Soyuducu hücumunda İran izi
Fransanın xarici işlər naziri Jan-Noel Barro noyabrın 9-da oktyabrın 11-12-də supermarket soyuducularına edilən kiberhücumların arxasında İranın SEPAH-ının dayandığını açıqlayıb. Hücumu “görünməmiş miqyaslı və aqressiv” adlandıran nazir “Avropa səviyyəsində sanksiyalar” tətbiq olunacağını vəd edib. İran səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
“The Guardian”ın yazdığına görə, hakerlər 700-ə qədər supermarket və mağazada minlərlə soyuducunun rəqəmsal termostatlarını ələ keçirib, temperaturu mənfi 27 dərəcədən 50 dərəcədən yuxarıya qaldırıb. Min tonlarla ərzaq atılıb, bəzi mağazalarda yanğın çıxıb. Keçən həftə ikinci dalğa Avropada 100-dən çox obyekti, o cümlədən Fransanın qan banklarının soyuducularını vurub.
Paris prokuroru Lor Bekkuau mütəxəssislərin SEPAH-la bağlı “Şahid Kaveh” kiber qrupuna xas iş üsulu, o cümlədən fars dilindən istifadə və İrandakı cihazlara aid IP ünvanları aşkar etdiyini deyib. “Iran International”a görə, prokurorluq qrupun rəhbəri və iki müavini üçün beynəlxalq həbs qərarı tələb edib.
İranın BMT-dəki nümayəndəliyi “The Guardian”ın sorğusuna cavab verməyib, Tehran bu cür əməliyyatları adətən rədd edir. “Wavestone” şirkətinin kibertəhlükəsizlik mütəxəssisi Jerom Biluya görə, qrup 2020-ci ildən fəaliyyət göstərir, əsasən ABŞ-də su təchizatı sistemlərinə hücum edib: “Növbəti hədəfləri su və ya elektrik sistemləri ola bilər”.


