Böyük Britaniya, Kanada, Avstraliya və Portuqaliya sentyabrın 21-də Fələstini müstəqil dövlət kimi tanıyıb. Fransa da daxil olmaqla digər bir sıra ölkələr eyni addımı atacaqlarını bildiriblər.
Britaniyanın baş naziri Keir Starmer bu addımı “Yaxın Şərqdə artan dəhşət fonunda sülh və iki dövlət prinsipi üzrə həll yolunu yaşatmaq üçün” atdıqlarını deyib.
Kanadanın baş naziri Mark Karni deyib ki, hazırkı İsrail hökuməti sistemli şəkildə Fələstin dövlətinin yaradılması imkanının qarşısını almaq üçün çalışır.
Məhz bu kontekstdə Kanada Fələstin dövlətini tanıyır və həm Fələstin dövləti, həm də İsrail dövləti üçün dinc gələcək vədinin qurulmasında tərəfdaşlığını təklif edir”, – Kanadanın Baş naziri bəyan edib.
Avstraliyanın baş naziri Entoni Albanese bu addımın “Fələstin xalqının qanuni və çoxdankı istəklərini tanıdığını”, Portuqaliyanın xarici işlər naziri Paulo Rangel isə iki dövlətli həll yolunu “ədalətli və davamlı sülhə aparan yeganə yol” adlandırıb.
Fransa tanıma qərarını bu gün Nyu Yorkda bəyan edəcək
Sentyabrın 22-də Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində baş tutacaq xüsusi konfransda Fransa da daxil olmaqla bir qrup ölkənin Fələstin dövlətini tanıyacağı gözlənilir.
Fransa hökumətinin təşəbbüsü ilə keçirilən konfransda Parislə yanaşı, Belçika, Lüksemburq, Malta da tanıma qərarın qoşulmaq niyyətindədir.
Əgər biz regionda hamı üçün sülh və təhlükəsizlik istəyiriksə, hamı üçün siyasi perspektivi qorumalıyıq”, – Fransa prezidenti Emmanuel Makron bazar günü verdiyi müsahibəsində deyib.
Hazırda Qəzzada baş verənlərin dayanmalı olduğunu vurğulayan Makron Fələstin dövlətinin tanınmasının bu istiqamətdə yeganə yol olduğunu əlavə edib.

Qərb dövlətlərinin xarici siyasətində “tarixi dəyişiklik”
Qərb dövlətlərinin xarici siyasətində “tarixi dəyişiklik” kimi xarakterizə edilən tanıma qərarları Qəzzada onminlərin həyatına son qoyan müharibə və aclıq, Qərbi Şəriədə artan yəhudi məskənləri və İsrail rəsmilərinin son dövrlərdə səsləndirdiyi “Fələstin dövləti olmayacaq” bəyanatları fonunda baş verir.
“Bu, bizi suverenliyə və müstəqilliyə yaxınlaşdıran bir addımdır” – Fələstinin xarici işlər naziri Varsen Ağabekyan tanıma ilə bağlı bəyannamələri alqışlayıb.
Bu, sabah müharibəni bitirməyə bilər, lakin bu, bizim üzərində dayanmalı və gücləndirməli olduğumuz gələcəyə hesablanmış bir addımdır” – Ağabekyan əlavə edib.
Baş nazir Benyamin Netanyahu və İsralin digər hökumət rəsmiləri isə Fələstin dövlətinin tanınması istiqamətində atılan addımları tənqid edərək, bunun “terroru mükafatlandıracağını” iddia ediblər.
Bu günədək əksər Qərb dövlətləri yalnız İsraillə hərtərəfli sülh sazişinin bir hissəsi kimi Fələstin dövlətçiliyini dəstəkləyəcəklərini bildirirdilər. İndi bu mövqe dəyişməkdə olsa da, Birləşmiş Ştatların əks mövqeyi Fələstin Dövlətinin suverenliyi və BMT-yə tam üzvlüyü məsələsini hələlik sual altına alır.
Hansı ölkələr Fələstin Dövlətini tanıyır?
Beynəlxalq səviyyədə tanınmış Fələstin əraziləri: Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahili və Qəzza zolağı üzərində suverenliyə iddia edən Fələstin Dövləti rəsmi olaraq 15 Noyabr 1988-ci ildə Fələstin Azadlıq Təşkilatı (FAT) tərəfindən elan edilib.
Sovet İttifaqı, Çin, Hindistan, Türkiyə kimi böyük dövlətlər, əksər Asiya və Afrika ölkələri, ərəb dövlətləri elə həmin il Fələstin Dövlətinin müstəqilliyini tanıyıblar.
90-cı illərdə müstəqillik qazanan post-Sovet ölkələrinin əksəriyyəti, 21-ci əsrin əvvəlində isə bir sıra Cənubi Amerika ölkələri Fələstinlə diplomatik münasibətlər qurublar.
Böyük Britaniya, Kanada, Avstraliya və Portuqaliya da daxil olmaqla hazırda BMT-yə üzv olan 193 ölkədən 151-i Fələstin dövlətini tanıyır.
Azərbaycan və Fələstin Dövləti 1992-ci ildə qarşılıqlı olaraq bir-birilərinin müstəqilliyini tanıyıblar. Hazırda Bakıda Fələstin səfirliyi mövcud olsa da, Azərbaycanın Fələstin ərazilərində səfirliyi yoxdur.
Mənbələr: AFP, Politico, Guardian, DW