Azərbaycan, məhkəmə
Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə iclasdan əvvəl jurnalist Fərid İsmayılov deyib: “Umbakı Təcridxanasında saxlanılan ictimai fəal Nicad İbrahim təcridxana rəisinin otağında Pərviz adlı rejim rəisi tərəfindən döyülüb. Onu o qədər döyüblər ki, yer bütün qan olub. Sonra N.İbrahimə deyiblər qanı silsin. O da bundan imtina edəndə özünü yerdə sürüyüb, qanı elə siliblər”.
O, Umbakıda hicab qadağasına etiraz olaraq aclıq edən inanclı məhbusların da fiziki zorakılığa məruz qaldığını deyib. Penitensiar Xidmət bu iddialar barədə hələlik açıqlama verməyib.
İsmayılov sonra hakimlərə müraciət edib: “Sizin üzünüzü görmək istəmirəm, sizin məhkəməni məhkəmə hesab etmirəm”, və zaldan çıxarılıb. Toplum TV-nin yazdığına görə, “III Respublika” Platformasının spikeri Akif Qurbanov hakim Zəfər Əhmədova “Bütün vəsatətlərimizi rədd edirsən, burada təlxəklik edirsən. Etdiyin bu şoular tarixə düşəcək” deyib. Hakim prosesi üç vəkilin gəlməməsi ilə əsaslandıraraq təxirə salıb, halbuki digər vəkillər zalda olub.
Bakı Ağır Cinayətlər Məhkəməsi iyulun 27-də bu işdə Akif Qurbanov və Ruslan İzzətliyə 15 il, Ələsgər Məmmədli və Əli Zeynala 14 il, Ramil Babayev, İlkin Əmrahov və Müşfiq Cabbara 13 il, Fərid İsmayılova 12 il, Elmir Abbasova 11 il 11 ay 28 gün həbs cəzası verib.
Nicad İbrahim isə 2025-ci ilin iyulunda qəsdən ağır xəsarət yetirmək ittihamı ilə 6,5 il həbs alıb, apellyasiya məhkəməsi hökmü saxlayıb. O, təqsirini qəbul etmir və hakimiyyəti tənqid etdiyi üçün təqib olunduğunu deyir.
Foto: Fərid İsmayılov, arxiv.


