Əliyev Gernika mükafatı

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülüb.

Mükafat aprelin 26-da İspaniyanın Gernika-Lumo şəhərində təqdim olunub.

Bu, hər il Gernika Sülh Muzeyi, Gernika-Lumo Şəhər Şurası, Almaniyanın Pforzheim şəhəri və “Gernika Gogoratuz” Sülh Araşdırmaları Mərkəzi tərəfindən verilir. 2026-cı il mükafatı Azərbaycan və Ermənistan liderlərinə iki ölkə arasında sülh müqaviləsinin əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdikləri səylərə görə verilib.

Mərasimdə İlham Əliyev iştirak etməyib. Prezident tədbir iştirakçılarına video-müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforzheim şəhər Şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və “Gernika Gogoratuz” Sülh Araşdırmaları Mərkəzinə dərin minnətdarlığımı ifadə edirəm.

Bu mükafat yalnız artıq əldə olunmuş nailiyyətlərin tanınması deyil, həm də beynəlxalq birliyin ortaq rifahı, sülh və barışıq ideallarına xidmət edir”.

Nikol Paşinyan da mərasimdə iştirak etməyib. Onun adından mükafatı Ermənistanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Sos Avetisyan qəbul edib.

2026-cı il “Sülh və Barışıq üçün Gernika mükafatı” iki nominasiya üzrə verilib: Azərbaycan-Ermənistan sülh sazişi ilə yanaşı, Qəzzaya humanitar yardım məqsədilə təşkil olunan “Global Sumud” flotiliyası da mükafata layiq görülüb.

Bu, Azərbaycan və Ermənistan liderlərinin son illərdə qəbul etdikləri ikinci beynəlxalq sülh mükafatıdır. Əvvəllər onlar “Zayed İnsan Qardaşlığı Mükafatı”na da layiq görülmüşdülər.

Əliyev Gernika mükafatı

Leave A Reply