Dünyanın Emosional Sağlamlığı

“Dünyanın Emosional Sağlamlığı” hesabatı əsasında Azərbaycan və müxtəlif Avropa ölkələrinin emosional rifah göstəriciləri müqayisə olunur; nəticələr isə iqtisadi rifahdan daha çox, mədəniyyət, sabitlik və sosial təzyiqlərlə izah edilir.

Emosional rifah, insanların gündəlik həyatda yaşadıqları hisslərin – sevinc, stress, kədər, qəzəb və s. ümumi balansını ifadə edir. Bu göstərici təkcə fərdi xoşbəxtlik üçün deyil, cəmiyyətin sağlamlığı və sabitliyi üçün də son dərəcə vacibdir.

Tədqiqatlar göstərir ki, mənfi emosiyaların geniş yayıldığı toplumlarda səhiyyə və ictimai asayiş zəifləyir, ömür uzunluğu azalır. İnsanlar özlərini emosional olaraq yaxşı hiss etdikdə isə, bu onların fiziki sağlamlığına müsbət təsir göstərir və cəmiyyətdə daha möhkəm sosial əlaqələr formalaşır.

Buna görə də, müasir dünyada bir sıra hökumətlər və beynəlxalq qurumlar emosional rifahı “cəmiyyətin sağlamlığının vacib indikatoru” kimi qəbul etməyi tövsiyə edirlər. “Gallup” İnstitutu da hər il dünyanın emosional vəziyyətini ölçən qlobal sorğular keçirərək göstərir ki, ənənəvi iqtisadi statistikalar (məsələn, ÜDM) insanların əsl rifahını tam əks etdirmir.



Qlobal və Avropa üzrə ümumi emosional göstəricilər

Dünya miqyasında emosional mənzərə son onillikdə ciddi dəyişikliklərə məruz qalıb. “Gallup”un “Dünyanın Emosional Sağlamlığı” hesabatına əsasən 2024-cü ildə planet üzrə yetkinlərin 39%-i əvvəlki gün çox narahat olduqlarını, 37%-i isə çox stress keçirdiklərini bildiriblər. Həmçinin, qlobal səviyyədə gündəlik kədər hiss edənlərin payı 26%, qəzəb hiss edənlərin payı 22% olub.

Bu mənfi emosiyaların göstəriciləri pandemiya dövründəki pik hədlərdən bir qədər geriçəksə də, hələ də on il əvvəlki rəqəmlərdən yüksək olaraq qalır. Yəni, bütün dünyada insanlar on il öncəyə nisbətən daha çox stress və narahatlıq yaşayırlar.

Bununla yanaşı, müsbət emosiyalar nisbətən stabil qalıb: 2024-cü ildə sorğu iştirakçılarının 88%-i onlara ötən gün hörmətlə yanaşıldığını deyib (“Gallup”un ölçdüyü ən yüksək səviyyələrdən biri), ~73%-i çox gülüb və zövq aldığını, 72%-i özünü yaxşı dincəlmiş hiss etdiyini bildirib. Bu göstəricilər illərdir ki, ciddi dəyişməyərək dünya üzrə uzunmüddətli orta səviyyədə qalıb.

Avropa ölkələri qlobal emosional mənzərədə ümumilikdə daha müsbət tablolarla seçilir. Araşdırmalar göstərir ki, Qərbi Avropada gündəlik mənfi emosiyaların rastgəlmə tezliyi dünyanın digər bölgələri ilə müqayisədə xeyli aşağıdır.

Məsələn, Skandinaviya xalqları ən sakit və emosional sabit toplumlar sırasındadır: Finlandiyada gündəlik qəzəb hiss edənlərin payı cəmi ~5% təşkil edir ki, bu, dünya üzrə ən aşağı göstəricilərdən biridir (qlobal orta 22%-dir).

Bundan əlavə, Danimarka kimi rifah göstəriciləri yüksək olan ölkələrdə insanların böyük əksəriyyəti hər gün pozitiv hisslər yaşayır – sorğulara görə danimarkalıların 93%-i hər gün zövq aldığını bildirir ki, bu, dünyada ən yüksək göstəricidir. Avropanın bir çox inkişaf etmiş cəmiyyətlərində gülüş, həzz alma, rahatlamış hiss etmə kimi müsbət emosiyalar güclüdür, stress və narahatlıq isə qlobal ortalamadan aşağıdır.

