Azərbaycan, qiymətlər
Oktyabrda kənd yumurtası 25 qəpikdən 45-50 qəpiyə qalxıb. Satıcılar bunu mövsümlə izah edir, Meydan TV-yə danışan mütəxəssis Vahid Məhərrəmov isə deyir ki, sənaye üsulu ilə alınan yumurtanın bahalaşmasının mövsümlə əlaqəsi yoxdur: “Bu, birmənalı olaraq “kartel” sövdələşməsidir”.
Məhərrəmovun sözlərinə görə, ilin əvvəlində 17 manat 50 qəpik olan ət indi 20 manatdır, kartof 60 qəpikdən 1 manat 10 qəpiyə, soğan 50-55 qəpikdən 1 manat 10 qəpiyə, yerkökü bir ayda 1 manatdan 1 manat 50 qəpiyə qalxıb. Pomidor və xiyar ən azı 30-40 faiz bahalaşıb. O, kərə yağı bazarında da inhisar olduğunu, ucuz idxala imkan verilmədiyini iddia edir.
Dövlət Statistika Komitəsinə görə isə doqquz ayda istehlak qiymətləri 5,7 faiz, ərzaq 6,7 faiz artıb. Məhərrəmov deyir ki, rəqəmlər marketlərdə endirim olan günlərin qiymətləri ilə hesablanır. Komitə və Antiinhisar Agentliyi bu iddialara hələlik cavab verməyib.
Yumurta bazarı bu il kəskin dəyişib: iyunda artıq təklif səbəbindən bəzi marketlərdə yumurta 1-4 qəpiyə düşmüşdü. Yumurta istehsalçılarının assosiasiyasının rəhbəri Mürvət Həsənli avqustda pərakəndə qiymətin 13-17 qəpik olduğunu demiş, sentyabrdan sonra kənd yumurtasının bahalaşacağını gözlədiyini bildirmişdi. Məhərrəmov isə indi sənaye yumurtasının 19 qəpiyə qalxdığını deyir.
Foto illüstrativdir.


