Elektron pul, Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankı (AMB) bildirib ki, elektron pul təşkilatı “Mobile Payment Solutions” MMC-də apardığı yerində yoxlama zamanı qanunvericilik və normativ aktların pozulması aşkar edilib. Şirkətə çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. Qərar “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsaslanır.

AMB-nin məlumatında konkret pozuntuların nə olduğu, şirkətin hansı işini əhatə etdiyi və onların aradan qaldırılması üçün nə qədər vaxt verildiyi yazılmayıb. Şirkət hələlik açıqlama verməyib.

“Mobile Payment Solutions” 28 avqust 2012-ci ildə vergi uçotuna alınıb. Mərkəzi Bank ona elektron pul təşkilatı kimi müddətsiz lisenziyanı 8 iyul 2024-cü il tarixli qərarla verib. Açıq reyestrə görə, şirkətin nizamnamə kapitalı 857 min manat, qanuni təmsilçisi Vüsal Həsənovdur. Azərbaycanda hazırda 21 elektron pul və ödəniş təşkilatı fəaliyyət göstərir.

Leave A Reply