Qısa müddət əvvəl gürcülər paytaxtlarındakı binalarının üzərində və keçidlərdə nümayiş etdirilən küçə incəsənətinin səbəb olduğu “qüsurlara” qəzəblərini gizlətmirdilər. İndi isə küçə incəsənəti şəhərin mədəni sərvətlərindən biri hesab olunur, lakin onun qanuni olub-olmaması hələ də qaranlıq qalır.
OC Media Gürcüstandakı küçə incəsənətindən və rəssamların hansı şəraitdə çalışdığından yazır.
Gürcüstanda az qala 20 ildir mövcud olan küçə incəsənəti yeni fenomen olsa da, bu, xüsusilə paytaxt Tbilisidə ölkə kimliyinin ayrılmaz hissəsinə çevrilib.
Əvvəlcə Tbilisi sakinlərinin dəhşətlə qarşıladığı küçə rəssamları indi deyirlər ki, son illərdə onların işləri qəzəblə deyil, getdikcə çoxalan heyranlıq hissi ilə qarşılanır.
Küçə incəsənəti həmişə gənclərin özünüifadə üsulu və onların “səsi” olub. Bu, məlumat ötürməyin yoludur və hansı məlumatın yayılması tamamilə müəllifdən asılıdır
deyə Gürcüstanda küçə incəsənətinin hər il qeyd olunduğu Niko küçə festivalının təsis edən Sandro Kvantiliani OC Media-ya bildirib.
Kvantalianin sözlərinə görə, Gürcüstanda küçə incəsənətinin müasir forması son minilliyin ilk zamanlarında, ucuz boyaların, xüsusilə aerozolların daha asan əldə olunduğu zaman çiçəklənməyə başlayıb.
İnsanlar əvvəllər qraffiti rəssamlarının rəngarəng rəsmlərini, fərqli üslubda yazılan hərfləri və üst-üstə yazılan yazıları vandalizm və şəxsi mülkə zərər vermək kimi qəbul edirdilər, lakin bu incəsənət növü inkişaf etdikcə vəziyyət də dəyişməyə başlayıb. İndi isə gürcü küçə rəssamları digər böyük şəhərlərin rəssamları ilə rəqabət aparır və onların bir vaxtlar istehza ilə “cızma qara” adlandırılan əsərləri bütün dünyada rəğbətlə qarşılanır.
Bunu hətta yerli məmurlar da anlayıb, amma hələ də qeyri-qanuni və nizamlanmamış hesab olunan bu sənət növünü qanunun sərt çərçivəsinə necə daxil edəcəklərini başa düşmürlər.
Həm qanuni, həm də deyil
Gürcüstan Konstitusiyasında yaradıcılıq və mədəni irsin azad olduğu qeyd olunub. Bu da yaradıcılıq prosesinə əngəl törətməyə, məhdudiyyətlər qoyulmasına və texniki cəhətdən küçə sənətini də özündə birləşdirən incəsənət növlərinə senzura tətbiq etməyə icazə vermir. Buna baxmayaraq, küçə sənətçiləri bir sıra hüquqi problemlərlə üzləşir. Axı, onların kətan kimi istifadə etdikləri divarlar, ya şəxsi mülkdür, ya da şəhərə məxsusdur.
Hökumət paytaxt Tbilisidəki inzibati binalar və onların ətrafındakı binaların rənglənməsi, yaxud hər hansı yazı yazılmasına görə cərimənin miqdarını 2018-ci ildə iki dəfə artırıb. Bundan sonra küçə sənətinin qanuniliyi ilə bağlı problem daha da artıb. Hazırda cərimə miqdarı 500-1000 lari (təxminən 270-540 AZN – red.) arasında dəyişir.
Gürcüstanda qabaqcıl küçə sənətçilərindən biri olan Qaqoşanın dediyinə görə, belə cərimələr sadəcə iş görməyin qiymətidir.
Mən tez-tez polislə üzləşməli və cərimə ödəməli oluram. Hazırda isə COVID-19 ilə bağlı şəkil çəkərkən tutulduğum üçün 1000 lari ( təxminən 540 AZN – red.) cərimə ödəməliyəm.
