Kəlbəcərdə “İstisu” zavodu

Kəlbəcərdə çəkilən və sosial şəbəkələrdə yayılan videoda sakin “İstisu” zavodunun yaxınlığında insanların əvvəllər sərbəst istifadə etdiyi mineral su çıxışı yığışdırılıb.

Bundan bir neçə gün əvvəl – avqustun 31-də Bişkekdə Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiyana Kəlbəcərdə istehsal olunan “İstisu”nu təqdim edərək, “Azərbaycan suyundan iç” demişdi.

“İstisu” isə sıradan özəl brend deyil. “Mikroskop Media”nın araşdırmasına görə, zavodun rəsmi adı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “İstisu” Mineral Su Zavodu ASC-dir. Müəssisə Prezidentin İşlər İdarəsinin tabeliyində fəaliyyət göstərir.

İstisuda mineral su istehsalına hələ 1976-cı ildə başlanılıb. Təxminən 30 illik fasilədən sonra istehsal bərpa olunub və yeni zavod 2024-cü ildə İlham Əliyev və Mehriban Əliyevanın iştirakı ilə açılıb. Zavodun illik istehsal gücünün 100 milyon şüşədən çox olduğu bildirilir.

Videonun yayılmasından sonra Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bildirib ki, vətəndaşlar İstisunun termal sularından sərbəst və ödənişsiz istifadə edə bilərlər, bunun üçün xüsusi icazə tələb olunmur.

Amma açıqlamada əsas sual cavabsız qalıb: sakinlərin istifadə etdiyi həmin su çıxışı kim və niyə bağlayıb?

Kəlbəcərdə “İstisu” zavodu

Leave A Reply