“Abzas Media” jurnalistləri Lənkərana köçürülüb

“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) və əməkdaşları Nərgiz Absalamova ilə Elnarə Qasımova Bakı İstintaq Təcridxanasından Lənkəranın Qurumba kəndində yerləşən Penitensiar Kompleksə köçürülüblər.

Bu barədə məlumatı jurnalistlərin yaxınları “Abzas Media”ya açıqlayıb. Onların sözlərinə görə, köçürülmə qəfil olub: səhər saat 9-da jurnalistlərə “bir saata hazır olun” deyilib, hara aparıldıqları isə yalnız Lənkərana çatanda məlum olub.

“Abzas Media” jurnalistləri Lənkərana köçürülüb - "AbzasMedia"nın əməkdaşları soldan-sağa: Nərgiz Absalamova, Sevinc Vaqifqızı, Elnarə Qasımova \ foto: "AbzasMedia"
“AbzasMedia”nın əməkdaşları soldan-sağa: Nərgiz Absalamova, Sevinc Vaqifqızı, Elnarə Qasımova \ foto: “AbzasMedia”

Yaxınlarının iddiasına görə, köçürülmə zamanı rəis müavini Cavid Gülalıyev Nərgiz Absalamovaya qarşı kobud davranıb.

Jurnalistlərin ailələri bildirirlər ki, Lənkərana aparılmaları onlarla görüş imkanlarını xeyli çətinləşdirir. Onlar bu qərarın səbəbini məhz jurnalistlərin yazıları və fəaliyyətləri ilə əlaqələndirirlər.



İttihamlar və məhkəmə hökmü

“Abzas Media”nın rəhbərliyi və əməkdaşları 2023-cü ilin noyabrından etibarən həbs olunublar. Onlar qaçaqmalçılıq və ağır maliyyə cinayətləri ittihamı ilə məsuliyyətə cəlb ediliblər.

2024-2025-ci illərdə aparılan istintaqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsi iyunun 20-də hökm çıxarıb:

  • Ülvi Həsənli (direktor), Sevinc Vaqifqızı, Hafiz BabalıFərid Mehralızadə – 9 il həbs,
  • Nərgiz AbsalamovaElnarə Qasımova – 8 il həbs,
  • Məhəmməd Kekalov – 7 il 6 ay həbs cəzası alıblar.

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Jurnalistlər ittihamları rədd edərək cinayət təqibini öz peşə fəaliyyətləri ilə əlaqələndiriblər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da bu həbsləri söz azadlığına təzyiq kimi qiymətləndirib.

“Abzas Media” jurnalistləri Lənkərana köçürülüb

Leave A Reply