Emin Ağalarov Sea Breeze

Azərbaycan Nazirlər Kabineti Prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarovun “Sea Breeze Resort” layihəsi üçün Xəzər dənizində 55,08 hektar su fondu torpaq sahəsinin ayrılmasına qərar verib.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən layihə çərçivəsində sahilboyu zolağa bitişik iki süni torpaq sahəsinin yaradılması planlaşdırılır. Bu ərazinin 9,08 hektarı sahilboyu zolağı, 46 hektarı isə birbaşa dəniz akvatoriyasını əhatə edir. Sahələrdən biri düzbucaqlı, digəri isə gəmi formasında olacaq.

Qərar “Sea Breeze Resort” ərazisində yaşayış və qeyri-yaşayış binalarının tikintisi məqsədilə verilib. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Nardaran Invest” MMC ilə icarə müqaviləsinin bağlanmasını təmin etməlidir.

“Sea Breeze” Xəzər sahilində, Bakıdan təxminən 20-30 dəqiqəlik məsafədə yerləşən iri kurort şəhərciyidir. Layihə 2006-cı ildən fəaliyyət göstərir və hazırda yüzlərlə hektar ərazini əhatə edir. Burada premium yaşayış kompleksləri, otellər, infrastruktur və yaşıl zonalar inkişaf etdirilir. Emin Ağalarov layihənin əsas inkişaf etdiricisi kimi tanınır.

Bu qərar Emin Ağalarovun layihəsinə dövlət dəstəyi kimi qiymətləndirilir.

Emin Ağalarov Sea Breeze

Leave A Reply