Qaqoşa deyir.
Amma bütün sənət növləri qanun qarşısında bərabərhüquqlu deyil. Qaqoşanın fikrincə, mövzu nə qədər qalmaqallı olarsa, sənətçinin cərimə olunma ehtimalı bir o qədər çox olar.
Çiçək çəksən, heç kim gəlib səni cərimələməz
deyə o əlavə edir.
Tbilisinin meri Kaxa Kaladze 2018-ci ildə qeyd edib ki, cərimələrin artırılması “küçə sənətçilərinin hüquqlarını pozmayacaq” çünki bu qanun sadəcə “şəhərin görünüşünü qəsdən məhv edənlərə” aiddir.
Küçə sənətçiləri üçün çoxlu yerlər mövcuddur ki, rəssamların burada öz istedadlarını nümayiş etdirmək imkanı olacaq” deyə Kaladze küçə sənəti ilə maraqlandığını və “bunun üçün lobbiçilik etdiyini
əlavə edib.
Həqiqətən də, Tbilisi meriyası küçə sənətinə bir neçə dəfə sponsorluq edib və o cümlədən iki festivalda otuz rəssam bir neçə yeraltı keçiddə qrafiti çəkib, lakin onlar istədikləri rəsmləri çəkə bilməyib.
Festivallardan birində iştirak edən və Tbilisidə yaşayan küçə rəssamı Sudha OC Media-ya açıqlamasında deyib ki, “üç mövzu qadağan olunmuşdu: siyasət, din və pornoqrafiya”. O, həmçinin xatərlayır ki, meriya rəsmiləri ondan rəsmlərdən birinin dəyişdirilməsini tələb edib və “bunun siyasətlə bağlı olduğunu” düşündükləri üçün ediblər.
Gürcüstana kənardan gələn sənətçilər üçün tətbiq olunan bu məhdudiyyətlər hələ də nəfəs almağa imkan verə biləcək qədərdir. Rusiyalı küçə rəssamı Ksyu Bryce, OC Media-ya bildirib ki, hətta COVID-19-a görə tətbiq olunan 7 aylıq karantin şəraitində belə Gürcüstanda işləmək Rusiyadan daha asan olub.
Rusiyada rəsm dərhal divardan çıxarılır və rəssamları tez-tez cərimələməklə hədələyirlər. Yoldan keçənlərin münasibəti də arzuolunan kimidir.
Küçə rəssamı Ksyu Brice və onun həyat yoldaşı-rəssam Pablo Kalandarişvili. Foto: Tata Shoshiashvili / OC Media
Budur getdi…
Van Qoq, ya da Da Vinçinin yaratdığı sənət əsərləri illər, əsrlər keçsə də qalır, amma küçə rəssamlarının onların yaratdığı rəsmin bir gün belə qalmayacağını qəbul etməkdən başqa çarəsi yoxdur.
Əvvəllər bu bizi əsəbləşdirirdi ki, bütün gün rəsm çəkirsən sonra bir neçə dəqiqədən sonra hamısı məhv edilir, yenidən rənglənir və ya üzərinə başqa bir şey çəkilir, amma sonra buna öyrəşirsən.
deyə Qaqoşa bildirir.
O deyir ki, əsərlərinin bir çoxu, hətta ən sevdiyi əsərləri artıq yoxdur. Bununla yanaşı küçə rəssamlarının əksəriyyəti əsərlərini özləri üçün yaradır və hər kəsin səbəbi sənətin özü kimi rəngli və müxtəlifdir.
Hər bir sənətçinin öz məqsədi var. Bəziləri sistemin əleyhinə gedir və buna görə etiraz edir, bəziləri sadəcə sevgi hissini ifadə edir, bəziləri isə heç bir alt mətn olmadan öz əyləncələri üçün rəsm çəkmək istəyirlər.
Sudha belə deyib.
Müəllif:OC Media (Tərcümə:Mikroskop Media)