İran-ABŞ gərginliyi
İranın Ali Rəhbəri Müctəba Xamenei ölkəyə qarşı istənilən təhdidə dərhal, effektiv və coğrafi məhdudiyyət olmadan cavab verilməli olduğunu bildirib.
Trend xəbər verir ki, Xamenei bunu oktyabrın 31-də İran Silahlı Qüvvələrinin yüksək rütbəli komandanları ilə görüşdə deyib. Məlumatı Ali Rəhbərin ofisi yayıb.
“İrana qarşı yenidən hərbi hücumlar başlandığı halda, müharibənin zamanı və sona çatması şərtlərini təyin edən tərəf İran silahlı qüvvələri olacaq”, – deyə Xamenei bildirib.
Görüşdə baş qərargah rəisi, ordu komandanı və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Fars körfəzi sahilləri, Hörmüz boğazındakı əməliyyat zonaları, Oman körfəzi, ölkənin şimal-qərb və cənub-şərq sərhədləri barədə məlumat veriblər. Komandanlar silah və sursat istehsalının bir neçə dəfə artırıldığını da bildiriblər.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi isə ordunun ABŞ-nin hərbi hazırlıqlarını izlədiyini deyib. ISNA agentliyinin yaydığı açıqlamada o bildirib: “Düşmənçilik xarakterli addımın əlamətləri öz təsdiqini tapdığı zaman silahlı qüvvələr cavabın vaxtını və formasını seçməkdə onun hərəkətə başlamasını gözləməyəcək”.
Vaşinqton isə diplomatik yolun açıq olduğunu deyir. ABŞ Dövlət katibi Marko Rubio Atlantada G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında İranla məsləhətləşmələrin heç vaxt dayanmadığını bildirib: “Bəzi hallarda birbaşa, lakin əksər hallarda vasitəçilər vasitəsilə fasiləsiz məsləhətləşmələr aparılır”.
Rubionun sözlərinə görə, Prezident Donald Tramp mümkün olduqda problemləri diplomatik yolla həll etməyə üstünlük verir, amma dünyada sülh yolu ilə həlli mümkün olmayan problemlərin də olduğunu etiraf edir.
Müctəba Xamenei atası Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin hava hücumları nəticəsində öldükdən sonra İranın Ali Rəhbəri təyin edilib.


