Papa XIV Leonun İznik səfəri

Katolik dünyasının yeni lideri Papa XIV Leo Türkiyənin İznik (antik Nikeya) şəhərinə səfər edərək Xristianlıq tarixinin mühüm hadisəsi olan Birinci Nikeya Şurasının 1700 illik yubileyini qeyd edib. Bu səfər həm dini, həm də siyasi baxımdan tarixi bir hadisə hesab olunur.

2025-ə qədər hansısa Roma Papası İznik şəhərini ziyarət edibmi? Əgər belə bir səfər olubsa, nə vaxt və kim tərəfindən gerçəkləşib? Səbəbi və dövrün tarixi-siyasi şəraiti necə olub?

Bu məqalədə dini və tarixi mənbələrə əsaslanaraq, bu suallara cavab verilir.

Papa XIV Leonun İznik səfəri - Roma Papası XIV Leonun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfində ilk apostol səfəri zamanı Prezident sarayında qarşılanma mərasimi, Ankara, Türkiyə, 27 noyabr 2025 / REUTERS/Yara Nardi
Roma Papası XIV Leonun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfində ilk apostol səfəri zamanı Prezident sarayında qarşılanma mərasimi, Ankara, Türkiyə, 27 noyabr 2025 / REUTERS/Yara Nardi

İznikin Xristianlıq tarixində əhəmiyyəti

İznik şəhəri (antik Nikeya) Xristian aləmində olduqca önəmli məkanlardan biridir. Məhz burada, eramızın 325-ci ilində Roma imperatoru I Konstantinin təşəbbüsü ilə Birinci Ümumdünya Kilsə Şurası (Birinci Nikeya Konsili) toplaşıb. Bu tarixi yığıncağa dünyanın müxtəlif bölgələrindən təxminən 300-dən çox yepiskop qatılıb.

Roma Papası I Sylvestr həmin dövrdə kilsəyə rəhbərlik etsə də, Nikeya Şurasına şəxsən qatılmayıb. O, öz nümayəndələri olan keşiş Vitor və Vinsenti göndərib.

Şura İsa Məsihin ilahi təbiəti ətrafında yaranmış ariçilik ixtilafını həll etmək məqsədi güdüb. Burada ilk dəfə Xristianların ortaq iman formulu – Nikeya inanc etirafı (Nicene etiqadnaməsi) qəbul olunub və İsa Məsihin “Tanrı ilə eyni mahiyyətdə” olduğu, yəni tamamilə ilahi və əzəli olduğu bəyan edilib.

Nəticədə Arius və tərəfdarları kilsədən kənarlaşdırılıb. Şura həmçinin Pasxa bayramının qeyd ediləcəyi ortaq tarixi müəyyənləşdirib. Bu qərarlar sonrakı bütün xristian ənənələri üçün təməl təşkil edib və Nikeya etiqadnaməsi bu günə qədər dünyanın əksər kilsələrində ibadət zamanı səsləndirilir.

Ariçilik (latınca Arianismus) nədir?

Ariçilik IV əsrdə yaranmış və İsa Məsihin təbiəti barədə ortodoks inancdan kəskin şəkildə fərqlənən teoloji cərəyandır. Bu fikir ilk dəfə Arius adlı İskəndəriyyəli (Misir) bir rahib tərəfindən irəli sürülüb.

Arius deyir ki:

  • İsa Məsih (Tanrının Oğlu) əzəli və əbədi deyil.
  • O, Tanrı ilə eyni mahiyyətdə deyil, sadəcə Tanrı tərəfindən yaradılmış ən ali varlıqdır.

İznik şəhəri daha sonra, 787-ci ildə Bizans imperatriçası İrenanın çağırışı ilə keçirilmiş İkinci Nikeya Konsili ilə də tarixə düşüb. Həmin konsildə ikonaların müqəddəsliyi məsələsində uzun müddət davam etmiş mübahisələrə son qoyulub, müqəddəs ikonaların ibadətdə istifadəsinə icazə verilib.

