Madaqaskarda etirazlar
Madaqaskarda prezident Andri Radzuelina ölkə boyu günlərlə davam edən etirazlar fonunda ölkədən qaçıb. O, təhlükəsiz yerdə olduğunu bildirsə də, hara getdiyini açıqlamayıb.
Prezidentin Fransa təyyarəsində ölkəni tərk etdiyi bildirilir.

Etirazlar necə başlayıb?
Etirazlar 25 sentyabrda paytaxtda su və elektrik enerjisi kəsintiləri, bahalaşma və korrupsiyaya qarşı dinc yürüşlə başlayıb. Z nəsli hərəkatı adlandırılan gənclər təşkilatının rəhbərliyi altında aksiyalar qısa müddətdə minlərlə insanın qatıldığı geniş xalq etirazına çevrilib.
Polis ilk günlərdə güc tətbiq edib. BMT-nin məlumatına görə, etirazların ilk günlərində ən azı 22 nəfər öldürülüb, onlarla insan yaralanıb.
Radzuelina isə rəqəmlərə etiraz edərək “talançılar və vandallar” arasında 12 ölüm olduğunu iddia edib.
Ordu və jandarm etirazçılara qoşulub
Etirazların intensivləşməsindən sonra Madaqaskarın elit hərbi bölməsi CAPSAT (Camps des paras et des fusiliers marins) və jandarm hissələri nümayişçilərə atəş açmaqdan imtina edib, hökumətin əmrlərinə tabe olmayacaqlarını və xalqla həmrəy olduqlarını bəyan ediblər.
CAPSAT məhdudiyyətlərlə razılaşmayaraq ordunun nəzarətini öz üzərinə götürdüklərini və müdafiə nazirinin təyin etdiyi yeni baş qərargah rəisinin qəbul etdiklərini açıqlayıb.
Prezidentin qaçışı və izahatı

Çevik qüvvələrə nəzarəti itirən Radzuelina oktyabrın 13-ü paytaxtı tərk edib. “Al Jazeera”nın məlumatına görə, o, Fransanın “CASA” hərbi təyyarəsi ilə ölkədən çıxarılıb. Təyyarə əvvəlcə Sainte-Marie hava limanına, sonra isə ehtimal ki, Dubaya enib.
Prezident öz video müraciətində həyatının təhlükədə olduğunu, ona qarşı sui-qəsd planı barədə xəbər aldığını və bu səbəbdən təhlükəsiz yerə getməli olduğunu deyib. Onun televiziya ilə çıxışı isə silahlı qüvvələrin dövlət televiziyasını ələ keçirməyə cəhd göstərməsi səbəbindən gecikib və yalnız “Facebook” səhifəsindən yayımlanıb.
Radzuelina çıxışında konstitusiyanın qorunması, sülh və dialoq çağırışı edib; harada olduğunu söyləmədən müvəqqəti uzaqlaşdığını vurğulayıb.
- Cabir İmanovun ölümündən sonra: “Özünə və qardaşının ruhuna hörmət elə”
- Fransanın yeni hökuməti 13 saat sonra istefa verib
- Əliyev-Putin görüşü: təyyarə böhranı, sanksiya təhdidləri və balans siyasəti
Fransanın rolu və beynəlxalq reaksiyalar
“Reuters” və digər mənbələrə görə, Radzuelinanın Fransa vətəndaşlığı var və bu, illərdir müzakirə mövzusudur. Fransa prezidenti Emmanuel Makron etirazların gedişində Madaqaskardakı hadisələrlə bağlı narahatlığını ifadə etsə də, Radzuelinanın Fransanın köməyi ilə təxliyə olunduğunu açıq şəkildə təsdiqləməyib.
BMT baş katibinin sözçüsü etirazların sülhlə yatırılmasını və insan hüquqlarına hörmət edilməsini tələb edib.
Parlamentin mövqeyi
Etirazların qızğın vaxtında Madaqaskar parlamentində müzakirələr gedib. Məlumatlara görə, ölkənin Senatı öz sədrini vəzifədən azad edib, bu da siyasi böhranın artdığını göstərir.
Lakin prezident Radzuelinanın vəzifəsindən qanuni olaraq uzaqlaşdırıldığına dair hələlik rəsmi qərar yoxdur; parlamentin bəzi üzvləri onun legitimliyinin sual altında olduğunu deyirlər.
Etirazların kökü və kontekst
Analitiklər etirazları Keniya və Nepalda baş verən Z nəsli nümayişləri ilə müqayisə edir. Madaqaskar uzun müddətdir kasıblıq, korrupsiya və əhalinin 80 %-dən çoxunun gündə 1,9 dollardan az gəlir qazanması kimi sosial problemlərlə üz-üzədir.
Radzuelina 2009-cu ildə hərbi dəstək və xalq etirazları hesabına hakimiyyətə gəlib, daha sonra 2023-cü ildə seçkilərdə yenidən prezident olub. Bu aksiyaların ona qarşı ən ciddi müqavimət kimi qiymətləndirilir.
Orduda parçalanma, genişmiqyaslı etirazlar və prezidentin qaçması fonunda Madaqaskarın gələcəyinin necə olacağı naməlumdur.
Madaqaskarda etirazlar