Azadlıq Radiosu-nun məlumatında deyilir ki, Kofman bir neçə həftəyə Rusiya ordusunun əldən düşəcəyini, əməliyyat fasiləsinə ehtiyac yaranacağını ehtimal edir
Ehtiyatlı hesablamalara görə, Rusiyanın Ukraynada üç həftəlik müharibədə verdiyi itki Birləşmiş Ştatların 20 ildən çox müddət ərzində Əfqanıstanda və İraqdakı itkilərindən çoxdur.
ABŞ və Britaniya rəsmiləri indiyədək Rusiyanın 7 mindən çox əsgərinin öldürüldüyünü bildirirlər. Ukrayna Müdafiə Nazirliyi isə qüvvələrinin 14 mindən çox əsgəri öldürdüyünü deyir. İndiyədək Moskva yalnız bir dəfə – martın 2-də rəsmi itki sayını açıqlayıb, 498 əsgərin öldürüldüyünü bəyan edib.
ABŞ rəsmiləri və müstəqil təhlilçilər itki sayını döyüşlərin peyk təsvirləri və videoları əsasında hesabladıqlarını qeyd edirlər. Buna görə də dəqiq say bəlli deyil.
Amma Rusiyanın Ukraynaya qarşı müharibədə böyük uğursuzluqla üzləşdiyi getdikcə daha aydın olur, əsgərlər arasında ruh düşkünlüyü, fərarilik, logistik çətinliklərin haqda məlumatlar var.
Problemlərə baxmayaraq, Rusiya ordusu Ukraynanın bəzi yerlərində sporadik, kiçik proqres əldə edir. Müharibə artıq hər iki tərəf üçün həlledici mərhələyə daxil olur.
Rusiya səfiri Bosniyanı Ukraynanın gününə düşə biləcəyi ilə hədələyir
Rusiya ordusunun mümkün planları
Rusiya qüvvələri Ukraynada ləng irəliləyiş əldə edir, eyni zamanda Ukrayna tərəfdən sərt müqavimətlə üzləşirlər. Rusiya üzrə hərbi ekspert, Virciniyada yerləşən CNA təhlil mərkəzində Rusiya Tədqiqatları proqramının başçısı Maykl KofmanAzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Reyd Stendişə müsahibəsində bu haqda danışır.
“Məncə, onların Kiyevə hücum edərək onu tutmaq niyyətləri yoxdur və elə görünür ki, Rusiya müharibədə məqsədlərinə yenidən baxır, Ukrayna hökuməti ilə müəyyən siyasi həllə nail olmağa çalışır”, – ekspert deyib.
Kofman Rusiya qüvvələrinin Odessanı tutmaq planları olduğunu düşünmür və Ukrayna qüvvələrinə real təhdidi Donbasda görür. Ekspertin fikrincə, Rusiya qüvvələri bu regionda Ukrayna qüvvələrini mühasirəyə sala, yaxud onlara təhlükəli vəziyyət yarada bilərlər. O, eyni zamanda paytaxt Kiyevin də mühasirəyə alına biləcəyini istisna etmir.
Ukrayna ordusunun fərqi
Ukraynanın havadan müdafiə qüvvələrinə gəlincə, Kofman bu qüvvələri asan hədəf saymır.
“Məncə, ən böyük məsələlərdən biri adamların Ukraynanın hərbi gücünü lazımınca dəyərləndirməməsidir. Bu, Avropada adi silahlarla təmin olunmuş ən böyük ordulardan biridir və Birləşmiş Ştatların keçmişdə savaşdığı ordulardan xeyli fərqlidir, özəlliklə də səriştə, ruh yüksəkliyi, döyüşün effektivliyi, bacarıq səviyyəsi baxımından. Hələ müharibədən öncə Qərb ölkələrinin Ukraynaya verdiyi taktiki gücü bir tərəfə qoyaq. Birləşmiş Ştatların Ukraynanın silahlandırılması üçün gördüyü işi də qeyd etmək lazımdır”, – ekspert vurğulayıb.
Kofman Rusiya Hava Qüvvələrinin məhdud əməliyyatlar apardığını, amma buna görə yüksək bədəl ödədiyini qeyd edir. O, Rusiyanın havadan müdafiə sistemini sıradan çıxarmaqda o qədər də məharətli olmadığını deyir.
Rusiya Ukraynada yüksək rütbəli zabitlərini itirməkdə davam edir
Qərbin silah yardımının rolu
ABŞ və digər Qərb ölkələrinin Ukraynaya göndərdiyi yer-hava tipli raketlər və digər havadan müdafiə sistemləri müharibənin növbəti mərhələsində həlledici rol oynaya bilərmi?
Kofman bunu həlledici faktor saymasa da, köməyi dəyəcəyini düşünür. Ekspertin sözlərinə görə, Ukraynaya havadan müdafiə hər şeydən çox lazımdır. “Ukraynada havadan müdafiə qüvvələri pis işləmir və indilik dayanıb. Bu müdafiəni gücləndirmək digər ideyalardan daha yaxşıdır, mən səmanın bağlanacağı düşünmürəm”, – o deyib.
Ukrayna dəfələrlə NATO-dan səmanı bağlamağı xahiş etsə də, alyans bunun Rusiya ilə birbaşa qarşıdurmaya getmək olacağını deyir.
Kofman bir neçə həftəyə Rusiya ordusunun əldən düşəcəyini, əməliyyat fasiləsinə ehtiyac yaranacağını ehtimal edir. “Onların döyüş qabiliyyəti azalacaq, yenilənməyə, yenidən təşkilatlanmaya, yenidən silahla təchizata ehtiyac yaranacaq. Bu isə o deməkdir ki, bir neçə həftəyə hansısa formada atəşkəs əldə oluna bilər, tam siyasi həll olmasa belə. Bu mənim proqnozumdur, bu münaqişəyə ən nikbin yanaşmamdır”, – təhlilçi vurğulayıb.
Foto: Reuters (Ukraynada bombalanan yaşayış binası)
Müharibənin gizlədilməsi
Kofman müharibə faktının Rusiya ordusundan əsasən gizli saxlanmasından təəccübləndiyini deyir. Əsgərlərin cismən və psixoloji baxımdan hazırlıqsızlığı Ukrayna tərəfinin təşəbbüsü ələ almasına səbəb olub.
“Biz Rusiyanın hərbi gücünü həddən artıq yuxarı, Ukraynanın gücünü isə aşağı dəyərləndirdiyimizi anladıq”, – o deyir.
“Bu gerçəkdən Prezident Vladimir Putinin müharibəsidir və məni həm də bu təəccübləndirir. Rusiya ordusu bu müharibəni aparır, amma səmərəsiz şəkildə, xüsusi təəssürat oyatmır. Bu, fundamental olaraq Putinin müharibəsidir, o, xüsusi hərbi əməliyyat deyəndə bunu nəzərdə tuturdu”, – Kofman söyləyib.
Putin fevralın 24-də Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” başlatdığını, məqsədin Ukraynanın “demilitarizasiyası və denasifikasiyası” olduğunu bildirib.
Qərb bu işğalı pisləyib, Moskvaya sərt maliyyə sanksiyaları tətbiq edib.