Rubinyan Konstitusiya şərti barədə
Ermənistan Milli Məclisinin sədri Ruben Rubinyan noyabrın 17-də jurnalistlərə deyib ki, ölkənin Konstitusiyasının dəyişdirilməsi xarici yox, daxili gündəmdən irəli gəlir. “News.am” saytının yazdığına görə, o, Azərbaycanın Ermənistanda yeni Konstitusiya qəbul olunmayınca sülh sazişini imzalamayacağını bəyan etdiyini xatırladıb və Ermənistanın bu yanaşmanı qəbul etmədiyini, sazişin imzalanmasına heç bir maneə görmədiyini bildirib.
Rubinyan Ermənistan xarici işlər nazirinin sözlərini təkrarlayaraq deyib ki, Azərbaycan bunu tələb kimi yox, şərt kimi irəli sürür: tələb hansısa addımı atmağa çağırışdır, Bakı isə sazişi yalnız yeni Konstitusiya qəbul olunandan sonra imzalamağa hazır olduğunu deyib. Onun sözlərinə görə, yeni Konstitusiya bugünkü reallıqlara cavab verəcək və bundan ayrı olaraq sülh sazişinin imzalanmasına və ratifikasiyasına nail olunacaq.
Spiker Ermənistanla Türkiyə arasında sərhədin açılmasına və diplomatik əlaqələrin qurulmasına da maneə olmadığını, Yerevanın buna hazır olduğunu, qalanının Ankaradan asılı olduğunu deyib. Rubinyana görə, sərhədin hər iki tərəfində keçid məntəqələri bərpa olunub, Türkiyə Qars-Gümrü dəmir yolunun təmirinə başlayıb.
Türkiyənin “Aeroportist” aviasiya nəşrinin yazdığına görə, “Turkish Airlines”ın yük bölməsi “Turkish Cargo” noyabrın 15-də İstanbul-Yerevan-İstanbul marşrutu ilə ilk yük reysini həyata keçirib, yükün həcmi və növü açıqlanmayıb. Reys Paşinyanla Ərdoğanın noyabrın 11-də Antalyada COP31 sammiti çərçivəsində görüşündən bir neçə gün sonra baş tutub. “Turkish Airlines” bu ilin martında İstanbul-Yerevan marşrutu ilə müntəzəm sərnişin reyslərinə başlamışdı.


