Fransada etirazlar

Sentyabrın ortaları Fransa üçün sosial gərginliklə dolu keçir. Hökumətin büdcə kəsintiləri və sosial xidmətlərin dondurulmasına dair planları ölkə boyu narazılıq yaradıb.

Son bir həftə ərzində müxtəlif hərəkatlar və həmkarlar ittifaqları ölkənin müxtəlif regionlarında etirazlar və yolları bağlayan aksiyalar təşkil ediblər.

10 sentyabr: “Bloquons Tout” – “Hər şeyi blok edin” hərəkatının etirazları

Fransanın cənubunda, Marseldə, 10 Sentyabr, 2025-ci il, "Hər şeyi bloklayın" hərəkatının etirazları zamanı Fransa polisi etirazçılara gözyaşardıcı qaz bombası atıb \ AP Photo/Philippe Magoni - Fransada etirazlar
Fransanın cənubunda, Marseldə, 10 Sentyabr, 2025-ci il, “Hər şeyi bloklayın” hərəkatının etirazları zamanı Fransa polisi etirazçılara gözyaşardıcı qaz bombası atıb \ AP Photo/Philippe Magoni

Yeni baş nazir Sébastien Lecornunun vəzifəyə başlaması günündə radikal “Bloquons Tout” (“Hər şeyi blok edin”) hərəkatı Paris və bir neçə regionda böyük aksiyalar təşkil edib.

“Associated Press” xəbər verir ki, etirazçılar yolları bağlayıb, tonqallar yandırıb və polis tərəfindən atılan gözyaşardıcı qaza məruz qalıblar.

Aksiyanın məqsədi Makron hökumətinə və yeni baş nazirə təzyiq göstərmək olub; etirazçılar yeni hökumətin də əvvəlki hökumətlər kimi sosial xərcləri azaltmasına qarşı çıxıblar.

Strasburg şəhərində çəkilən fotoşəkildə etirazçının “Varlıları vergiyə cəlb edək” yazılı plakat tutduğu görünür \ The Local France

17 sentyabr: Həmkarlar ittifaqlarının bir günlük ümumi etirazı

17 sentyabrda həmkarlar ittifaqları tərəfindən çağırılan ümumi etiraz bütün ölkədə nəqliyyatın, məktəblərin və ictimai xidmətlərin işini dayandırmasına səbəb olub.

“Associated Press” yazır ki, Paris metrosu və digər nəqliyyat xətləri yavaşlayıb, blokadaların qurulduğu ərazilərdə və yollarda tıxaclar yaranıb. Parisdə gün doğmamışdan əvvəl polis və etirazçılar arasında toqquşmalar baş verib.

Etirazda iştirak edən avtobus sürücüsü Nadya Belhoum hökumətin sərt büdcə tədbirlərinə qarşı çıxaraq yüksək qiymətlər və artan yoxsulluqdan şikayət edib: “Pulu olmayan insanlar limon kimi sıxılırlar; artıq şirə qalmayıb”.

Etirazçı müəllim Claudia Nunez isə dövlət xidmətlərinin dağılması və sosial yükün həmişə eyni təbəqənin üzərinə düşməsi barədə narahatlığını ifadə edib.

Parisdə etirazçılar əllərində "Makron istefa. Ümumi tətil" yazılmış pankart qaldırıblar \ Alain Jocard/Agence France-Presse - Fransada etirazlar
Parisdə etirazçılar əllərində “Makron istefa. Ümumi tətil” yazılmış pankart qaldırıblar \ Alain Jocard/Agence France-Presse

Etirazların əsas tələbləri büdcə kəsintilərinin və sosial müavinətlərin dondurulmasının ləğvi, varlılar və korporasiyalar üçün daha ədalətli vergi sistemi və Makronun 2023‑cü ildə qəbul etdiyi pensiya islahatının geri götürülməsi olub.



18 sentyabr: Fransada kütləvi etiraz günü

Cəmi bir gün sonra, 18 sentyabrda, həmkarlar ittifaqları və sol partiyalar tərəfindən çağırılan kütləvi aksiyalar bir sıra şəhərlərdə yüz minlərlə insanı küçələrə çıxarıb.

“Al Jazeera”“The Guardian” kimi beynəlxalq mənbələr etirazların 2026‑cı il büdcəsinin 44 milyard avro azaldılmasına, pensiyaların dondurulmasına və bəzi tətillərin ləğvinə yönəldiyini qeyd edirlər.

Nəşrlər yazır ki, etirazçılar hökumətin qənaət tədbirlərinin sosial ədalətsizliyə səbəb olduğunu və dövlət xidmətlərini sarsıdacağını deyirlər. Onların tələblərinə aşağıdakılar daxildir:

  • Büdcə kəsintilərinin ləğvi və ictimai xidmətlərin qorunması. Etirazçılar hökumətin pensiyaları dondurmasına, səhiyyə xərclərini artırmasına və tətil günlərini azaltmasına qarşı çıxıblar.
  • Varlıların və böyük korporasiyaların vergilərinin artırılması. Həmkarlar ittifaqları və sol partiyalar əhalinin ən varlı hissəsinin daha böyük vergi yükü daşımasını təklif edən “Zucman vergisi” kimi planları dəstəkləyib. Etirazçılar vergi güzəştlərinin böyük şirkətlərə verilməsini tənqid edərək “Varlıları vergiyə cəlb et” kimi şüarlar səsləndiriblər.
  • Pensiya islahatının geri qaytarılması və Makronun istefası çağırışları. 2023‑cü ildə pensiya yaşının 64‑ə qaldırılmasına səbəb olan islahatlara qarşı narazılıq hələ də davam edib; bəziləri prezidentin istefasını da tələb edib.

“Le Monde” etirazların miqyasını və atmosferini təsvir edərək bildirir ki, bir milyondan artıq insan aksiyalara qoşulub. Fransa Daxili İşlər Nazirliyi isə 506 000 etirazçı olduğunu açıqlayıb. Küçələrdə “Makron, varlıların prezidenti” kimi şüarlar səsləndirilib.

Fransada etirazlar

Leave A Reply