Bu konsildə də Roma Papası (I Hadrian) şəxsən iştirak etməyib, amma öz elçiləri vasitəsilə qərarları təsdiqləyib. Beləliklə, tarix boyu İznik şəhəri Xristianlığın birliyini və ortaq inancını müəyyən edən iki mühüm konsilə ev sahibliyi edib.

Bu yığıncaqların heç birində Roma papaları şəxsən iştirak etməyib, sadəcə qərarların alınmasında dolayısı ilə rol oynayıblar.

Papaların İznikə səfər cəhdləri

Eramızın ilk minilliyində papaların səfər ənənəsi bugünkü kimi formalaşmamışdı. Xüsusən Roma imperiyasının bölünməsi və sonrakı Qərb-Şərq ayrılığı (1054-cü il Şərq-Qərb xristian ayrılığı) səbəbilə Roma papaları Şərqi Roma (Bizans) ərazisindəki şəhərlərə nadir hallarda səyahət ediblər.

Tarixi qeydlərə görə, VI əsrdən sonra heç bir Roma Papası Konstantinopola (İstanbula) rəsmi səfər etməyib. Yalnız 710-cu ildə Papa Konstantin Bizans imperatoru ilə görüş üçün Konstantinopola gedib ki, bu da əsrlər boyu baş vermiş yeganə nümunədir. İznik isə Bizans paytaxtının (Konstantinopolun) yaxınlığında yerləşsə də, Papalığın birbaşa səfər hədəfi olmayıb.

Osmanlı İmperiyası dövrü

14-cü əsrin ortalarında İznik Osmanlıların əlinə keçdikdən sonra şəhər tamamən müsəlman hakimiyyəti altında olub. Osmanlı sultanları dövründə nə İznikə, nə də ümumən Osmanlı torpaqlarına qeydə alınmış heç bir Papalıq səfəri yoxdur. Roma papalarının Osmanlıya rəsmi səfəri mümkün olmayıb və onlar əsasən Avropa və Müqəddəs Torpaq hüdudlarında fəaliyyət göstəriblər.

Osmanlı padşahları xristian dini liderlərinin imperiya ərazisində nüfuz qazanmasında maraqlı deyildilər və “ikinci Qüds” kimi görülə biləcək İznik kimi məkanlara papaların gəlişinə isti baxmazdılar. Beləliklə, Osmanlı dövründə İznik şəhərinə nəinki Papa səfəri, ümumiyyətlə hər hansı yüksək səviyyəli katolik ziyarəti qeydə alınmayıb.

Atatürk dövründəki səfər cəhdi

İznikə Papalıq səfəri ideyası ilk dəfə ciddi mənada XX əsrin əvvəllərində gündəmə gəlib. 1925-ci ildə Birinci Nikeya Şurasının 1600 illiyi münasibətilə Roma Papasının İznikə səfər edərək yubiley mərasimində iştirak etməsi planlaşdırılıb.

Həmin dövrdə Roma Papası XI Pius olub (əsl adı Aşille Ratti, 1922-1939-cu illərdə papalıq edib).

Yeni qurulmuş Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün bu plana reaksiyası qəti olub: Atatürk hökuməti 1925-ci ildə Papaya İznikə gəlməyə icazə verməyib.

Atatürk də İznikin xristianlar tərəfindən “ikinci Qüds” kimi dəyərləndirilməsini və burada iri miqyaslı dini ayin keçirilməsini ölkənin suverenliyinə təhdid kimi görüb. O bəyan edib ki, dini ayin adı altında siyasi mesaj verilməsi mümkün deyil və xüsusilə İstanbuldakı Fənər Rum (Pravoslav) Patrikxanasının belə təşəbbüsləri “xəyanət yuvası” xarakteri daşıyır.

Beləliklə, 1925-ci ildə planlaşdırılan katolik mərasimi gerçəkləşməyib və Papa XI Pius İznikə səfər etməyib.

