Ərdoğan höküməti legitimlik axtarışında

ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Donald Trampın Nyu-Yorkda keçirilən “Diplomatiya Səsləri” adlı tədbirdə dediklərini şərh edərkən bildirib ki, Tramp “Cəsarətli addım ataq, Ərdoğana lazım olanı verək” deyib və bu “lazım olan” da silah və ya ticarət deyil “legitimlik”dir.

Ərdoğan höküməti legitimlik axtarışında - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp \ Evan Vucci/AP/dpa
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp \ Evan Vucci/AP/dpa

Bu açıqlama Türkiyədə böyük reaksiyalara səbəb olub. Sonradan o, sözlərini yumşaldaraq “legitimlik” deyərkən siyasi deyil, hörmət və tanınmanı nəzərdə tutduğunu bildirib.

Onun sözlərinə görə, Tramp Türkiyəyə qarşı “problemləri dinləmək və hörmət göstərmək” mövqeyi ilə yanaşmaq istəyib.

Ekspertlərin fikrincə, ABŞ-nin “legitimlik vermək” mesajı əslində bir diplomatik jestdir. Məqsəd Türkiyənin NATO-dakı rolunu, Rusiyayla münasibətlərini və bölgədəki riskləri nəzərə alaraq əlaqələri möhkəmləndirməkdir.

Onların fikrincə Tramp administrasiyası göstərmək istəyir ki, ABŞ Türkiyəni mühüm müttəfiq sayır və onun narahatlıqlarını dinləməyə hazırdır. Barrak da ifadəsinə düzəliş edərkən vurğulayıb ki, “Türkiyə bizim böyük müttəfiqimizdir, amma Avropa İttifaqı hələ də onu qəbul etmir. Bu çox incidicidir, deyilmi?”



ABŞ-Türkiyə münasibətlərində cari məsələlər

Hazırkı dövrdə Türkiyə ilə ABŞ arasındakı münasibətlər uzunmüddətli mübahisələrlə zəngindir. Ən kritik məsələlərdən biri Rusiya istehsalı S-400 zenit-raket kompleksinin alınmasıdır.

S-400 böhranı nədir?

Türkiyə ilə ABŞ arasındakı münasibətlərin son illərdə gərginləşməsinə səbəb olan əsas mövzulardan biri Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemidir. Ankara 2019-cu ildə bu razılaşmanı imzalayıb və ilk S-400 kompleksləri ölkəyə gətirilib.

ABŞ və NATO üçün bu addım ciddi problem yaradıb. Çünki Rusiya istehsalı olan S-400-lərin, müttəfiqlərin ən müasir döyüş təyyarəsi sayılan F-35-lərin texnologiyasını öyrənmək və zəiflətmək üçün istifadə edilə biləcəyi iddia olunurdu.

Bunun nəticəsində ABŞ 2019-cu ildə Türkiyəyə qarşı CAATSA sanksiyalarını tətbiq etdi. Həmçinin, Türkiyə artıq istehsal ortağı olduğu F-35 proqramından çıxarıldı və bu təyyarələri almaq imkanını itirdi. Bu böhran həm Ankara üçün böyük hərbi və iqtisadi itki olub, həm də ABŞ-Türkiyə münasibətlərində dərin etimad böhranı yaradıb.

Barrak da bildirib ki, “10 il boyunca S-400, F-35, F-16 məsələləri, Boeing müqaviləsi, “Halkbank” və Suriya kimi problemlərlə məşğul olmuşuq”.

Trampla görüşdən sonra isə “əsaslı irəliləyişlər” ifadəsi işlədilib. Türkiyənin “Boeing” şirkətindən 75 ədəd 787 tipli təyyarə almaq planı rəsmi şəkildə açıqlanıb. Bu, tərəflərin iqtisadi və müdafiə əməkdaşlığına dair ilk konkret addım kimi qiymətləndirilib.

