Mehman Hüseynov 2 il sonra həbs müddəti başa çatdığı üçün azadlıqdadır

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb – polisə böhtan atmaqda təqsirli bilinib.

Ancaq Mehman Hüseynov həbsinin siyasi motivli, sosial şəbəkələrdə məmurlar haqda yaydığı videolarla bağlı olduğunu qeyd etmişdi.

2018-ci il avqustun 24-də Qaradağ Rayon Məhkəməsi hakim Rəşad Məmmədovun sədrliyi ilə bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması barədə müraciəti təmin edilməyib. Məhkəmənin qərarını Apelyasiya Məhkəməsi də hakim Elşad Şamayevin sədrliyi ilə qüvvədə saxlayıb.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

Hüseynova qarşı dekabrın 26-da yeni cinayət işi başlanıb. Bu dəfə o, Penitensiar Xidmətin əməkdaşına xəsarət yetirməkdə ittiham edilib. Bloger etiraz olaraq 10 gündən çox aclıq aksiyası keçirib və onun aclıq aksiyasına geniş ictimai dəstək olub.

Nəhayət? yanvarın 22-də prokurorluq bloger barəsində qaldırılmış yeni cinayət işinə xitam verib. Prokurorluğun cinayət işinə xitam verməsi prezident İlham Əliyevin Mehman Hüseynovun yazdığı bildirilən müraciətə dərhal reaksiya verməsindən bir gün sonraya təsadüf edib.

Mənbə: Meydan.tv

Leave A Reply