Podolyakın qardaşı ordu sırasında

“Killed in Ukraine” layihəsinin Rosstat sızmasına istinadla yaydığı məlumata görə, Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyakın böyük qardaşı, Rusiya ordusunun polkovniki Vladimir Podolyak 2024-cü ilin mayında işğal altındakı Zaporojye vilayətinin Kirillovka qəsəbəsində ölüb. Sızan məlumatda ölüm səbəbi “dəqiqləşdirilməmiş hərbi əməliyyatların verdiyi zədələr” kimi göstərilib.

Layihənin yazdığına görə, polkovnikin qəbri hələ 2024-cü ilin iyununda tapılıb, amma ölümünün şəraiti məlum deyildi. Qəbirdəki portretdə Vladimir Podolyak Rusiya ordusunun polkovnik forması ilə, “Xüsusi hərbi əməliyyatın iştirakçısı” medalı ilə təsvir olunub. Əklildəki “ЦПС kollektivindən” yazısını “Killed in Ukraine” Rusiya hərbi kəşfiyyatının mütəxəssislər hazırlığı mərkəzi kimi yozur.

Rusiya tərəfi Podolyakın ölümü barədə açıq məlumat verməyib. Mixail Podolyak qardaşının ölümünü şərh etməyib, amma 2024-cü ilin fevralında onun Rusiyada yaşadığını təsdiqləmiş, qardaşı ilə əlaqə saxlamadığını demişdi.

Rosstat sızmasını Belarus müxalifətinə bağlı “Kiberpartizanlar” və Ukraynanın “Silent Crow” haker qrupları açıqlayıb. “The Guardian”ın yazdığına görə, 11 milyon ölüm şəhadətnaməsindən 412 576-sı birbaşa müharibə ilə əlaqələndirilir. Rosstat sındırılmanı təsdiqləyib, amma həssas məlumatın ələ keçirildiyini rədd edir.

Leave A Reply