FSB yeddi nəfəri vətəndaşlıqdan çıxarıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) noyabrın 9-da Mərkəzi Asiya və Cənubi Qafqazdan olan yeddi nəfərin Rusiya vətəndaşlığına xitam verildiyini açıqlayıb. FSB bunu Daxili İşlər Nazirliyi ilə birlikdə, 2023-cü il vətəndaşlıq qanununun milli təhlükəsizliyə təhdid yaradan şəxslərə aid maddəsi əsasında etdiyini bildirir. Onların adları və hansı ölkədən olduqları göstərilmir.

FSB-nin iddiasına görə, Xakasiyada yaşayan iki nəfər “ətrafında etnik ruslara qarşı milliyyətçi fikirlər yayıb”, azyaşlı uşaqlarına onlara qarşı nifrət aşılayıb, “o cümlədən təhsil müəssisələrində rus dilində danışmağı onlara qadağan edib”. Zabaykalye diyarının sakini hüquq-mühafizə əməkdaşları ilə qarşıdurmaya çağırışlar yaymaqda və “yaxın xaricdən olan şəxslər arasında hərbi xidmətə münasibət formalaşdırmaqda” ittiham olunur.

Tambov vilayətində yaşayan şəxsin regional diasporanın fəal üzvü olduğu, “millət üstünlüyü ideyalarını” və “əmək miqrantlarının maraqlarını yerli əhali ilə münaqişələrdə güc yolu ilə müdafiəni” dəstəklədiyi deyilir. O, xuliqanlıq, ağır bədən xəsarəti və qanunsuz silah saxlama maddələri üzrə məhkum olunub, cəzasını koloniyada çəkir. Digər üç nəfər Tver, İvanovo və Perm bölgələrindəndir: FSB onları bank kartları ilə iqtisadi cinayətdə, kütləvi dava təşkil etməkdə və etnik üstünlük ideyaları yaymaqda ittiham edir.

Rusiyada son illər miqrantlara qarşı məhdudiyyətlər sərtləşib. Noyabrın 3-dən qüvvəyə minən qaydalarla ölkədən 45 növ xətaya görə çıxarılma mümkündür.

Leave A Reply