Əliyev-Putin görüşü barədə
Düşənbədə keçirilən MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan təkbətək görüş son aylarda artan gərginlik fonunda diqqət mərkəzində idi.
Görüş həm iki ölkə münasibətlərində yaranmış böhranı yumşaltmaq, həm də Vaşinqtondan gələn yeni sanksiya siqnalları fonunda Azərbaycanın geosiyasi mövqeyini müəyyənləşdirmək baxımından əhəmiyyətli idi.
Görüşdə baş verənlər: təyyarə insidenti və rəsmi izahat

Görüşün əsas mövzusu 2024-ün sonunda Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan AZAL təyyarəsi insidenti olub. Bu hadisə Azərbaycan-Rusiya münasibətlərində son illərin ən dərin böhranını yaratmışdı.
Vladimir Putin Düşənbədə məsuliyyəti etiraf edib, təyyarəyə tuş gələn raketlərin “texniki nasazlıq” olduğunu açıqlayıb və ölənlərin ailələrinə kompensasiya ödəniləcəyini bildirib.
İlham Əliyev Putinin izahatını və üzrxahlığını “problemin açıq şəkildə müzakirəsi baxımından müsbət addım” kimi dəyərləndirib.
Rəsmi açıqlamalardan görünürdü ki, tərəflər böhranı arxada qoymaq və münasibətləri “müttəfiqlik bəyannaməsi” çərçivəsində bərpa etmək niyyətindədirlər. Liderlər ticarət dövriyyəsinin artdığını, hökumətlərarası komissiyanın aktiv işlədiyini vurğulayaraq əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.
Aktau təyyarə qəzasından sonra nələr baş verdi?
AZAL-ın “Embraer 190” təyyarəsinin ötən ilin 25 dekabrında Aktauya məcburi eniş cəhdi zamanı qəza etməsi (67 sərnişindən 38 nəfərin həlak olması) Bakı-Moskva münasibətlərində dönüş nöqtəsi olmuşdu.
Azərbaycan tərəfi həmin vaxt dərhal üç tələbi irəli sürdü: rəsmi üzr və günahın etirafı, məsul şəxslərin cəzalandırılması, həlak olanların ailələrinə, yaralananlara və aviaşirkətə tam kompensasiya.
Moskva sonradan ödənilən məbləğlərdən danışsa da, Bakı bunun sığorta xətti ilə AZAL-a və zərərçəkənlərə ödənilən vəsait olduğunu, dövlət məsuliyyəti üzrə kompensasiyanın ayrıca öhdəlik olaraq qaldığını vurğulamışdı.
Paralel olaraq tərəflər arasında nota mübadiləsi, media üzərindən sərt bəyanatlar və istintaqla bağlı ziddiyyətli açıqlamalar davam edirdi.
- Azərbaycan-İsrail əlaqələri: İki millət, bir dövlət
- Fransada büdcə kəsintiləri və sosial xidmətlərin dondurulmasına qarşı etirazlar keçirilir
- ABŞ-da hökumət bağlanıb
Qəzanın texniki tərəfi: hadisə necə baş vermişdi?

Bakıdan Qroznıya uçan təyyarənin normal marşrutla irəlilədiyi anda təyyarə Qroznı ətrafında yerləşən Rusiya hava hücumundan müdafiə sistemlərinin fəaliyyət zonasına daxil olub. Həmin vaxt bölgədə Ukraynadan gələn pilotsuz uçuş aparatlarının hücumu səbəbi ilə Rusiya ordusu “Pantsir-S1” tipli zenit-raket komplekslərini aktivləşdiribmiş.
İlkin araşdırmalara görə, bu sistemlərdən atılan iki raket mülki təyyarəni səhvən “naməlum hədəf” kimi tanıyaraq yaxın məsafədə partlayıb. Partlayışın zərbəsi nəticəsində təyyarənin gövdə və qanad hissələrinə çoxsaylı qəlpələr dəyib, hidravlik və yanacaq sistemləri sıradan çıxıb.
Təyyarənin kapitanı dispetçerlərlə əlaqə saxlayıb, lakin Qroznı hava limanı hərbi əməliyyat riski səbəbindən enişə icazə verməyib. Pilotlar təyyarəni Xəzər istiqamətinə yönəldərək alternativ marşrutla Aktau hava limanına enməyə cəhd göstəriblər.
