Fəzail Ağamalı ölüb
78 yaşlı siyasətçi və eks deputat Fəzail Ağamalı Türkiyənin paytaxtı Ankarada vəfat edib.
Xəbərə görə, o, qızı – deputat Günay Ağamalı ilə müayinə və müalicə üçün Türkiyəyə gedibmiş və Ankarada qaldığı hotel otağında ürək çatışmazlığından ölüb.
Yaxınları bildirir ki, o, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Onun cənazəsinin sutka ərzində Azərbaycana gətiriləcəyi bildirilib.
Siyasi karyerası
Fəzail Ağamalı 26 avqust 1947‑ci ildə Ermənistanın Sisiаn rayonunun Şıxlar kəndində anadan olub.
O, 1980‑ci illərin sonundan Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılması prosesində iştirak edib; 1989‑cu ilin iyul ayında keçirilən təsis konfransında Səbail rayonunun əlaqələndiricisi və Məclis üzvü seçilib. 1990‑cı ilin 20 yanvar faciəsindən sonra AXC rəhbərliyi ilə fikir ayrılığına görə təşkilatdan istefa verib.
Elə həmin ilin sentyabrında həmfikirləri ilə birlikdə Ana Vətən Partiyasının (AVP) təşəbbüs qrupunu qurub və 24 noyabr 1990‑da keçirilən təsis qurultayında partiyanın sədri seçilib. O, 1990‑cı ildən öldüyü günə qədər partiyanın sədri olub.
Nazirlər Kabineti və Milli Məclisdəki fəaliyyəti
1992-1993‑cü illərdə o, Azərbaycanın sosial təminat nazirinin müavini, daha sonra birinci müavini vəzifələrində çalışıb. 1993-1994‑cü illərdə Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra edib. 1994‑cü ildə baş nazir Surət Hüseynovun mövqeyini tənqid etdiyi üçün nazir əvəzi postundan istefa verib.
1995‑ci ildən başlayaraq Fəzail Ağamalı altı çağırış boyunca – 1995, 2000, 2005, 2010, 2015 və 2020 seçkilərində Milli Məclisə deputat seçilib. O, parlamentdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, İntizam komissiyasının sədr müavini və Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi fəaliyyət göstərib.
O, 30 ilə yaxın deputatlıq etdiyi üçün Azərbaycan parlament tarixinin ən uzunömürlü deputatlarından biri sayılır.
2007-ci ildə Milli Məclisdə keçirilən hökumətin illik hesabatı zamanı Fəzail Ağamalı ilə digər deputat Hüseyn Abdullayev arasında əlbəyaxa dava yaranıb. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı alınıb və həbs edilib.
Elmi fəaliyyəti
Tarixçi-alim kimi Fəzail Ağamalı XIX əsr Azərbaycan xanlıqları ilə bağlı doktorluq dissertasiyası müdafiə edib və professor elmi adı alıb.
Onun rəhbərliyi ilə eks-prezidenti Heydər Əliyev haqqında 12 cildlik kitabın redaktəsi aparılıb, “Dövlətçiliyimizdə İlham Əliyev mərhələsi” (2005) və “Prezident‑Reformator” (2010) monoqrafiyaları çapdan çıxıb. Ümumilikdə beş kitab, üç monoqrafiya, bir dərslik və əlliyədək elmi və publisistik məqalənin müəllifidir.
Təltiflər və mükafatlar
Fəzail Ağamalı uzun siyasi fəaliyyətinə görə bir sıra dövlət təltiflərinə layiq görülüb. 2007‑ci ildə MDB Parlamentlərarası Assambleyasının “Sodrujestvo” ordeni ilə təltif olunub.
2017‑ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə ictimai-siyasi fəaliyyəti səbəbindən “Şöhrət” ordeni alıb.
25 avqust 2022‑ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə o, “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə” 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Partiya daxilində ailə qalmaqalı
Ötən ilin 25 oktyabrında Ana Vətən Partiyasının növbədənkənar qurultayı zamanı partiya sədrlik postu uğrunda ailə münaqişəsi alovlanıb. Qurultayda bir neçə namizəd – Fəzail Ağamalının qızı Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha iki şəxs partiya sədrliyinə iddialı olublar.
Fəzail Ağamalı partiyanın rəhbərliyini deputat qızı Günay Ağamalıya həvalə etmək istədiyini elan etsə də, oğlu Elçin Ağamalı qurultayın işini pozmaqda ittiham edilib və atasının müvəqqəti olaraq sədr postunda qalmasını dəstəkləyən nümayəndələrə qarşı çıxıb.
Elçin Ağamalı isə 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə sədr seçildiyini iddia edib və nəticəni legitim hesab edib. Yaranan qalmaqal fonunda Fəzail Ağamalı qurultayı yarımçıq dayandırdığını və növbədənkənar qurultayın təxirə salındığını açıqlayıb.
Qurultaydan sonra partiya daxilində qarşıdurma dərinləşib. Fəzail Ağamalının oğlu Elçin Ağamalı oxu.az saytına verdiyi açıqlamada bildirib ki, qurultaydan sonra onun namizədliyini dəstəkləyən rayon və şəhər təşkilatlarının sədrləri partiya sıralarından və vəzifələrindən çıxarılıb; onlar Nərimanov Rayon Məhkəməsinə müraciət edərək partiyadan qanunsuz çıxarılmaları və qurultayla bağlı qərarların ləğvini tələb ediblər.
Elçin Ağamalı Ədliyyə Nazirliyindən partiya qurultayının nəticələrinin qeydiyyata alınmasını xahiş etdiklərini, lakin qurumun məsələni mübahisəli saydığını bildirib. Bu, yanvar 2026-da Fəzail Ağamalıya qarşı məhkəmə iddiasına səbəb olub.
Partiya daxilindəki mübahisə Fəzail Ağamalının ölümündən sonra da gündəmdə qalır – sosial mediada artıq Ana Vətən Partiyasının rəhbərliyinin varisliyinin necə müəyyən olunacağını müzakirə edirlər.
Fəzail Ağamalı ölüb