ABŞ-da hökumət bağlandı

ABŞ-da hökumətin uzunmüddətli bağlanması (“shutdown”) ölkə iqtisadiyyatına ciddi zərbə vura bilər. Bu barədə Ağ Evin İqtisadi Müşavirlər Şurasının (Council of Economic Advisers – CEA) hazırladığı və “POLITICO“nun əldə etdiyi məruzədə qeyd olunur.


Sənəddə vurğulanır ki, hökumətin bağlı qalması ABŞ-ın ümumi daxili məhsulunu (ÜDM) hər həftə 15 milyard dollar azaldacaq. Əgər “shutdown” bir ay davam etsə, bu, əlavə 43 min insanın işsiz qalması ilə nəticələnəcək.

Məruzədə həmçinin qeyd olunub ki, 1,9 milyon federal işçi ya məzuniyyətə göndərilib, ya da əməkhaqqısız işləməyə məcburdur. Onların 80 faizi Vaşinqton bölgəsində yaşayır.

İqtisadi müşavirələr zamanı həmçinin xəbərdarlıq edilib ki, istehlak xərcləri bir aylıq “shutdown” zamanı 30 milyard dollar azalacaq. Bunun yarısı federal işçilərin gəlir itkisindən, digər yarısı isə digər sahələrə zəncirvari təsirdən yaranacaq.

İkinci və üçüncü dəfə Tramp dövründə

ABŞ tarixində hökumətin fəaliyyətinin dayanması (“shutdown”) bir neçə dəfə baş verib. Donald Trampın prezidentliyi dövründə bu, iki dəfə yaşanıb. 2018-ci ilin yanvarında büdcə ilə bağlı qarşıdurma nəticəsində federal hökumət üç günlüyünə bağlanmışdı. Həmin ilin dekabrında isə ABŞ tarixinin ən uzun “shutdown”u – 35 gün davam edən böhran yaşanıb. Bu böhran Tramp administrasiyasının Meksika ilə sərhəddə divar tikintisi üçün vəsait tələb etməsi səbəbindən baş vermişdi və yüz minlərlə federal işçi əməkhaqqısız qalmışdı.

Trampdan əvvəl də bu hal yaşanıb. Bill Klintonun prezidentliyi dövründə 1995-96-cı illərdə hökumət iki dəfə, ümumilikdə 26 gün fəaliyyətini dayandırıb. Hər iki “shutdown” Respublikaçılarla Demokratlar arasında büdcə və sosial xərclərlə bağlı kəskin qarşıdurmadan qaynaqlanıb.

İkinci dəfəsi Trampın ilk seçildiyi dövrə təsadüf edən “shutdown” üçüncü dəfə də Trampın seçildiyi dövrdə yaşanıb.

Sosial və infrastruktur təsirlər

Məruzədə hökumətin bağlı qalmasının sosial proqramlara və gündəlik xidmətlərə təsirləri də sadalanıb:

  • Qadınlar, körpələr və uşaqlar üçün qida dəstəyi proqramı (WIC) oktyabrda maliyyəsiz qala bilər;
  • “Head Start” məktəbəqədər təhsil proqramlarının maliyyələşməsi dondurula bilər;
  • Sosial Müdafiə və sağlamlıq xidmətlərində vətəndaşların müraciətlərinə cavab müddətləri uzanacaq;
  • Hava limanlarında TSA əməkdaşları və hava nəzarətçiləri maaşsız işləməyə davam etsələr də, işə gəlməmələrin artması uçuşlarda gecikmələrə və xaosa səbəb ola bilər.


Siyasi mübarizə və ittihamlar

Ağ Ev rəsmiləri bu məruzəni Respublikaçılara göndərməyi planlaşdırır. Məqsəd böhranın məsuliyyətini Demokratların üzərinə yönəltməkdir. Ağ Ev sözçüsü Kuş Desai deyib:

“Uzunmüddətli hökumət bağlanmasının iqtisadi nəticələrinin məsuliyyəti Senat Demokratlarının üzərindədir. Onlar federal hökuməti və ölkəni girov saxlayaraq qanunsuz miqrantlara pulsuz səhiyyə verməyə çalışırlar”.

Lakin son rəy sorğuları göstərir ki, seçicilər böhrana görə daha çox Respublikaçıları günahlandırır.

Əlavə iqtisadi təzyiq

Məsələ Tramp administrasiyasının gömrük tarifləri ilə bağlı siyasətinə diqqəti daha da artırıb. ADP şirkətinin açıqladığı məlumatda deyilir ki, yalnız sentyabr ayında ABŞ-da 32 min özəl sektor iş yeri itirilib.

Məruzədə xəbərdarlıq edilir ki: “Shutdown”un davam etməsi ABŞ-da iqtisadi artımı zəiflədə, işsizliyi artıraraq gündəlik həyatı – sosial təminatdan hava nəqliyyatına qədər geniş miqyasda poza bilər.

ABŞ-də hökumət bağlandı

Leave A Reply