Millinin baş məşqçisinin müqaviləsinə xitam verilib

Azərbaycan milli komandasının baş məşqçisi Fernando Santuşla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qərar AFFA tərəfindən “2026 Dünya çempionatı”nın seçməsində İslandiyaya 0:5 məğlubiyyətdən sonra açıqlanıb.

Milli baş məşqçisinin müqaviləsinə xitam verilib - Fernando Santuş | Getty Images
Fernando Santuş | Getty Images

Federasiya bildirib ki, növbəti, Ukrayna ilə olacaq oyunda komandaya U-21-in məşqçisi Ayxan Abbasov başçılıq edəcək.

Santos 2024-cü ilin iyununda 3+1 illik anlaşma ilə milli komandanın başına gətirilmişdi. Onun dövründə Azərbaycan yığması 11 oyun keçirib: 0 qələbə, 2 heç-heçə, 9 məğlubiyyət (top fərqi 4:29).

İslandiya məğlubiyyətində yığma ilk 30 dəqiqədə 5 qol buraxıb; bu, seçmələrin startında ən ağır nəticələrdən biri olub və qərarın sürətlə verilməsinə təkan verib.

Müqavilə şərtləri və təzminat iddiaları

AFFA rəsmi olaraq təfərrüatları açıqlamayıb. Yerli mediada isə müxtəlif rəqəmlər səslənir: bəziləri müqavilənin “3+1” formatda olduğunu yazır, digərləri isə vaxtından əvvəl ayrılma halında hər qalan il üçün 1 milyon avro ödəmə şərtindən bəhs edir.

“3+1 formatı” məşqçi müqavilələrində tez-tez istifadə olunan bir modeldir. Bunun mənası odur ki, əsas müqavilə 3 illik imzalanır, daha bir il isə şərti (opsional) müddət kimi əlavə olunur.

Bu “+1 il” adətən müəyyən şərtlərə bağlı olur: məsələn, tərəflərin razılığı, komandanın nəticələri, federasiyanın qərarı və ya müqavilədə göstərilən digər göstəricilər.

Yəni praktiki olaraq Santosun AFFA ilə müqaviləsi 3 il zəmanətli, üstəgəl 1 il uzadılma ehtimalı olan anlaşma idi.

Bundan əlavə, bəzi saytlar Santosun 4,5 milyon avro təzminat tələb etdiyini iddia edib. Bu məlumatlar AFFA tərəfindən təsdiqlənməyib.

Santos məğlubiyyətdən sonra mətbuata “Niyə istefa verməliyəm? İstefa verən məşqçini göstərin” məzmunlu açıqlaması da gündəm olub; o, karyerası boyunca adətən postunu könüllü tərk etməsi ilə tanınmır.



Məşqçi müqavilələrində təzminat necə işləyir?

Futbol dünyasında baş məşqçi müqavilələri oyunçu müqavilələrinə bənzər şəkildə işləyir. Əgər federasiya və ya klub müqaviləni vaxtından əvvəl pozursa, məşqçi adətən təzminat tələb edə bilir. Bu, “müqaviləni birtərəfli pozma” prinsipi ilə bağlıdır.

Əgər müqavilə “3+1 il”dirsə, ilk 3 il qarantiyalıdır, yəni məşqçi o illərin maaşını tam tələb edə bilər. “+1 il” isə seçimdir – yalnız federasiya və ya məşqçi şərtlərə uyğun qərar verəndə aktiv olur. Əgər aktivləşdirilməyibsə, təzminata daxil edilmir.

Federasiya işdən çıxarsa, məşqçi müqavilədəki qalan maaşları və bonusları kompensasiya kimi tələb edə bilər. Məşqçi istefa versə, adətən təzminat almaq hüququ olmur, əksinə, bəzi hallarda federasiyaya kompensasiya ödəməli ola bilər. Qarşılıqlı razılaşmada isə tərəflər gizli danışıqlar apararaq daha kiçik bir məbləğdə razılaşır.

Bəzi müqavilələrdə isə xüsusi maddələr olur. Məsələn, komanda müəyyən turnirdə uğursuz olarsa, federasiya daha az təzminat ödəməklə müqaviləni poza bilər. Əks halda, nəticədən asılı olmayaraq, məşqçinin bütün maaşı ödənilməlidir.

Yəni sadə dillə desək, məşqçi müqaviləni özü pozmasa, demək olar ki, pulunu almaq hüququ var. Ona görə də çox məşqçi uğursuz nəticələrdən sonra belə istefa vermir, çünki istefa verən təzminatdan məhrum olur.

Fernando Santosun vəziyyəti

Azərbaycan mediasında yayılan iddiaya görə, Santos 4,5 milyon avro təzminat istəyib. Bu, yəqin ki, müqavilənin qalan illərinin maaşlarının cəmi deməkdir.

AFFA isə rəsmi olaraq təzminatın məbləğini açıqlamayıb, yalnız “qarşılıqlı razılaşma”dan danışıb. Bu da çox güman ki, daha aşağı bir məbləğdə gizli anlaşma olub.

Millinin baş məşqçisinin müqaviləsinə xitam verilib

Leave A Reply