Azərbaycan, həbsxana
AXCP-nin Nərimanov şöbəsinin sədr müavini Gülnarə Rəhimova sosial şəbəkədə bildirir ki, Kürdəxanı təcridxanasında saxlanılan partiya üzvü Mətanət Turan tromboz və ginekoloji xəstəliklərdən əziyyət çəkir, amma 15 gündən çoxdur müayinə olunmur.
Rəhimovanın sözlərinə görə, Turan ailəsi ilə görüşə də buraxılmır, telefon danışıqları yarımçıq kəsilir. Təcridxana rəisi məsuliyyəti müstəntiqin üzərinə atır, müstəntiq isə belə məhdudiyyət qoymadığını deyir. Penitensiar Xidmət bu barədə hələlik açıqlama verməyib.
Turan oktyabrın 13-də hicab qadağasına qarşı etiraz aksiyasında saxlanılıb. Barəsində əvvəlcə ev dustaqlığı seçilib, prokurorluğun protestindən sonra Sumqayıt Apellyasiya Məhkəməsi oktyabrın 17-də iki aylıq həbs seçib. O, ictimai qaydanı pozan hərəkətləri təşkil etmə maddəsi ilə ittiham olunur.
Nazirlər Kabineti sentyabrın 21-də şagirdlərin, oktyabrın 6-da müəllimlərin geyim qaydalarını dəyişib. Qərarlarda hicabın adı çəkilməsə də, hicablı şagird və müəllimlər məktəbə buraxılmır. Daxili İşlər Nazirliyi oktyabrın 12-də etirazlarla bağlı 37 nəfərin həbs olunduğunu açıqlayıb, onların ictimai qaydanı pozmağa cəhd etdiklərini deyib.
Foto illüstrativdir.