Bununla belə, Avropa daxilində emosional vəziyyət vahid deyil. Bölgədən asılı olaraq ciddi fərqlər görünür. Ümumən Qərbi Avropada vəziyyət yaxşı olsa da, Mərkəzi və Şərqi Avropada, eləcə də keçmiş sovet məkanı ölkələrinin bəzilərində mənfi emosiyaların səviyyəsi daha yüksəkdir.

Məsələn, Ukraynada 2022-ci ildə başlayan müharibə insanların gündəlik emosiyalarına ağır təsir göstərib: 2023-cü ilin sonuna ukraynalıların 53%-i hər gün narahatlıq (qorxu) keçirdiyini, 32%-i stress yaşadığını, 39%-i kədər hiss etdiyini bildirib.

Şərqi Avropanın digər bir ölkəsi Ermənistanda da son dövrdə siyasi-iqtisadi gərginliklərin təsiri ilə mənfi emosiyalar artıb. Əhalinin 43%-i gündəlik qəzəb hissi keçirdiyini söyləyib, bu göstərici ilə Ermənistan dünya üzrə ilk üçlükdədir. Halbuki, Avropa İttifaqının sabit və varlı ölkələrində belə yüksək neqativ emosional göstəricilərə nadir hallarda rast gəlinir.

Bu səbəblə, Avropa regionunda emosional rifahı ümumi olaraq yüksək qiymətləndirmək mümkün olsa da, münaqişə yaşayan və ya iqtisadi böhran içində olan Avropa ölkələri qlobal mənfi emosiyalar statistikasını pisləşdirən qrupda yer ala bilir.

Azərbaycana dair mövcud məlumatlar yetərsizdir

Azərbaycanın emosional rifah göstəriciləri barədə beynəlxalq statistik məlumatlar mövcuddur, lakin onlar qlobal hesabatlarda çox az vurğulanır. Bunun bir səbəbi odur ki, Azərbaycan nə mənfi emosiyalar üzrə ən yüksək, nə də müsbət emosiyalar üzrə ən yüksək göstəricilərə malikdir. Yəni, qlobal sıralamada diqqət çəkəcək hədddə deyil.

“Gallup”un 2024-cü il üçün 144 ölkədə apardığı sorğunun detallı nəticələrində Azərbaycan da yer alır. Məsələn, həmin sorğuda azərbaycanlı respondentlərin cəmi 11%-i əvvəlki gün qəzəb hissi keçirdiyini bildirib (müqayisə üçün, Ermənistanda 43%, Belçikada 11%).

Bu o deməkdir ki, Azərbaycanda gündəlik qəzəb hissi yaşayanların payı həm qlobal ortalamadan (22%) xeyli aşağıdır, həm də regionda nisbi olaraq aşağı səviyyədədir. Bənzər şəkildə, digər mənfi hisslər (kədər, narahatlıq, stress) üzrə də Azərbaycan kəskin yüksək rəqəmlərlə seçilmir.

Digər tərəfdən, Azərbaycana dair mövcud məlumatlar yetərsizdir. Ölkədə emosional rifahla bağlı müstəqil yerli tədqiqatlar və ya genişmiqyaslı sorğular çox az aparılır.

Bununla belə, Azərbaycanın emosional sağlamlığı dinamikasında diqqətəlayiq məqamlar var. Xüsusilə, münaqişə və sülh şəraitinin dəyişməsi insanların hisslərinə əhəmiyyətli təsir göstərib.

2020-ci ildə Dağlıq Qarabağ müharibəsinin bitməsi və sonrakı sülh razılaşmaları fonunda son il ərzində azərbaycanlıların gündəlik stress səviyyəsində kəskin azalma qeydə alınıb. “Gallup”un məlumatına görə, atəşkəs sazişindən sonra Azərbaycanda stress yaşayanların payı bir ildə 40%-dən 14%-ə düşüb. Bu, həmin dövrdə dünyada stressin enməsi üzrə ən böyük göstəricidir.

Bundan əlavə, eyni dövr ərzində azərbaycanlılar arasında gündəlik qəzəb, narahatlıq və kədər hisslərinin də əhəmiyyətli dərəcədə azaldığı müşahidə edilib. Yəni, ölkədə hərbi-siyasi gərginliyin azalması insanların emosional rifahını nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıb. Bu müsbət dəyişikliklərə baxmayaraq, Azərbaycan qlobal hesabatlarda “ən yaxşılar” sırasına yüksəlməyib, çünki başqa ölkələrdə də oxşar müsbət trendlər olub və ümumən Azərbaycanın yeni göstəriciləri ortastatistikdir.

