Azərbaycan-Ermənistan yaxınlaşması

19-21 sentyabr tarixlərində Bakıda keçirilmiş üçüncü Baku Təhlükəsizlik Forumuna Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti ilə qatılıb.

Bu hadisə Nikol Paşinyanın yeddi ildən çox davam edən hakimiyyəti dövründə Bakıya gələn ən yüksək rütbəli erməni məmurunun səfəri hesab edilir.

“Bakı Təhlükəsizlik Forumu” terror hücumları və silahlı münaqişələr zamanı humanitar böhranların qarşısının alınmasında təhlükəsizlik qurumları arasında əməkdaşlığın roluna həsr olunmuşdu. Rəsmi bəyanat səfərin təfərrüatlarını açıqlamasa da, səfərin 2023‑cü ildə Qarabağda aparılan son hərbi əməliyyatın ikinci ildönümündə elan edilməsi də diqqət çəkib.

Səfər sentyabrın 5-də Azərbaycan və Ermənistanın sərhəd müəyyənləşdirmə komissiya rəhbərlərinin qarşılıqlı səfərlərindən sonra bu ay daxilində ikinci rəsmi sərhəd keçididir.

ABŞ və Avropanın vasitəçiliyi ilə avqustun 8-də Vaşinqtonda imzalanmış ilkin razılaşmalar əsasında tərəflər sülh müqaviləsinin ilkin mətnini razılaşdırıblar və Naxçıvanı Ermənistan ərazisindən keçməklə Azərbaycana bağlayacaq “TRIPP” yolunu yaratmaq barədə razılıq əldə ediblər. Razılaşmadan sonra Nikol Paşinyan və İlham Əliyev münasibətlərin normallaşdırılmasının mümkün olduğunu bəyan ediblər.

“First lady diplomatiyası”

Anna Akobyan və Mehriban Əliyeva \ ig.com/firstvicepresidentazerbaijan - Azərbaycan-Ermənistan yaxınlaşması
Anna Akobyan və Mehriban Əliyeva \ ig.com/firstvicepresidentazerbaijan

Simonyanın səfərindən iki həftə əvvəl, sentyabrın 1-də, Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) genişlənmiş formatda sammiti çərçivəsində bir foto paylaşıldı.

Azərbaycanın Birinci vitse prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva Çin prezidenti Si Cinpinin həyat yoldaşı Pen Liyuan, habelə Türkiyənin və digər ölkələrin liderlərinin həyat yoldaşları ilə birgə Hayxe çayı boyunca qayıq gəzintisinə çıxıblar. Gəzinti zamanı Mehriban Əliyeva Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan ilə birgə əl sıxışan zaman foto çəkdirib və paylaşıblar.

Özbəkistanın “Qalampir” portali isə belə yazırdı: “Nikol Paşinyan adətən beynəlxalq tədbirlərə həyat yoldaşını aparmasa da, bu dəfə Anna Akopyanı Çinə gətirmişdi və o, Türkiyənin birinci xanımı Emine Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən “isti qarşılandı”.

Məqalədə qeyd olunurdu ki, bu görüş tarixi gərginliklərə baxmayaraq səmimi münasibətlərin nümayişi kimi qiymətləndirilə bilər.

Qarabağ Universitetində səslənən sərt tənqidlər

Bu yaxınlaşmanın fonunda – cəmi bir il öncə, 20 sentyabr 2024‑də İlham Əliyev Xankəndidəki (Qarabağ Universiteti) tələbə və müəllim heyəti ilə görüşdə fərqli bir ton sərgiləmişdi.

O, münaqişənin hərbi yolla həll edilə bilməyəcəyini iddia edən tezislərə qarşı çıxaraq bildirirdi ki, qeyri‑hökumət təşkilatlarının xətti ilə keçirilən müxtəlif seminarlar vasitəsilə “xarici dairələrə satılmış” azərbaycanlılar ermənilərlə “cici‑bacılıq edir, sövdələşir və birgə məclislər təşkil edirdilər”.

Dövlət başçısı belə təmasları və sülh çağırışlarını milli məğlubiyyətlə razılaşma kimi dəyərləndirərək kəskin tənqid etmişdi.



Maraqlıdır ki,

Simonyanın Bakıya gəlişi və birinci xanımların Çində səmimi görüntüləri iki ölkə arasında yeni mərhələnin başlanğıcı kimi təqdim olunur.

2024‑cü ildə İlham Əliyev qeyri‑rəsmi təmasları sərt tənqid edərkən, bu ilin payızında hökumət səviyyəsində belə görüşlər müşahidə edilir. Bəzi müşahidəçilər bunu Vaşinqton və Brüssel vasitəçiliyi ilə davam edən sülh prosesinin təzahürü kimi izah edirlər.

Əslində görünən mənzərə isə belədir: Bütün sahələrdə olduğu kimi Əliyev və ailəsi sülh sahəsində də öz monopoliyasını qurmağa çalışır. Özünü xalqın qəhrəmanı elan edən İlham Əliyev müharibədən müzəffər çıxdığı kimi, sülh danışıqlarında da sadəcə öz imzasının olmasını istəyir.

Hazırda dövlət səviyyəsində “cici-bacılıq edən” Azərbaycan onun “icazəsi olmadan” sülh və yaxınlıq qurmağa çalışan Bəhruz Səmədov və İqbal Əbilovu həbsi etdirib, onları “Ermənistana işləməkdə” günahlandırır.

Bəhruz Səmədov 23 avqust 2024-cü ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanıb və Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Məhkəməsi yekunlaşıb və barəsində 15 il müddətinə həbs cəzası seçilib.

İqbal Əbilov “Talış Milli Akademiyasının xəbərləri” mətbu orqanının baş redaktorudur, etnik talışlar ilə bağlı araşdırmaları ilə tanınır. İyul 2024-də Masallı rayonunda DTX tərəfindən saxlanıb. İttihamlar arasında dövlətə xəyanət, milli ədavətin qızışdırılması və düşmənçilik çağırışları yer alır. Barəsində 18 il azadlıqdan məhrum edilmə cəzası seçilib.

Yəni, hakimiyyətin gözündə “sülh” yalnız Əliyevin imzası ilə baş verə bilər. Amma həqiqi sülh xalqlar arasında etimad, ictimai diskussiya və azad söz olmadan sadəcə protokol şəkilləri və rəsmi bəyanatlardan ibarət qalır.

Azərbaycan-Ermənistan yaxınlaşması

Leave A Reply