Cəfər Pənahiyə yeni hökm
Tehran məhkəməsi iranlı kinorejissor Cəfər Pənahiyə yeni həbs hökmü çıxarıb. Məhkəmənin qərarına əsasən, o, beş il bir ay müddətinə azadlıqdan məhrum edilib.
Kulis.az xəbər verir ki, hökmə görə, 66 yaşlı rejissorun daşınar və daşınmaz əmlakı müsadirə olunacaq. Bununla yanaşı, Pənahiyə iki il müddətinə ölkədən kənara çıxmaq və sosial mediadan istifadə etmək qadağan edilib.
Məlumatı rejissorun vəkili Mostafa Nili paylaşıb. Vəkil ittihamların təfərrüatını açıqlamasa da, hökmün əvvəlki məhkəmə qərarları ilə bağlı olduğu bildirilir. Rejissorun bu qərardan şikayət etmək hüququ qalır.
Cəfər Pənahi 2025-ci ildə İranda gizli lentə aldığı “It Was Just an Accident” ekran əsərinə görə Kann festivalının “Qızıl palma budağı” mükafatına layiq görülüb.
Filmlərində sosial problemləri və təzyiqləri əks etdirən Pənahinin yaradıcılığına uzun illərdir İranda məhdudiyyətlər qoyulur, ona əvvəllər də səfər qadağaları və həbs cəzaları verilib.