Yekun olaraq, Azərbaycan cəmiyyəti üzrə emosional rifah məlumatları qıt və səpələnmiş olsa da, mövcud rəqəmlər ölkədə emosional vəziyyətin nisbətən yaxşı olduğunu, son illərdə isə daha da yaxşılaşdığını deməyə əsas verir.

Azərbaycanla bir neçə Avropa ölkəsinin müqayisəsi

Azərbaycan hal-hazırda gündəlik stressin ən aşağı səviyyədə olduğu ölkələrdən biridir (cəmi 14%).

Danimarka kimi zəngin və sosial təminatlı bir ölkədə insanlar demək olar ki, hamılıqla hər gün həyatlarından zövq aldıqlarını qeyd edirlər (93%). Yəni, orada müsbət emosiyaların hakim olduğu cəmiyyət görünür.

Bunun əksinə, Ermənistan hazırda dünyada əhalisi ən qəzəbli olan ölkələrdən biridir; hər 10 ermənidən 4-dən çoxu gündəlik qəzəb hissi keçirdiyini deyir. Bu, Ermənistanın son illərdə yaşadığı müharibələrdə məğlubiyyət, daxili siyasi gərginlik və sosial-iqtisadi problemlərin cəmiyyətdə yaratdığı narazılıq hissi ilə əsaslandırılır.

Avropanın cənubunda yerləşən kiçik ada dövləti Malta isə paradoksal nümunədir: iqtisadi cəhətdən inkişaf etsə də, orada narahatlıq (təşviş) səviyyəsi çox yüksəkdir (61%). “Gallup”un hesabatı bunu Maltanın sürətli iqtisadi artımla bərabər sosial və ekoloji tarazlığı təmin etməkdə çətinlik çəkməsi ilə izah edir. Yəni, insanlar gələcəyin qeyri-müəyyənliyindən narahatdırlar.

Nəhayət, Ukrayna nümunəsi göstərir ki, aktiv müharibə şəraitində emosional rifah kəskin şəkildə pisləşir: ukraynalıların yarıdan çoxu (53%) hər gün narahatlıq içindədir, stress və kədər yaşayanların da payı yüksəkdir.

Lakin maraqlıdır ki, döyüş bölgəsində olmalarına baxmayaraq, ukraynalılarda stress faizi bəzən daha sabit ölkələrdən belə aşağı qeydə alınıb. Məsələn, “Gallup”un 2023 məlumatlarına görə Britaniyada stress yaşayanlar 38% idisə, Ukraynada bu göstərici 32% olub. Mütəxəssislər bunu ukraynalıların çətinliklər qarşısında müəyyən mənada “dəyanət” göstərməsi, habelə belə sorğularda mədəniyyət fərqlərinin təsiri ilə izah edirlər (bəzi şəxslər stressi “yeni norma” kimi qəbul edib ifadə etməyə bilərlər).

Azərbaycanda zövq alma ilə bağlı göstəricilər

“Gallup”un Dünya Emosiyaları sorğusunun məlumatları əsasında hazırlanmış bəzi vizuallaşdırmalarda Azərbaycanda “enjoyment” (zövq alma) göstəricisi təxminən 50 % səviyyəsində göstərilir.

Müqayisə üçün, rəsmi hesabatda göstərilən Danimarka, Paraqvayİndoneziya kimi ölkələrdə zövq alma göstəricisi 90 %‑dən yuxarıdır. Həmin vizuallaşdırma Azərbaycanın Avropa ölkələri arasında bu göstərici üzrə ən aşağı sıralarda yer aldığını göstərir və buna səbəb kimi yoxsulluq, uzunmüddətli konflikt və demokratik institutların zəifliyi vurğulanır.

“Gallup”un hesabatında belə detallı göstəricilər olmasa da, bu rəqəm Azərbaycanda müsbət emosional təcrübələrin nisbətən aşağı olduğunu və sosial‑iqtisadi faktorların insanların gündəlik sevincini məhdudlaşdıra biləcəyini göstərir.

Dünyanın Emosional Sağlamlığı

Leave A Reply