“Mənə bu yaxınlarda məlumat verildi ki, Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab edirəm, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil.”
AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri iyulun 29-da Prezident İlham ƏliyevBalakən regional “ASAN xidmət” mərkəzinin açılışında deyib.
Dövlət başçısının sözlərinə görə, bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın.
“Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın!..”
Prezidentin vurğulamasına görə, digər şərtlər də buna bənzərdir:
“Qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir. Çünki danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrlərinin açıq mövqeyidir. Dəfələrlə bu mövqe onlara çatdırılıb, həm rəsmi qaydada, həm də bağlı qapılar arxasında. Amma bunların hikkəsinə baxın, yenə də bu şərti irəli sürürlər ki, Azərbaycan dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır”.
Prezident İ.Əliyev sonra da əlavə edib: “Dağlıq Qarabağ respublikası” yoxdur. Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin”.