Təxminən 40 dəqiqəlik uçuşdan sonra idarəetmənin tam itirilməsi ilə əlaqədar təyyarə Aktau yaxınlığında qəzaya enişi edib. Nəticədə 67 nəfərdən 38-i həlak olub, 29 nəfər xəsarət alıb. Qazaxıstan xilasetmə qrupları və Azərbaycan Fövqəladə Hallar Nazirliyi birgə əməliyyat apararaq qara qutuları tapıb.
Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatına əsasən, təyyarənin gövdəsində partlayış izləri, dördkünc formalı çoxsaylı deşiklər və yad metallik qəlpələr aşkarlanıb. Ekspertizalar göstərib ki, bu fraqmentlər “Pantsir-S1” tipli raketlərin metallik tərkibi ilə üst-üstə düşür. Qəzanın “quş toqquşması” və ya “pilot səhvi” versiyaları istisna edilib.
“Reuters”, “The Times” və “Euronews” kimi beynəlxalq media qurumlarının istinad etdiyi mənbələr də hadisənin Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən “səhvən atılan raket zərbəsi” nəticəsində baş verdiyi qənaətinə gəliblər.
Bu nəticələr Aktau qəzasını sadə aviasiya hadisəsi deyil, mülki təyyarənin yanlış hədəf kimi tanınması ilə bağlı ciddi hərbi səhv kimi təqdim edir. Hadisə həm texniki, həm də diplomatik baxımdan Azərbaycan-Rusiya münasibətlərində yeni gərginlik mərhələsinin başlanğıcı oldu.
Gərginliyin kökləri
AZAL təyyarəsinin vurulması hadisəsi iki ölkə arasında uzun illərdən sonra yaranmış ilk real diplomatik böhran idi. Moskvanın ilkin mərhələdə məsuliyyəti tam qəbul etməməsi isə qarşılıqlı etimadı sarsıtdı.
Sonrakı aylarda münasibətlər daha da gərginləşmişdi. Rusiyada azərbaycanlı miqrantlara qarşı zorakılıq hadisələri, Azərbaycanda isə rusiyalı jurnalist və vətəndaşların saxlanılması iki ölkə arasında “qarşılıqlı təzyiq mərhələsi”ni başlatdı.
Bu hadisələr cəmiyyətdə anti-Rusiya ritorikasını gücləndirdi, Azərbaycan dövlət televiziyaları ilk dəfə açıq şəkildə Kremlin davranışını tənqid etdilər.
Moskva isə cavab olaraq Azərbaycan hakimiyyətini “anti-Rusiya kampaniyası” aparmaqda ittiham etdi. Ən ciddi hadisələrdən biri iyul ayında “Sputnik Azərbaycan” redaksiyasına qarşı keçirilən əməliyyat oldu. Ofisin bağlanması Bakının Kremlin informasiya təsirinə cavabı kimi dəyərləndirildi.
Yekaterinburq hadisəsi: iki azərbaycanlının qətli
İyunun 18-də Yekaterinburqun Şirokoreçye məhəlləsində Rusiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları “cinayətkar qruplaşmaya qarşı əməliyyat” keçirdiklərini açıqladılar. Lakin əməliyyat zamanı azərbaycanlı mənşəli iki şəxs – Cavid və Fərid Hüseynov qardaşları güllələnərək öldürüldü, onlarla azərbaycanlı isə polis tərəfindən saxlanıldı.
Rusiya tərəfi hadisəni “polisə silahlı müqavimət”lə əsaslandırdı. Lakin hadisə şahidlərinin ifadələrinə, eləcə də yerli diaspor nümayəndələrinin videomateriallarına görə, qardaşlar silahsız idilər və polis tərəfindən heç bir xəbərdarlıq edilmədən atəş açılıb. Videolarda hadisə yerində qısa qarşıdurma, ardınca isə silah səsləri eşidilir.
Azərbaycan ictimaiyyəti bu hadisəni “etnik zəmində qətl” və “nümayişkaranə zorakılıq” kimi qiymətləndirdi. Rəsmi Bakı dərhal reaksiya verdi – Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı, Moskvaya nota təqdim olundu və hadisənin “obyektiv, şəffaf araşdırılması” tələb edildi. Azərbaycan Baş Prokurorluğu cinayət işi açaraq ölənlərin ailələrinə hüquqi yardım göstərməyə başladığını açıqladı.