Əcnəbi müşahidələr Türkiyənin F-16 qırıcılarının modernləşdirilməsi və yeni F-35 qırıcılarının alınması, Rusiyadan alınan S-400-lərin mövcudluğu, “Halkbank” ilə bağlı ABŞ-də açılmış cinayət işləri (İranla qanunsuz ticarət ittihamı), həmçinin Suriyada PKK/PYD-YPG məsələsi kimi mübahisələr üzərində dayandığını vurğulayır.

“Halkbank işi” nədir?

ABŞ məhkəmələrində “Halkbank işi” adı ilə tanınan proses Türkiyənin dövlət bankı “Halkbank”ın İran sanksiyalarını pozmaqda ittiham olunması ilə bağlıdır. İttihamlara görə, 2012-2016-cı illərdə bank İrandan gələn milyardlarla dolları saxta qida və dərman ticarəti kimi göstərib, pullar isə qızıl alqı-satqısı və saxta idxal-ixrac sənədləri vasitəsilə yuyulub.

Bu sxemdə əsas fiqur kimi türkiyəli iş adamı Reza Zərrab göstərilir. O, ABŞ-də həbs olunandan sonra ittihamları qəbul edib və etirafları ilə prosesin gedişinə təsir göstərib. 2019-cu ildə Nyu-York prokurorluğu “Halkbank”ı sanksiyaları pozmaq, bank fırıldağı və çirkli pulların yuyulması kimi cinayətlərdə rəsmi olaraq ittiham edib.

Ankara isə prosesi siyasi motivli adlandırır və ABŞ-dən bankın müdafiəsini tələb edir. 2023-cü ildə ABŞ Ali Məhkəməsi “Halkbank”ın “dövlət bankı toxunulmazlığı” arqumentini qəbul etməyib və işi aşağı instansiyalara qaytarıb. Bu qərar hüquqi baxımdan prosesin hələ də açıq olduğunu göstərir.

Enerji əməkdaşlığı da ABŞ-Türkiyə gündəminin əsas mövzularındandır. Tramp administrasiyası Avropadan Rusiya yanacağı alışını azaltmağa təkan verərkən, Türkiyə də ABŞ-dən LNG almağa başlayıb.

“Reuters”in bildirdiyinə görə, Türkiyə dövlət şirkəti BOTAŞ “Mercuria” ilə 20 illik saziş imzalayaraq 2026-cı ildən etibarən ABŞ-nin ildə 4 mlrd kubmetr mayeləşdirilmiş təbii qazını idxal edəcək. Bu müqavilələrin həmçinin Türkiyənin enerji mənbələrini şaxələndirmək və ticarət həcmini 100 mlrd dollara çatdırmaq hədəflərinə xidmət etdiyi deyilir. Görüşdən əvvəl Türkiyə ABŞ-dən idxal olunan bəzi mallara tətbiq etdiyi əlavə tarifləri ləğv etdiyini açıqlamışdı. Bu addım da Ankara ilə Vaşinqton arasında iqtisadi yaxınlaşma niyyətini göstərir.

Eyni zamanda Türkiyə və ABŞ arasında sivil nüvə energetikası sahəsində strateji əməkdaşlıq memorandumu imzalanıb. Bu sazişlər enerji təhlükəsizliyi üçün mühüm addım kimi qiymətləndirilir və bilateral əlaqələrin daha da dərinləşdirilməsi mesajını verir.

Bunlarla yanaşı, ABŞ Türkiyə ilə YPG/PYD məsələsində sərt mövqe tutmağa davam edir. Hər iki ölkənin ortaq düşməni hesab olunan PKK-nın Suriya qolu olan PYD-YPG-yə Vaşinqton dəstək göstərməkdədir, halbuki Türkiyə bunu təhlükə kimi dəyərləndirir.

PKK və PYD/YPG məsələsi

PKK (Kürdüstan Fəhlə Partiyası) 1978-ci ildə Abdullah Öcalan tərəfindən yaradılıb və 1984-cü ildən Türkiyəyə qarşı silahlı mübarizə aparır. Təşkilat uzun müddət Türkiyənin cənub-şərqində müstəqillik, sonrakı mərhələdə isə muxtariyyət tələbləri ilə çıxış edib. Həm Türkiyə, həm də ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatı kimi tanıyır.

