Tərtər rayonunda top mərmisindən ölən sakinlər var
Baş Prokurorluq cəbhə bölgəsində mülkü şəxslərin həlak olması ilə bağlı növbəti açıqlama yayıb.
Qurumun mətbuat xidmətinin sentyabrın 28-də axşam yaydığı məlumata görə, saat 19 radələrində Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisi atılıb:
“Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olub. 1984-cü il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər”.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlandığı bildirilir.
Rəsmi qurumların məlumatına görə, son günlər buna qədər cəbhə bölgəsində Azərbaycan tərəfdən azı 7 mülkü şəxs həlak olub, 27 şəxs də müxtəlif dərəcəli xəsarətlar alaraq xəstəxanlara yerləşdirilib.
Mənbə:Azadlıq Radiosu