Azərbaycanlı jurnalist mükafat alıb
“Abzas Media” nəşrinin həbsdə olan jurnalisti Nərgiz Absalamova “Azad Media” mükafatına layiq görülüb.

Norveçin “Fritt Ord” və Almaniyanın “ZEİT” fondlarının təsis etdiyi mükafat hər il Şərqi Avropada keyfiyyəti, peşəkarlığı və cəsarəti ilə seçilən jurnalistlərə və media qurumlarına verilir.
Sentyabrın 9-da bu ilki qalibləri elan edən təsisçilər Nərgiz Absalamovanın “Abzas Mediada cəsarətli reportajlarına və qısa sənədli filmlərinə” görə mükafata layiq görüldüyünü bildiriblər.
Mükafatla bağlı məlumatda qeyd edilir ki, Absalamova özünü ətraf mühit, korrupsiya və sosial hüquqlara dair məsələləri işıqlandırmağa həsr edib, həssas yerli icmaların, ayrıseçkiliyə məruz qalan qadınların, gənclərin səsini eşitdirib.
Təsisçilər 27 yaşlı jurnalistin peşə fəaliyyətini yerinə yetirərkən bir neçə dəfə polis zorakılığına məruz qaldığını, kamerasının müsadirə edildiyini, daha sonra isə uydurma valyuta qaçaqmalçılığı ittihamı ilə həbs edildiyini vurğulayıblar.
Nərgiz Absalamova 2023-cü ilin dekabrın 1-də valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunub. Ona və “Abzas Media”nın digər həbs edilən jurnalistlərinə qarşı ittihamlar sonradan daha da ağırlaşdırılıb. Bu ilin iyun ayında Absalamova 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Azərbaycanda son aylarda doqquz qadın jurnalistin maliyyə ittihamları ilə həbs edildiyinə diqqət çəkən “Fritt Ord” və “ZEİT” fondları qadın jurnalistlərə qarşı hücumların onları ictimai həyatdan uzaqlaşdırmaq məqsədi güddüyünü əlavə ediblər.
“Bu, sadəcə Azərbaycanda mətbuat azadlığı ilə bağlı xəbərdarlıq deyil, avtoritar ölkədə bir qadın üçün jurnalistika ilə məşğul olmaq həm çətin, həm də təhlükəlidir”, – məlumatda bildirilir.
“Azad Media” mükafatının bu ilki qalibləri sırasında Nərgiz Absalamova ilə yanaşı Gürcüstanda həbsdə olan jurnalist Mzia Amaqlobeli, Ukraynadan “Qvara Media”, Macarıstandan “Direkt36” onlayn media platforması, Rusiyadan fotojurnalist Aleksandra Astaxova və Belarusdan Belarus Araşdırma Mərkəzi yer alıb.
- Əfqanıstanda zəlzələdən təsirlənən qadınlar köməksiz qalıb
- Milli Fernando Santuşla yolları ayırdı – AFFA yenə təzminat ödəməli olacaq
- Naxçıvanda azyaşlıya dəfələrə təcavüz edilib
2004-cü ildən bəri təltif edilən mükafata bugünədək Azərbaycandan müxtəlif illərdə “Azadlıq” qəzeti, “ANTV”, “Obyektiv TV”, “Meydan TV” kimi media orqanları, jurnalistlər Natiq Cavadlı, Şahvələd Çobanoğlu, Zamin Hacı, Xədicə İsmayılova, Mehman Hüseynov, Təhminə Tağızadə, Seymur Həzi, Hafiz Babalı və fotojurnalist Əziz Kərimov layiq görülüblər. Bundan əlavə, mükafatın ötən ilki qalibləri arasında “qətiyyətli və sistemli şəkildə apardığı korrupsiya araşdırmalarına görə” “Abzas Media” da yer alıb.
Korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media”ya qarşı təqiblər 2023-cü ilin noyabrında başlayıb. Nəşrin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər.
Daha sonra, “Azadlıq Radiosu” ilə əməkdaşlıq edən jurnalist Fərid Mehralızadə də “Abzas Media işi” çərçivəsində həbs edilib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Fərid Mehralızadə və Hafiz Babalının hər biri 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalovsa 7 il 6 ay azadlıqdan məhrum edilib. Onlar qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlarla təqsirli biliniblər.
Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində jurnalistlərin apellyasiya şikayəti təmin edilməyib və onlar barəsindəki hökmü qüvvədə saxlanılıb.
Absalamova və həmkarları həbslərini peşəkar jurnalist fəaliyyətləri əlaqələndirir, hakim ailə də daxil olmaqla, yüksək vəzifəli şəxslərin korrupiya əməllərini araşdırdıqlarına görə cəzalandırıldıqlarını bildirirlər.
Azərbaycan hökuməti jurnalistlərin konkret cinayət əməllərinə görə həbs edildiyini bildirsə də, beynəlxalq insan hüquqları təşkilatları hökumətə tənqidi mövqeyi ilə seçilən müstəqil media orqanlarının hədəf alınmasını siyasi motivli, jurnalistlərə qarşı ittihamları qondarma hesab edirlər.
Azərbaycanlı jurnalist mükafat alıb