Müasir dövrdə papaların Türkiyə səfərləri

XX əsrin ikinci yarısından başlayaraq Roma papalarının xaricə səfər praktikasında böyük dəyişiklik yaranıb. 1960-cı illərə qədər Vatikan rəhbərləri nadir hallarda İtaliya hüdudlarını tərk edirdilər.

İlk dəfə 1964-cü ildə Papa VI Pavel bu ənənəni pozub. Elə onun ardınca, 1967-ci ildə VI Pavel Türkiyəni ziyarət edən ilk papa olub. Həmin tarixdə Papa VI Pavel İstanbulda ekumenik patriarx I Afenagorla görüşüb, həmçinin İzmir və Efesə səfər edib.

VI Paveldən sonra daha üç Roma Papası Türkiyəyə apostol səfərlər gerçəkləşdirib: II İohаn Pavel (Karol Voytila) 1979-cu ildə, XVI Benedikt 2006-cı ildə, Fransisk isə 2014-cü ildə Ankarada və İstanbulda rəsmi görüşlər və dini mərasimlərdə iştirak ediblər. Bu səfərlərin hamısının əsas məqsədi İstanbuldakı pravoslav patriarxı ilə görüşüb xristian dünyasında birlik mesajı vermək olub.

Bu səfərlərin heç birində papa İzniki ziyarət etməyib.

Papalar əsasən Ankara-İstanbul xətti və zamanla Efes (İzmir) kimi məkanlarla kifayətləniblər. İznikdə aktiv katolik icmasının olmaması, şəhərin kiçik və infrastruktursuz olması və tarixi həssasiyyətlər bu şəhəri gündəmdən kənarda saxlayıb.

2025-ci il: Papa XIV Leonun İznik səfəri və konteksti

2025-ci ildə baş tutan səfər tarixdə Roma papasının İznikə ilk səfəridir. Papa XIV Leo (Roma papalarının arasından ilk amerikalı və XIV Leo adını seçən ilk pontifik) 27 noyabr – 2 dekabr tarixlərində Türkiyə və Livana apostol səfəri gerçəkləşdirib. Bu, onun taxta çıxmasından sonra ilk xarici səfəri olub.

Səfərin əsas məramı 325-ci ildə keçirilmiş Birinci Nikeya Konsilinin 1700 illiyini məhz hadisənin baş verdiyi yer olan İznikdə yad etmək olub. Papa Leo sələfi Fransiskin həyata keçirə bilmədiyi bu ideyanı gerçəkləşdirmək üçün Türkiyəni ilk istiqamət olaraq seçib.

“Reuters” agentliyi yazıb ki, “ABŞ əsilli yeni Papa əhalisi əsasən müsəlman olan Türkiyəni birinci xarici səfərinin məkanı seçib ki, burada Xristianlığın Nikeya Konsilinin 1700 illik ildönümünü qeyd etsin.

Çünki məhz həmin konsildə qəbul edilmiş Nicə etiqadnaməsi bu gün də dünyanın əksər xristianları tərəfindən istifadə olunur”.

Papa XIV Leo səfər proqramı çərçivəsində əvvəlcə Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, ardınca İstanbula gedərək oradakı pravoslav və katolik icmaları ilə bir araya gəlib. Noyabrın 28-də isə Papa helikopterlə İznikə uçaraq yubiley tədbirlərinə qatılıb.

İznikdə Roma Papası və İstanbul Patriarxı I Bartholomeos başda olmaqla digər qədim kilsə rəhbərləri birgə dua mərasimi keçiriblər. Bu, tarixi baxımdan misilsiz bir mənzərə olub: xristianlığın beş qədim patriarxlığının (Roma, Konstantinopol, İskəndəriyyə, Antakya, Qüds) nümayəndələri 1700 il sonra ilk dəfə birlikdə Nikeya Konsilini anmaq üçün İznikdə yan-yana dayanıblar.