PYD (Demokratik Birlik Partiyası) və onun hərbi qanadı YPG (Xalq Müdafiə Dəstələri) isə Suriyanın şimalında fəaliyyət göstərir. 2015-ci ildə ABŞ dəstəyi ilə yaradılan Suriya Demokratik Qüvvələrinin (SDQ) əsasını məhz YPG təşkil edir. PYD/YPG hazırda Suriyanın şimal-şərqində geniş ərazilərə nəzarət edir və burada muxtar idarəetmə formalaşdırıb.

Görüşdən sonra ekspertlər qeyd ediblər ki, SDQ-nin gələcəkdə Suriya dövlət təhlükəsizlik strukturlarına qismən inteqrasiya olunması barədə siqnallar verilib. Bu, hələlik niyyət səviyyəsində olsa da, ABŞ və Türkiyə arasında müzakirə mövzusuna çevrilib.

ABŞ səfiri Barrak da qeyd edib ki, indiki məqamda Suriya böhranı həllinə yönəlmiş addımların müzakirə edilməsi vacibdir. Bütün bu məsələlər fonunda Ankara ilə Vaşinqton arasında gərginlik hələ aradan qalxmayıb

SDQ nədir?

Suriya Demokratik Qüvvələri (SDQ) Suriyanın şimal və şərqində fəaliyyət göstərən silahlı koalisiyadır. Onun əsas hissəsini kürdlərin YPG dəstələri təşkil edir, amma ərəb, süryani, türkmən və başqa qruplar da buraya daxildir. 2015-ci ildə İŞİD-ə qarşı mübarizə üçün yaradılıb və ABŞ-dən hərbi dəstək alır.

SDQ hazırda Suriyanın şimal-şərqində geniş ərazilərə nəzarət edir və burada “Şimal və Şərq Suriyası Administrasiyası” adlı muxtar idarəetmə formalaşdırılıb. Türkiyə isə bu qüvvələri PKK ilə bağlı gördüyü üçün terror təşkilatı hesab edir. ABŞ isə əksinə, onları İŞİD-ə qarşı ən etibarlı tərəfdaş adlandırır.

İŞİD-in “xilafət dövləti” artıq dağıdılıb, amma təşkilat tamamilə yox olmayıb. Hazırda Suriya və İraqın səhralıq bölgələrində kiçik hücrələr şəklində fəaliyyət göstərir, hücumlar və terror aktları ilə mövcudluğunu davam etdirir. Buna görə də ABŞ və Qərb üçün SDQ hələ də İŞİD-in qalıqlarına qarşı əsas tərəfdaş sayılır. Türkiyə isə bu izahı qəbul etmir və SDQ-ni terrorçu qruplarla eyniləşdirir.

Ərdoğan hökumətinin daxili legitimlik böhranı

Digər tərəfdən, Türkiyə daxilindəki hərəkətliliklər də legitimliyi şübhə altına alan əsas amillərdəndir. Uzun müddətdir hakimiyyətdə olan prezident Ərdoğan və AKP hakimiyyəti demokratik institutların zəiflədilməsi və müxalifətin sıxışdırılması barədə tənqidlərlə üzləşir.

Qərb mətbuatında da qəbul edildiyi kimi, “Ərdoğan demokratik institutların son sütunlarını dağıdır, rəqiblərini susdurur və dərinləşən iqtisadi böhrana nəzarət edir”.

Türkiyədə inflyasiya ötən illərdə kəskin artmış, 2022-ci ilin oktyabrında 85%-ə çatmış, son dövrlərdə 30%-dən yuxarı səviyyədə qalmaqda davam edir. İqtisadi qeyri-sabitlik, lirənin ucuzlaşması və işsizlik vətəndaşların həyat səviyyəsinə mənfi təsir göstərir. Bu dövrdə dövlət büdcəsinin sərtləşdirilmiş bürokratiya ilə idarə olunması və “tək adam rejimi” tənqid mövzusu olmağa davam edir.

