Sanksiyalı elitanın kurortu
Müstəqil “Meduza” nəşri “Sber” bankının Altaydakı “Manjerok” kurortunun ilk qonaqlarının siyahısını və daxili sənədlərini əldə etdiyini yazır. Nəşrə görə, 2025-ci ildə açılan və 13 villadan ibarət qapalı hissədə sanksiya altındakı məmurlar, deputatlar, milyarder iş adamları və FSB ilə bağlı şəxslər dincəlib. Villalarda gecəsi 200 mindən yarım milyon rubla qədərdir, ən bahalı “Moskva” şalesində bir həftə noyabrda üç milyon rubla yaxındır. Villalar şəhərlərin adını daşıyır, onların arasında Bakı, Yerevan və Tbilisi də var.
“Meduza”nın yazdığına görə, “Evil Corp” haker qrupunun qurucusu kimi FBI-ın axtarışda olan və başına 5 milyon dollar mükafat təyin edilən Maksim Yakubets həyat yoldaşı ilə birlikdə 2025-ci ilin oktyabrında kurorta dörd milyon rubldan çox ödəyib. Onun qayınatası, FSB-nin “Vımpel” xüsusi təyinatlı bölməsinin keçmiş əməkdaşı Eduard Benderski də orada olub. Britaniyanın Milli Cinayət Agentliyi Benderskini “Evil Corp” ilə Rusiya dövləti arasında əsas vasitəçi adlandırırdı, ABŞ Ədliyyə Nazirliyi ona qarşı sanksiya tətbiq edib.
Nəşrə görə, 2025-ci ildə kurorta 20 milyon rubldan çox ödəyənlər arasında Aİ və Britaniyanın sanksiya tətbiq etdiyi milyarder İqor Altuşkinin ailəsi, “Rusiya Dəmir Yolları”nın ən böyük tikinti podratçısı olan “1520” şirkətinin səhmdarı Aleksey Krapivin və moldovalı oliqarx İlan Şorla əlaqəli “Yevraziya” təşkilatı var. Şorun qurduğu A7 ödəniş sistemini ABŞ “transmilli cinayət təşkilatı” adlandırıb.
“Sber”in rəhbəri German Qref müharibədən sonra “Avropa bağlı olduğu müddətdə Kurşevel sözünü Manjerokla əvəz edəcəyik” demişdi. “Meduza”ya görə, kurortun tədarük sənədlərində “sanksiyalı məhsul tədarükü” açıq yazılıb, villalara şəxsi mühafizəçi və eşikağası verilir. “Novaya Qazeta”nın yazdığına görə, kəndin sakinlərindən torpaq sahələri kompleks ərazi inkişafı proqramı ilə “ultimativ” alınıb, sakinlər Putinə müraciət edib kəndlərini saxlamağı xahiş edib.