Bakı hadisəni yalnız fərdi zorakılıq kimi deyil, Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı sistemli davranışının tərkib hissəsi kimi dəyərləndirdi. Dövlət televiziyaları və rəsmi media “Yekaterinburq qətli”ni gündəmin bir nömrəli mövzusuna çevirdi, Moskvanın susqunluğu isə qəzəbi artırdı.
Rusiyanın cavabı soyuq və müdafiə yönümlü oldu. Kreml sözçüsü Dmitri Peskov hadisəni “qanuni əməliyyat zamanı baş vermiş faciə” adlandırdı və “etnik motivlərin” mövcudluğunu inkar etdi. Rusiya Daxili İşlər Nazirliyi açıqlamasında “ölənlərin kriminal keçmişə malik olduğu” iddiasını irəli sürdü. Bu, Bakıdakı siyasi dairələrdə və ictimaiyyətdə daha sərt reaksiyaya səbəb oldu.
Hadisədən bir neçə gün sonra Azərbaycan hüquq-mühafizə orqanları da “simmetrik addımlar” atmağa başladı: Bakıda və Qusarda bir neçə rusiyalı vətəndaş, o cümlədən jurnalist və İT mütəxəssisləri “viza rejimi pozuntusu” və “qeyri-qanuni fəaliyyət” ittihamları ilə saxlanıldı. Bu həbslər “Yekaterinburq hadisəsinə cavab mesajı” kimi qiymətləndirildi.
Media və ekspertlər iki ölkə arasında yaranan vəziyyəti artıq “girov diplomatiyası” və “soyuq qarşıdurma mərhələsi” kimi təsvir edirdi. Moskvaya yaxın KİV-lər Bakını “anti-Rusiya kampaniyası” aparmaqda ittiham etdi, Azərbaycan mediası isə “Rusiyanın miqrantlara qarşı zorakılıqla Bakıya mesaj verməyə çalışdığını” yazdı.
Hadisə nəticəsində Azərbaycan-Rusiya münasibətlərindəki inamsızlıq daha da dərinləşdi. Analitiklər bunu 2024-cü ilin AZAL təyyarə faciəsindən sonra ikinci kritik diplomatik böhran kimi qiymətləndirdilər. Hər iki ölkənin xarici işlər qurumları hadisəni yumşaltmağa çalışsa da, ictimai mühitdə formalaşan emosional fon vəziyyəti dəyişməyə qoymadı.
“PEACE Act” və Azərbaycana qarşı sanksiyalar
ABŞ Konqresində bu ilin 30 sentyabrında respublikaçı konqresmenlər Darrell İssa və Qus Bilirakis tərəfindən təqdim edilən “Preventing Escalation and Advancing Caucasus Engagement Act” (PEACE Act, H.R.5632) adlı qanun layihəsinin Cənubi Qafqazda yeni hərbi qarşıdurmaların qarşısını almağı və sülh prosesini möhkəmləndirməyi hədəflədiyi deyilir.
Sənədin əsas bəndlərinə görə, Azərbaycan tərəfindən Ermənistana qarşı “yeni hərbi aqressiya” baş verərsə, ABŞ prezidenti Azərbaycan hökumətinin yüksək vəzifəli şəxslərinə, onların ailə üzvlərinə və əlaqəli qurumlara qarşı sanksiyalar tətbiq etməlidir.
Bu sanksiyalar maliyyə aktivlərinin dondurulması, viza qadağaları və enerji sektoruna maliyyə məhdudiyyətlərini əhatə edir. Layihə, həmçinin ABŞ Maliyyə Nazirliyinə Azərbaycan neft ticarətində iştirak edən bankların siyahısını açıqlamağı və bu sahədə fəaliyyət göstərən xarici maliyyə qurumlarına məhdudiyyətlər qoymağı tapşırır. Bununla yanaşı, humanitar fəaliyyətlər – ərzaq, dərman və tibbi ləvazimatların ticarəti sanksiyalardan istisna edilir.
Qanun layihəsi regionda Ermənistan və Azərbaycanın suverenliyinə dəstək ifadə etsə də, onun əsas siyasi məqsədlərindən biri Ermənistanda Rusiyanın təsirini azaltmaq və Qərblə yaxınlaşmanı təşviq etmək kimi təqdim olunur. Layihə müəllifləri – İssa və Bilirakis bu təşəbbüsü “Cənubi Qafqazda ədalətli və davamlı sülhə yönəlmiş tarixi addım” adlandırır, amma azərbaycanlı tənqidçilər onun erməni diasporunun təsiri ilə formalaşdığını və balanslı yanaşmanı əks etdirmədiyini bildirirlər.