Bu səhnə erkən kilsənin parçalanmamış və vahid olduğu dövrə ehtiram duruşu kimi qiymətləndirilir və eyni zamanda gələcəkdə xristian kilsələrinin birliyinin mümkünlüyünə dair rəmzi bir işarə daşıyır.

Papa XIV Leo İznikdə keçirilən ekumenik dua mərasimində sualtı bazilika kimi tanınan tarixi abidənin yaxınlığında dualar edib. Bu sualtı qalıntılar 2014-cü ildə İznik gölündə aşkar olunub və IV əsrə aid bazilika xarabalıqlarıdır. Ehtimal olunur ki, Birinci Konsillə bağlı məkanlardan biridir.

Papa burada katolik, pravoslav və digər xristian liderləri ilə birlikdə Nicə etiqadnaməsini oxuyub və Xristianlığın ortaq əsaslarının unudulmamasına çağırış edib. O vurğulayıb ki, 1700 il əvvəl bu şəhərdə “İsa Məsihin Tanrı oğlu olduğu” inancı üzərində ittifaq yaranmışdısa, bu gün də müxtəlif kilsələr arasında dialoq və birlik üçün Nicə ruhuna ehtiyac var.

Millətçilər İznik səfərinə etiraz edib

Papa XIV Leonun İznik səfəri -Milliyyətçi qruplar Nikeyada Birinci Ekumenik Şuranın 1700 illiyinin qeyd edilməsinə qarşı çıxırlar / ilmessaggero.it
Milliyyətçi qruplar Nikeyada Birinci Ekumenik Şuranın 1700 illiyinin qeyd edilməsinə qarşı çıxırlar / ilmessaggero.it

Türkiyə daxilində bəzi millətçi qruplar İznikdə Papaya ev sahibliyi edilməsinin əleyhinə etiraz aksiyaları keçiriblər. Onlar 28 noyabr tarixinin Türkiyə tarixi üçün də önəmli (1920-ci ildə İznikin Yunan işğalından geri alınmasının ildönümü) olduğunu qeyd edərək, həmin gün xristian mərasim təşkil edilməsini “tarixə hörmətsizlik” kimi qələmə veriblər.

Lakin hökumət səviyyəsində bu etirazlara reaksiya verilməyib və tədbir yüksək təhlükəsizlik və təşkilatçılıqla icra olunub.

Beləliklə, 1925-ci ildə Atatürkün “milli suverenliyə təhdid” kimi gördüyü üçün icazə vermədiyi hadisə, 2025-ci ildə Türkiyə rəhbərliyinin razılığı ilə baş tutub.

Ərdoğanın bu səfərdən umduğu reputasiya və legitimlik

Papanın gəlişi Türkiyədə iki cür şərh edilir. Hökumətə yaxın mənbələr səfəri Türkiyənin “yumşaq gücünün” göstəricisi kimi təqdim edərək ölkənin geostrateji əhəmiyyətini vurğulayır və Vatikanın regional güclə əməkdaşlıq arzusu göstərdiyini bildirirlər.

Tənqidçilər isə hesab edir ki, Ərdoğan uzun illərdir Avropa ilə gərgin münasibətlər fonunda beynəlxalq legitimlik qazanmaq üçün bu cür simvolik ziyarətlərdən faydalanır.

“Al‑Monitor”un yazdığına görə, müxalifətə qarşı repressiyalar və iqtisadi tənəzzül cəmiyyətdə narazılığı artırdığı vaxtda bu səfər Ərdoğana müsbət imic qazandıran diplomatik hadisədir.

“Fortune” jurnalında da qeyd olunur ki, Türkiyənin artan hərbi gücü Qərb liderlərini Ərdoğanın yanına çəkir, halbuki müxalifətin sıxışdırılması və yaşayış xərclərinin artması əhali arasında narazılığı çoxaldır.

Papa XIV Leonun İznik səfəri

Leave A Reply