Mançesterdə sinaqoqa hücum
Bu gün Böyük Britaniyanın Mançester şəhərində Yom Kippur mərasimi zamanı sinaqoqa hücum nəticəsində iki nəfər həyatını itirib, üç nəfər isə ağır yaralanıb.
Hadisə Crumpsall qəsəbəsindəki Heaton Park Hebrew Congregation sinaqoqunun qarşısında qeydə alınıb.

Polisin məlumatına görə, səhər saat 9:31-də bir nəfər avtomobili izdihamın üzərinə sürüb, daha sonra isə bir şəxsi bıçaqlayıb. Hadisədən dərhal sonra Böyük Mançester Polisi “böyük insident” elan edib. Polis əməkdaşları tərəfindən hücum edən şəxsin öldürüldüyü bildirilir, lakin onun şəxsiyyəti açıqlanmayıb.
Polis açıqlamasına görə, hücum zamanı iki nəfər həlak olub. Üç nəfər ağır vəziyyətdədir. Onların kimliyi hələlik ictimaiyyətə açıqlanmayıb. Hadisə zamanı sinaqoqa ibadətə gələn çox sayda insan təhlükəsizlik məqsədilə bina daxilində saxlanılıb, daha sonra isə təxliyə edilib.
Hadisə yəhudi təqviminin ən müqəddəs günü – Yom Kippur zamanı baş verib. Bu gün həmçinin dindar olmayan yəhudilər də sinaqoqlara üz tutur.
Böyük Britaniyanın Baş naziri Keir Starmer hadisəni “daha da dəhşətli edən amilin məhz Yom Kippur günü olması” ilə izah edib.
- Ərdoğanın “legitimlik” dərdi: Türkiyə xarici siyasətdə daxili legitimlik axtarışındadır
- “Abzas Media”nın həbsdə olan jurnalistləri Lənkərana köçürülüb
- Nepalda hökumət devrildi: KP Şarma Oli istefa verdi, sosial şəbəkə qadağası ləğv olundu
Rəsmi reaksiyalar
Baş nazir Starmer hücumla bağlı Kopenhagendə keçirilən Avropa liderlərinin görüşünü yarımçıq tərk edərək ölkəyə qayıdıb. O, bütün ölkə boyu sinaqoqların mühafizəsinin gücləndirildiyini açıqlayıb:
“Yəhudi icmamızın təhlükəsizliyini təmin etmək üçün bütün addımlar atılacaq”.
İşçi Partiyasının deputatı Hamish Falconer də açıqlamasında hadisədən dəhşətə gəldiyini və zərərçəkənlərlə həmrəy olduğunu bildirib.
İstintaq və təhlükəsizlik tədbirləri
Polis “PLATO” əməliyyatı elan edib. Bu, Böyük Britaniya hüquq-mühafizə orqanlarında marauding terror attack, yəni çoxsaylı insanı hədəf alan sürətli hücumlara dair kod adıdır.
Lakin indiyədək hadisənin rəsmi olaraq terror aktı kimi təsnif edilib-edilmədiyi açıqlanmayıb.
Antisemitizm fonu
Böyük Britaniyada “antisemit hücumların sayı son illərdə artdığı” deyilir. “Community Security Trust” (CST) təşkilatının məlumatına görə, 2024-cü ildə ölkədə 3 528 antisemit insident qeydə alınıb ki, bu da son illərin ən yüksək göstəricilərindən biridir. 2023-cü ildə isə bu rəqəm 4 296 olub.
CST qeyd edir ki, 2023-cü ildən etibarən Qəzzada müharibənin başlaması ilə paralel olaraq həm antisemit, həm də islamofob insidentlərdə qlobal miqyasda artım müşahidə olunur.
Mançesterdə sinaqoqa hücum