Müxalifətə qarşı təzyiqlər kəskin artıb. İstanbul meri Əkrəm İmamoğlu bu ilin martında həbsə salınıb və hələ də məhkəmə önünə çıxarılmayıb. Ana müxalifət Respublikaçı Xalq Partiyasının (Cumhuriyyet Halk Partisi) üzvləri əhatəli istintaqa məruz qalıblar: yüzlərlə partiya üzvü, o cümlədən İstanbulda seçilmiş 12 bələdiyyə sədri həbs və ya həbs qətimkan tədbirinə məruz qalıb.

İmamoğlunun həbsi və CHP-yə qarşı təzyiqlər

Ərdoğanın əsas siyasi rəqibi sayılan Əkrəm İmamoğlu korrupsiya və “PKK ilə əlaqə” ittihamları ilə həbs olunub. Bu proses yalnız onun siyasi gələcəyini təhlükə altına qoymaqla kifayətlənməyib, həm də Türkiyədə demokratik institutların vəziyyəti ilə bağlı sualları daha da gücləndirdi.

Həbs əməliyyatı təkcə İmamoğlu ilə məhdudlaşmadı: yüzlərlə CHP üzvü və onlarla bələdiyyə rəhbəri barəsində istintaq açıldı, onlardan 12 nəfər – İstanbulda seçilmiş merlər də daxil olmaqla həbs və ya digər qətimkan tədbirləri ilə üzləşdi. Bu, müxalifətə qarşı uzunmüddətli “lawfare”, yəni hüququn siyasi silah kimi istifadəsi strategiyasının davamı kimi dəyərləndirilir.

Müxalifət dairələri bu həbsi “siyasi çevriliş” adlandıraraq kütləvi etiraz aksiyaları təşkil ediblər. Beynəlxalq müşahidəçilər də İmamoğlunun saxlanmasını Türkiyədə demokratiyanın geriləməsinin ən açıq nümunələrindən biri kimi qiymətləndirib.

Beləliklə, İmamoğlu hadisəsi həm daxili, həm də xarici səviyyədə Ərdoğan hökumətinin legitimlik böhranını daha da dərinləşdirən əsas hadisələrdən birinə çevrilib.

İmamoğlunun həbsi Türkiyədə son on illərin ən genişmiqyaslı etiraz aksiyalarına səbəb olub. Müşahidəçilərin fikrincə məğlubiyyətə düçar olduğu seçkidən sonra belə müxalif namizədlərə siyasi təzyiqlərin davam etməsi Türkiyədə demokratik sistemin zəiflədiyinə işarə edir.

Bu içəridəki legitimlik böhranı çərçivəsində hakimiyyətin xarici siyasət uğurları ilə daxildə dəstək qazanmağa çalışması müşahidə olunur.

Tanınmış politoloq Gönül Tol qeyd edir ki, Ərdoğan getdikcə xarici siyasəti “legitimlik əldə etmək üçün vasitə kimi” istifadə edir. Yəni o, daxili tənqid və iqtisadi problemləri arxa plana atmaq üçün xalq arasında milli ruh yüksəkliyi oyandıran xarici uğurları vurğulamaq yoluna üstünlük verir.

ABŞ səfiri Barrakın “legitimlik”lə bağlı mübahisəli çıxışları da bu fonun göstəricisidir.

ABŞ dəstəyi üçün qarşılıqlı güzəştlər

ABŞ-Türkiyə münasibətlərində hər iki tərəf bir sıra mənfəətləri təmin etmək istəyir. Türkiyə tərəfi F-35-lərin yenidən alınması və S-400 sanksiyalarının ləğvini prioritet sayı. Trump administrasiyası isə potensial olaraq bu sahələrdə güzəştlərə gedə bilər, lakin eyni zamanda Türkiyədən bəzi strateji mövzularda güzəştlər gözləyə bilər.

Məsələn, terror təşkilatı kimi tanınan PKK-ya bağlı PYD-YPG qüvvələrinin mövqelərindən imtina, Suriya şimalında yaradılan muxtariyyət layihəsinin sonlandırılması barədə Ankara ilə danışıqlar aparılır. Əvvəlki illərdə belə bir proses müşahidə olunmurdu, amma bu il PKK-nın silahlı mübarizəni dayandırmaq və siyasi həll yoluna yönəlmək barədə müəyyən siqnallar verdiyi görünür.

