Adnan Əhmədzadənin həbsi
SOCAR-ın (ARDNŞ) rəhbər strukturlarında illərlə çalışmış sabiq rəsmisi Adnan Əhmədzadə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qərar Bakı şəhəri Səbail Rayon Məhkəməsində verilib. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparır.
Yayılan məlumatlarda ona iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə ittihamlarının irəli sürüldüyü göstərilir.
“Azeri Light”da xlorid qalmaqalı
Bu ilin iyulunda Avropa emalçılarında Azərbaycan mənşəli xam neftdə (Azeri BTC/Azeri Light) üzvi xlorid çirklənməsi aşkarlanıb. OMV (Avstriya) çirklənməni yük göndərişlərində tapdığını bildirərək partiyaları geri çevirib; Eni (İtaliya) də sistemində xlorid izləri göründüyünü açıqlayıb.
BP Ceyhanda keyfiyyətə nəzarətin gücləndirildiyini, kontaminasiya xəbərlərindən sonra da yükləmələrin davam etdiyini deyib.
Rumıniyada OMV Petrom iyulda 92 min tonluq partiyanı boşaltma zamanı rədd edib, daha bir analoji partiyanı isə Ceyhanda yükləmədən imtina edib. Şirkət “mənbənin yükləmə limanı Ceyhan olduğu”nu rəsmi yazışmalarda qeyd edib. Hadisə ölkənin yanacaq təchizatı barədə fövqəladə narahatlıq yaratmışdı.
Bazar təsiri də dərhal hiss olunmuş, Azeri Light diferensialı iyul-avqustda Dated Brent üzərinə cəmi $0,45/b civarına enmişdi (daha əvvəl +$4/b-dən yuxarı idi). Yükləmələr sentyabrda orta hesabla 550 min b/s proqnozlaşdırılıb.
“Rusiya izi” iddiası nədir?
Avqustun əvvəlində Rumıniya mediası “Rusiyanın bilərəkdən kontaminasiya” ssenarisinin araşdırıldığını yazdı. Bəzi materiallarda bu, sabotaj kimi təqdim olunur.
Lakin indiyə qədər rəsmi qurumlardan qəti sübut açıqlanmayıb. Söhbət yalnız istiqamətverici istintaq versiyasından gedir.
Əhmədzadə işinin bu fonla əlaqəsi necə qurulur?
Həbsindən sonra bir sıra yerli mediada Adnan Əhmədzadənin “Azeri Light”ın digər xam və ya emal olunmuş məhsullarla qarışdırılması (mixing/blending) sxemlərində rol aldığı iddia edilir. Bəzi yazılarda hətta Rusiya mənşəli xammal və ya 3-cü tərəf məhsulları ilə qanunsuz qarışdırma versiyası da səsləndirilir.
Bu iddialar DTX istintaqı gedən materiallar kimi təqdim olunsa da, rəsmi ittiham aktı ictimaiyyətə açıqlanmayıb. Bu səbəblə, hazırda bu əlaqə hüquqi cəhətdən təsdiqlənmiş fakt deyil.
- Fransada büdcə kəsintiləri və sosial xidmətlərin dondurulmasına qarşı etirazlar keçirilir
- Azərbaycan-İsrail əlaqələri: İki millət, bir dövlət
- Emin Mahmudovun qol sevinci: Rekord və sosial şəbəkələrdə “dini” iddialar
Kimdir Adnan Əhmədzadə?
Əhmədzadə 2000-ci illərdən SOCAR-ın marketinq/iqtisadi əməliyyatlar blokunda, daha sonra SOCAR Trading və sərmayələr/marketinq üzrə vitse-prezident xəttində vəzifələr tutub. 2019-da struktur dəyişikliklərində onun yerinə yeni təyinatlar olmuşdu.
Son illər o, özəl ABDA Invest Holding ilə assosiasiya olunur.
Əhmədzadə təkcə neft biznesi ilə deyil, həm də şou-biznes və idman dünyası ilə əlaqələri ilə gündəmdə olub. 2024-cü ildə dünyaca məşhur futbolçular Lionel Messi və Ronaldinyo Azərbaycana məhz onun təşəbbüsü ilə gətirilmişdi. Həmçinin “Barselona” klubunun rəhbərliyi ilə yaxın münasibətlər qurduğu da bildirilir.
Adnan Əhmədzadənin həbsi