RTÜK-ün “polad günbəzi”

Türkiyənin radio və televiziya yayımlarına nəzarət edən qurumu RTÜK-ün sədri Mehmet Daniş süni intellektə əsaslanan Via+ nəzarət sisteminin son mərhələyə çatdığını bildirib. Onun sözlərinə görə, sistem 90 faiz qurulub, sınaqları davam edir. Daniş deyib: “Müdafiə sahəsində polad günbəzimiz olduğu kimi, Via+ da media sahəsindəki polad günbəzimiz olacaq”. Polad günbəz Türkiyənin hava hücumundan müdafiə layihəsinin adıdır.

Danişin təqdim etdiyi məlumata görə, Via+ eyni vaxtda altı peykdən 800-dən çox kanalı izləyəcək və “demək olar ki, bütün internet əsaslı mühitləri” nəzarətdə saxlayacaq. Sistem gündə 19 200 saat danışığı analiz edəcək, 12 dildən tərcümə aparacaq, 300 milyondan çox video kadrı yoxlayacaq. 6112 saylı yayım qanununun pozulduğunu aşkar edəndə hesabat hazırlayıb mütəxəssisə göndərəcək, mütəxəssis hesabatı son şəklə salacaq.

RTÜK sədri ənənəvi media üzərində nəzarətin davam etdiyini və nəzarət sahəsinin tezliklə genişlənəcəyini deyib. Onun sözlərinə görə, internet platformaları ilə bağlı qanunvericilik hazırlığı gedir: “RTÜK-ə yeni vəzifələr veriləcək və bu vəzifələr verildikdə uzun illər xidmət edəcək texnoloji infrastrukturumuz olacaq”. Daniş layihənin Prezidentliyin 2027-ci il İnvestisiya Proqramına salındığını, sistemin ailəyə, qadına və uşağa yönələn pozuntuları dərhal aşkar edəcəyini bildirib.

Türkiyə mediasının yazdığına görə, RTÜK mütəmadi yayım edən YouTube kanallarının lisenziyalaşdırılmasını və rəqəmsal yayım gəlirlərindən 1,5 faiz pay alınmasını da nəzərdən keçirir. Bu təkliflər hələlik qanuna çevrilməyib.

Leave A Reply