Azərbaycanın hökumətyönlü mediası layihənin yalnız Bakını “potensial təcavüzkar” kimi təqdim etdiyini, halbuki Ermənistan tərəfinin öhdəliklərinə dair heç bir tələbin irəli sürülmədiyini vurğulayır. Bu mövqeyə görə, belə təşəbbüslər sülh prosesinə kömək etmir, əksinə regionda gərginliyi artıra bilər. Bakıda hesab edirlər ki, əgər ABŞ həqiqətən Cənubi Qafqazda sülh istəyirsə, sanksiya dili əvəzinə diplomatik və balanslı yanaşma nümayiş etdirməlidir.
Azərbaycan höküməti hələlik rəsmi reaksiya verməyib.
Balans siyasəti
Belə şəraitdə İlham Əliyevin qarşısında duran əsas vəzifə həm Moskva, həm Vaşinqtonla münasibətləri balanslaşdırmaqdır. Bakı təyyarə insidentindən sonra Qərb ölkələrinin birgə araşdırma təkliflərini qəbul etmədi, məsələni Rusiya ilə birbaşa həll etməyi üstün tutdu. Bu, Moskva ilə açıq qarşıdurmadan yayınmaq cəhdi idi.
Eyni zamanda, Azərbaycan Qərb platformalarında sülh danışıqlarında iştirak etməklə Vaşinqtona da siqnal verdi ki, regionda sülhün bərqərar olması üçün konstruktiv tərəfdaşdır. Bu ilin avqustunda ABŞ-da keçirilən görüşdə Bakının yekun sülh sazişi üçün razılıq verməsi bu istiqamətdə mühüm addım sayılır.
Azərbaycan həm Rusiyanın regionda hərbi-siyasi təsirini minimuma endirməyə, həm də Qərbin enerji və diplomatik dəstəyini saxlamağa çalışır. Bu “çoxvektorlu diplomatiya” Bakı üçün həm təhlükəsizlik, həm də iqtisadi təminat vasitəsidir. Lakin belə balans siyasəti hər iki tərəfdən təzyiq risklərini də artırır – Rusiya Azərbaycanın Qərblə yaxınlaşmasından, Qərb isə onun Moskva ilə əməkdaşlığından narahatdır.
Nəticə
Düşənbə görüşü Azərbaycan-Rusiya münasibətlərində qismən yumşalma mərhələsini başlatsa da, gərginlik tam aradan qalxmayıb. Putin ilk dəfə rəsmi şəkildə üzr istədi, hərçənd bu üzr təyyarə qəzası baş verdiyi vaxtdakından fərqlənməsə də Bakı bunu diplomatik qələbə kimi dəyərləndirdi.
Eyni zamanda, ABŞ Konqresində müzakirəyə çıxarılan “PEACE Act” Azərbaycanın xarici siyasətində yeni təzyiq xətti yaradır. Bakı üçün əsas məqsəd bu iki vektor arasında tarazlığı qoruyaraq nə Qərbdən, nə də Rusiyadan uzaq düşməməkdir.
Hazırkı mərhələdə Əliyev Moskva ilə açıq dialoqu saxlayır, Qərblə sülh və enerji gündəmini davam etdirir. Bu, Azərbaycanın regional siyasətdə müstəqil aktor kimi qalmaq istəyini göstərir. Düşənbə görüşü də bu siyasətin bir epizodu idi – Bakı həm Rusiyaya qarşı sərtlik nümayiş etdirmədən tələbkarlığını qorudu, həm də Qərbə göstərdi ki, regionda sabitlik üçün onunla işləmək mümkündür.
Gələcək aylarda Rusiyanın kompensasiya öhdəliklərini necə yerinə yetirəcəyi və “PEACE Act” layihəsinin Konqresdə hansı mərhələyə keçəcəyi Azərbaycanın xarici siyasət kursunun istiqamətini müəyyən edəcək. Bakı isə bu müddətdə ənənəvi “balans oyun”nu davam etdirməyə məcbur görünür.
Əliyev-Putin görüşü barədə