SOCAR-ın yatırımları və ölkədə işçi ixtisarları
Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR son illərdə dünya miqyasında atdığı addımlarla daha çox diqqət çəkir. Şirkət milyardlarla dollarlıq layihələrə qoşulur, yeni zavodlar və enerji aktivləri alır, yaşıl enerji sahəsində ortaq müəssisələr yaradır.
Bütün bunların fonunda Azərbaycanda fərqli bir mənzərə yaşanır: SOCAR son 15 ildə 31 500 nəfəri işdən azad edib.
Bu fakt ictimaiyyət arasında çox vaxt “hamını bəzər, özü lüt gəzər” atalar sözü ilə təsvir olunur. Xaricdə böyük ad qazanan, ölkə daxilində isə iş yerlərini azaldan bir dövlət şirkəti obrazı yaranır.
Gəlin son illərdə 3 min 627 nəfəri işsiz qoyan dövlət şirkətinin yatırım cəhdlərinə və qoşulduğu layihələrə nəzər salaq

2022-ci ildən başlayaraq SOCAR-ın xarici fəallığı daha da genişlənib. Həmin il şirkət Türkiyədə “Mercury” adlanan iri petrokimya zavoduna sərmayə planlarını müzakirə edib, dəyəri 1,6-2 milyard dollar olan bu layihə hələlik təxirə salınsa da, SOCAR geri addım atmayıb.
Elə həmin il Avropa İttifaqı ilə qaz ixracını ikiqat artırmaq barədə memorandum imzalanıb. Bu, TANAP qaz kəmərinin 4 milyard dollara yaxın vəsait hesabına genişləndirilməsi deməkdir. İndi isə bu sərmayənin böyük hissəsini SOCAR özü maliyyələşdirməlidir.
2023-cü ildə SOCAR artıq yeni bazarlara daxil olub. Özbəkistanla əməkdaşlıq sazişi imzalanaraq hasilat layihələrində birgə iştirak qərara alınıb.
Bundan əlavə İsraildə Aralıq dənizi sahillərində qaz kəşfiyyatı üçün üç illik lisenziya alınıb.
Şirkət Balkanlarda da mövqelərini gücləndirib – Rumıniya qaz bazarına daxil olub. Sinqapurda isə LNG ticarətini genişləndirib. Yəni SOCAR təkcə hasilat və emal deyil, həm də beynəlxalq enerji ticarətində öz mövqeyini möhkəmlətməyə çalışıb.
- AŞPA məruzçisi “Abzas Media” jurnalistlərinə həmrəyliyini ifadə edib
- Emin Mahmudovun qol sevinci: Rekord və sosial şəbəkələrdə “dini” iddialar
- Azərbaycanlı jurnalist nüfuzlu beynəlxalq media mükafatına layiq görülüb
Ən böyük sıçrayış isə 2024-cü ildə baş verib. SOCAR Birləşmiş Ərəb Əmirliklərində ADNOC ilə birlikdə Umm Lulu və SARB neft yataqlarında 3% pay əldə edib, bu da şirkətə hər il 2,8 milyon barel hasilat imkanı qazandırıb.
Həmçinin İsraildə Tamar yatağının 10%-lik səhmlərinin alınması üçün müqavilə imzalanıb, bu payın dəyəri 1,25 milyard dollar qiymətləndirilir. Paralel olaraq SOCAR Azərbaycanda bərpa olunan enerji layihələrinə də girişib – Masdar şirkəti ilə birlikdə 1 QVt gücündə külək və günəş stansiyaları, BP ilə isə Cəbrayılda 240 MVt-lıq günəş elektrik stansiyası inşasına başlayıb.
Türkiyədə isə yeni poliolefin zavodu üçün 7 milyard dollarlıq sərmayə planı elan edilib.
Üstəlik, SOCAR hazırda İtaliyanın “Italiana Petroli” şirkətini almağa hazırlaşır. 200 min barel/gün gücə malik bu neft emalı zavodu və 4 500 yanacaqdoldurma məntəqəsi ilə SOCAR-ın Aralıq dənizi bazarında mövqeyi daha da güclənəcək. Razılaşmanın dəyəri təxminən 2,5 milyard avro qiymətləndirilir. Bu isə şirkətin Türkiyədəki STAR zavodundan sonra regiondakı ikinci böyük emal gücü olacaq.
Bütün bu satınalmalar və sərmayələr SOCAR-ın beynəlxalq miqyasda imicini gücləndirsə də, Azərbaycanda işçilərin ixtisarı narazılıq doğurur. Əslində, şirkət həm dövlətə, həm də xalqa məxsusdur və ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır. Amma görünən odur ki, SOCAR daha çox beynəlxalq nüfuz və xaricdə mövqelərini gücləndirməyə önəm verir.
Bu isə haqlı olaraq sual doğurur: Azərbaycanın ən iri dövlət şirkəti xalqın sərvətini kim üçün sərf edir – xaricdə nüfuz qazanmaq üçünmü, yoxsa ölkə vətəndaşlarının rifahı üçünmü?
SOCAR-ın yatırımları və ölkədə işçi ixtisarları