığını deyib.
“Rusiya bizi sınamağa çalışır. Amma eyni zamanda cəmiyyətlərimizdə parçalanma və narahatlıq yaymağa çalışır. Biz buna imkan verməyəcəyik” – Avropa Komissiyasının sədri Ursula fon der Layen Kopenhagendə deyib.
“Dron divarı” nə işə yarayacaq?
Ursula fon der Layen deyib ki, Brüssel İttifaqın şərq sərhədlərində şərti olaraq “dron divarı” adlandırılan müdafiə sistemi qurmağı hədəfləyir.
“Dron divarı” fiziki maneə deyil, qanunsuz olaraq İttifaqın və ya müttəfiq ölkələrin hava məkanına daxil olan pilotsuz təyyarələrin sürətlə aşkarlanması və zərərsizləşdirilməsi məqsədi daşıyan müştərək müdafiə sistemidir.
Avropa Komissiyası bu mənada Baltik dənizindən Qara dənizədək sərhəd zonalarda radarlar, sensorlar və digər anti-dron sistemlərinin qurulmasını, kəşfiyyat və informasiya mübadiləsinin, koordinasiyalı fəaliyyətin təkmilləşdirilməsini planlayır.
Ursula fon der Layen daha əvvəl də dediyi kimi, bu məsələdə Ukraynanın təcrübəsindən istifadə edəcəklərini təkrarlayıb.
Bundan əlavə, Avropa Komissiyası NATO ilə birgə 2030-cu ilədək qoşunların koordinasiyalı fəaliyyətini və sürətli müdaxilə imkanlarını təmin edəcək yol xəritəsi hazırlayır. Brüssel həmçinin müdafiə sahəsinə investisiyaların artırılmasına, müdafiə sənayesinin gücləndirilməsinə çalışır.
Makron: Rusiya təyyarələrinin vurulması istisna edilmir
Fransa prezidenti Emmanuel Makron Rusiya hərbi təyyarəsinin Avropa hava məkanına daxil olarsa, onun vurulması ehtimal xaricində olmadığını bildirib.

“Strateji qeyri-müəyyənlik doktrinasına uyğun olaraq sizə deyə bilərəm ki, heç nə istisna edilmir” – Almaniyanın Frankfurter Allgemeine Zeitung qəzetinə müsahibəsində Avropa hava məkanını pozan Rusiya təyyarəsinin vurulmasını dəstəkləyib-dəstəkləmədiyi sualına cavab verən Makron deyib.
Fransa Prezidenti eyni müsahibədə Rusiyanın terrorizmlə yanaşı avropalılar üçün ən böyük “sistemli təhdid” olduğunu vurğulayıb. O, Moskvanın seçki kampaniyalarına müdaxilə, kiberhücumlar, miqrasiya axınlarından təzyiq vasitəsi kimi istifadə etməklə Avropanın kollektiv təhlükəsizliyini riskə atdığını qeyd edib.
“Dron divarı” müzakirələrinə gəldikdə, Makron kollektiv şəkildə avadanlıqları təkmilləşdirməli, daha çox erkən xəbərdarlıq və anti-dron sistemləri qurmaq üçün əməkdaşlıq etməli olduqlarını bildirib.
Növbəti sammit “qərar vermək vaxtı” olacaq
Aİ Şurasının prezidenti Antoniu Koşta Kopenhagen sammitinin sonunda keçirdiyi mətbuat konfransında bildirib ki, liderlər Avropanın təhlükəsizliyini gücləndirəcək ilkin prioritet layihələri, o cümlədən “Dron divarı” ideyasını geniş şəkildə dəstəkləyiblər.
Kopenhagendə hər hansı yekun qərar qəbul edilməsə də, liderlər üç həftə sonra baş tutacaq növbəti Aİ sammitində mövzuya yenidən qayıdacaqlar. Koşta bu dəfəki görüşün Avropanın müdafiəsi üçün qərarların hazırlanmasına xidmət etdiyini, 23-24 oktyabr tarixlərində keçiriləcək növbəti sammitin isə “qərar vermək vaxtı” olacağını qeyd edib.
Baltikyanı ölkələr başda olmaqla, Rusiya ilə həmsərhəd ölkələrin rəsmiləri artan insidentlər fonunda Avropanın təcili qərarlar verməli, əməli addımları sürətləndirməli olduğunu təkid edirlər.
(Mənbələr: Reuters, AFP, POLITICO)