Moskvada təhlükəsizlik
Moskvada terror aktı hazırlığı barədə xəbərdarlığın mənbəyinin bir yeniyetmə olduğu və həmin şəxsin saxlanıldığı bildirilir.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bildirir ki, Rusiyanın yetkinlik yaşına çatmayan vətəndaşı “TikTok” platformasında taktiki geyimdə, balaklavada və avtomat silaha bənzər əşya ilə çəkilmiş şəkillərini yayıb. İddiaya görə, həmin çarxda “Tsaritsıno” muzey-qoruğunda çəkilmiş fotolar və ingiliscə “Mən yer tapdım” (I found a place) yazısı yer alıb.
FSB-nin açıqlamasına görə, saxlanılan yeniyetmə teleqramda adı açıqlanmayan “neonasiist kanalına” abunə olub və kütləvi qətllər, törədilmiş terror aktları ilə bağlı axtarışlar aparıb. Axtarış zamanı onun evində videodakı geyim və aksessuarların aşkarlandığı iddia olunur. Yeniyetmə barəsində Rusiya İstintaq Komitəsi tərəfindən prosessual qərarın qəbul ediləcəyi bildirilir.
Xüsusi xidmət orqanı terror aktı hazırlığı barədə məlumata görə ABŞ tərəfinə təşəkkür edib. Qurum ABŞ-nin hüquq-mühafizə orqanlarından daxil olan xəbərdarlıq əsasında Rosqvardiya, Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi ilə birgə yoxlama apardığını qeyd edib.
Bundan əvvəl ABŞ-nin Rusiyadakı səfirliyi “Tsaritsıno” muzey-qoruğu ərazisində terror təhlükəsi barədə xəbərdarlıq yaymışdı. Oxşar xəbərdarlıqla Almaniyanın Moskvadakı səfirliyi də çıxış etmişdi. Həmin gün tədbirləri ləğv edilərək “texniki səbəblərdən” bağlanan muzey-qoruq növbəti gün yenidən açılıb.


