Avropa İttifaqı və Azərbaycan əlaqələri

Avropa İttifaqının (Aİ) Genişlənmə və Qonşuluq siyasəti üzrə komissarı Marta Kosun Bakıya səfəri ikitərəfli münasibətlərdə diqqət çəkən yeni mərhələnin anonsu kimi dəyərləndirilir.

Komissar Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşərək enerji, nəqliyyat-logistika və minatəmizləmə sahələrində əməkdaşlığın inkişafını müzakirə edib. Proqram çərçivəsində Kos Ağdama da səfər edərək Aİ tərəfindən dəstəklənən minatəmizləmə layihələri ilə tanış olub.

Marta Kos görüşlərdən sonra verdiyi açıqlamada tərəfdaşlığın qarşılıqlı hörmət, dialoq və ortaq maraqlar üzərində qurulduğunu vurğulayıb. O, münasibətləri “daha da yüksək səviyyəyə qaldırmaq” niyyətini ifadə edib.

Bu ritorika Brüsselin son aylarda Cənubi Qafqazla fəallaşan siyasi dialoqunun davamı kimi dəyərləndirilir.

Gündəlikdəki məsələlər

Aİ Komissarı Marta Kosun Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşündən \ president.az

2022-ci ildə imzalanmış Aİ-Azərbaycan enerji memorandumu hələ də əməkdaşlığın əsas sənədi olaraq qalır. Sazişə görə, Cənub Qaz Dəhlizinin ötürücülük gücü 2027-ci ilə qədər ildə ən azı 20 milyard kubmetrə çatdırılmalıdır.

Avropa İttifaqı artıq qısamüddətdə Azərbaycan qazının idxal həcmlərini artırıb. Bunun həm Brüsselin Rusiyadan enerji asılılığını azaltmaq strategiyasına, həm də Bakının öz ixrac bazarlarını şaxələndirmək siyasətinə cavab verdiyi deyilir.

Komissarın səfərində müzakirə olunan ikinci əsas sahə nəqliyyat və logistika olub. Avropa İttifaqı Orta Dəhlizin (Çin-Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Avropa) səmərəliliyinin artırılmasında maraqlı tərəfdaş olduğunu bəyan edib.

Ekspertlər qeyd edir ki, Azərbaycanın liman və dəmir yolu infrastrukturunun Aİ ilə inteqrasiyası yük axınlarının artımına təkan verə, Bakı üçün tranzit gəlirlərini yüksəldə bilər.



Aİ, həmçinin, uzun müddətdir azad edilmiş ərazilərdə minatəmizləmənin əsas donorlarından biridir. Avropa maliyyəsi və texniki dəstəyinin insanların təhlükəsiz qayıdışını sürətləndirmək, həmçinin bölgədə iqtisadi aktivliyi artırmaq məqsədi daşıdığı qeyd olunur.

Marta Kosun Bakıya səfəri Aİ-Azərbaycan münasibətlərində yalnız enerji deyil, həm də daha geniş gündəmin – nəqliyyat, rəqəmsal əməkdaşlıq, təhlükəsizlik və humanitar layihələrin ön plana çıxdığının nümayişi hesab edilir.

Bu istiqamətlərin hər birinin qarşıdakı illərdə tərəflərin həm siyasi, həm də iqtisadi münasibətlərinin strukturunu formalaşdıracağı gözlənilir.

Avropa İttifaqı və Azərbaycan əlaqələri

Leave A Reply