Azərbaycan və Ermənistan bir-birinə ən yüksək bal verib
Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq “Silk Way Star” musiqi yarışmasında maraqlı an yaşanıb: Azərbaycan və Ermənistan nümayəndələri bir-birlərinə ən yüksək bal – 10 xal veriblər.
Azərbaycan tərəfdən münsiflər heyətində təmsil olunan müğənni Samira Efendi erməni iştirakçı Saro Gevorgyanı 10 balla qiymətləndirib. Ermənistan münsifi Vrezh Kirokosyan isə cavab jesti olaraq Azərbaycan təmsilçisi Sabina Zadəyə eyni qiyməti verib. Bu hadisə regional mətbuatda həm “xoş niyyət jesti”, həm də təsadüf kimi kimi təqdim olunur.
Müsabiqə haqqında

“Silk Way Star” layihəsi bu ilin iyununda Qazaxıstan Prezidentinin Televiziya və Radio Kompleksi ilə Çin Mediya Korporasiyası arasında razılaşma əsasında yaradılıb.
Yarış Avrasiya və Asiyanın 12 ölkəsindən gənc ifaçıları bir araya gətirir: Azərbaycan, Ermənistan, Çin, Cənubi Koreya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Malayziya, Monqolustan, Tacikistan, Türkmənistan və Özbəkistan.
Çəkilişlər 20 avqustdan başlayıb və 9 əvvəlcədən yazılmış epizodla davam edəcək. Final 22 noyabrda canlı yayımda baş tutacaq. İlk mərhələlərdə nəticələri yalnız peşəkar münsiflər müəyyənləşdirir, finalda isə tamaşaçı səsi də nəzərə alınacaq.
Azərbaycan yarışmada “The Voice of Azerbaijan”ın yarımfinalçısı, müğənni və aktrisa Sabina Zade ilə, Ermənistan isə “New Wave 2021” qalibi Saro Gevorgyan ilə təmsil olunur.
Birinci mərhələnin nəticələri
21-22 sentyabrda yayımlanan ilk epizodun yekun cədvəli belə olub:
- 1-ci yer: Malayziya – Yazmin Aziz (126 bal);
- 2-ci yer: Özbəkistan – Madinabonu Adilova (122 bal);
- 3-cü yer: Türkmənistan – Dovran Şammıyev / Gürcüstan – Avtandil Abeslamidze (120 bal);
- 9-cu yer: Ermənistan – Saro Gevorgyan (106 bal, o cümlədən Azərbaycanın verdiyi 10 bal);
- 11-ci yer: Azərbaycan – Sabina Zade (104 bal, o cümlədən Ermənistanın verdiyi 10 bal);
- 12-ci yer: Cənubi Koreya – Kandis (92 bal).
Heç bir iştirakçı yarışı tərk etməyib; bütün 12 ifaçı növbəti mərhələyə keçib.
- Kiberhücumlar Avropanın bir sıra iri hava limanlarının işini iflic edib
- Avropa İttifaqı və Azərbaycan: tərəfdaşlıq yeni mərhələyə keçir
- Adnan Əhmədzadənin həbsi: “Azeri Light” qalmaqalı, Rusiya izi və yeni ittiham ehtimalları
Mədəni diplomatiya jesti kimi
“Silk Way Star” yalnız musiqi yarışması deyil, həm də “İpək yolu” boyunca yerləşən ölkələr arasında mədəni əlaqələri möhkəmləndirməyi hədəfləyən layihə kimi təqdim edilir. Ermənistan və Azərbaycanın uzun illər davam edən siyasi gərginliyi fonunda belə bir jest diqqət çəkib.
Rəsmi açıqlama olmasa da, regional media yazır ki, bu qarşılıqlı yüksək qiymətləndirmə ya xoş niyyət jesti, ya da nadir təsadüf kimi qəbul edilə bilər. İstənilən halda, bu hadisə müsabiqənin ən yaddaqalan məqamlarından biri olub.
Müsabiqə payız boyunca davam edəcək, hər epizodda bəzi iştirakçılar ilə vidalaşılacaq. Qalib noyabrın 22-də keçiriləcək canlı finalda bəlli olacaq.
Azərbaycan və Ermənistan bir-birinə ən yüksək bal verib