“Məlum səbəblərə görə müalicə evdə davam edəcək”

Avtomobil qəzası nəticəsində ağır xəsarət alan və bir ildir ki, İstanbulda xəstəxanada koma vəziyyətində qalan hüquq müdafiəçisi Oqtay Gülalıyev Bakıya qaytarılır. Bu barədə Meydan TV-yə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev məlumat verib.

Foto:google.az

 

T.Gülalıyev bildirib ki, müəyyən səbəblərdən hüquq müdafiəçisinin müalicəsinin Türkiyədə davam etdirilməsindən imtina eləmişdilər. Onun Azərbaycana gətirilib müalicəsini burada davam etdirməsi üçün ailəsi sentyabrın 14-də müraciət etmişdi.

“Noyabrın 7-dən 8-nə keçən gecə Bakıya qayıdırıq. Məlum səbəblərə görə atamın müalicəsi Bakıda xəstəxanada yox, evimizdə davam edəcək. Ümid edirik ki, vətənə qayıtmağımız uğurlu olacaq”, – T.Gülalıyev bildirib.

Oğlu hüquq müdafiəçisinin səhhətində ciddi dəyişiklik olmadığını da vurğulayıb. Onun sözlərinə görə, O.Gülalıyev gözlərini açır, əl-ayağını bəzən hərəkət etdirir.

O.Gülalıyevi avtomobillə vurub ağır xəsarət yetirməkdə ittiham olunan Kənan Abdullayevin məhkəməsi başlayıb. Bu işə Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyev baxır. Məhkəmə baxışı noyabrın 13-nə təyin edilib.

Sözügedən avtomobil qəzası 2019-cu il oktyabrın 29-da paytaxtın 28 May və Puşkin küçələrinin kəsişməsindəki işıqforda baş verib. Hüquq müdafiəçisi piyadalar üçün yaşıl işıqda yolu keçərkən K.Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə onu vurub. Sürücü dərhal O.Gülalıyevi Kliniki Tibbi Mərkəzə (Semaşko) aparıb. Kənan Abdullayevin sözlərinə görə, O.Gülalıyev yolda gedərkən də, xəstəxanada da danışırmış. Hətta ciddi xəsarəti olmadığını bildirərək, xəstəxanaya aparılmasına ehtiyac olmadığını da söyləyib.

Sonradan yaxınlarının istəyilə onu Kliniki Tibbi Mərkəzdən “Baku City Hospital”a köçürüblər, orada beyin əməliyyatı keçirib. Oradan da Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. Bir neçə gün sonra isə Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün İstanbuldakı klinikaya yerləşdirilib. sonra İstanbuldakı xəstəxanaya köçürülüb. Bir ilə yaxındır ki, orada müalicə olunur.

K.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 263.1.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb. Onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

K.Abdullayev hüquq müdafiəçisinin qəsdən vurulması barədə iddiaları rədd edir. O bildirib ki, bu barədə deyilənlər əsassızdır. Oqtay Gülalıyevi hadisədən əvvəl tanımadığını, ona qarşı qərəzi olmadığını deyən sürücünün sözlərinə görə, hadisə onun diqqətsizliyi nəticəsində baş verib. K.Abdullayev baş verənlərə görə çox peşman olduğunu da vurğulayıb.

Mənbə: Meydan TV

Leave A Reply