Digər tərəfdən, Kipr məsələsi uzun müddətdir ABŞ-nin də diqqətindədir. ABŞ Konqresində Türkiyənin şimali Kiprdəki işğalını pisləyən və Kipr problemi həllinin prioritet olmasını tələb edən qərarlar qəbul edilib.

Enerji siyasətində də Türkiyə ilə ABŞ maraqları üst-üstə düşmür: Türkiyənin Yunanıstan və Rumıniya ilə Egey və Şərqi Aralıq dənizi zonasındakı sərhəd ixtilafları hələ də davam edir. Türkiyənin bu bölgədə qaz yataqları uğrunda danışıqlarda güzəştə getməsi və Kipr barışıq prosesində geri addım atması Vaşinqton üçün maraqlı ola bilər.

Həmçinin daxildə legitimliyin bərpası üçün yeni konstitusiya məsələsi gündəmə gəlib. Rəsmi şəxslər belə bir prosesin lazım olduğunu etiraf ediblər: Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bildirib ki, “mövcud Konstitusiya Türkiyənin yükünü daşıya bilmir” və “inşallah ən qısa zamanda yeni konstitusiya prosesi başlanar”.

Beləliklə, ABŞ-dən əldə ediləcək iqtisadi və diplomatik dəstəyin müqabilində, Ankara “daxildə milli barışı təmin edəcək siyasi addımlar” atmağa çalışa bilər.

Strateji dilemma: Daxildəki güc xaricdən asılıdır

Türkiyənin indiki situasiyasında qarşıya çıxan strateji dilemma ondadır ki, daxili etimadı qazanmaq üçün xaricdən dəstəyə arxalanmalıdır, bu isə suverenliyi riskə atır. ABŞ və bir sıra Qərb dairələri tərəfindən Ərdoğan hökumətinə veriləcək hər cür iqtisadi yardım və siyasi dəstək (məsələn, səssiz-küysüz sanksiyaların qaldırılması, yüksək səviyyəli görüşlər) Türkiyənin vəziyyətini rahatlaşdıra bilər. Ancaq eyni zamanda bu, hakimiyyət dairələrində “xarici legitimlik” iddiası yaratmış olur.

Parlament sədri Numan Kurtulmuş (AKP) “legitimliyin yeganə mənbəyi xalqın iradəsidir” deyərək xarici təsirləri rədd edib. Ancaq əslində Barrakın “legitimlik”lə bağlı dedikləri göstərir ki, Ankara beynəlxalq tanınma və dəstəyə ciddi şəkildə ehtiyac duyur. Rəsmi ritorika daxilə hesablanmış olsa da, praktik siyasət Türkiyənin xaricdə legitimlik axtardığını təsdiqləyir.

Prinsipcə, Ankara özünü ABŞ və digər Qərb ölkələrinin gözündə önəmli oyunçu kimi göstərərək daxildə də mövqe gücləndirməyə çalışır. NATO üzvü kimi Türkiyənin istehsal etdiyi döyüş təyyarələri və qaz idxalı sahəsində razılaşmalar Trump administrasiyasının xoşuna gəlmiş görünür.

Türkiyə üçün risk odur ki, bir tərəfdən ABŞ-dən maliyyə və siyasi dəstək gəlir; digər tərəfdən bu, qonşu ölkələrə və beynəlxalq aktorlara Türkiyənin siyasətinə təsir etmək imkanı verir. Belə vəziyyətdə hakimiyyətin ölkə daxilində mövqeyini möhkəmlətmək üçün xaricdən gələn etimad möhürü əldə etməsi həm daxildə, həm də xaricdə imic problemlərinə səbəb ola bilər.

Siyasi legitimlik tamamilə xaricdən əldə olunmur. Əksinə, ekspertlər vurğulayır ki, legitimlik xaricdən alınarsa, hakimiyyət populist etirazlarla üzləşə və iqtidarını itirə bilər.

Ərdoğan höküməti legitimlik axtarışında

Leave A Reply