Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər bəzi kəndləri və strateji yüksəklikləri işğaldan azad edib.

Foto: google.az

 

 

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəbhə bölgəsində vəziyyət gərginləşəndən sonra Azərbaycanda prezident İlham Əliyevin fərmanı ilə sentyabrın 28-i saat 00:00-dan ölkədə hərbi vəziyyət elan olunub. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında saat 21:00-dan saat 06:00-a qədər komendant saatı elan edilib.

Tərtər atəşə tutulur, ölən var

“Oktyabrın 1-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini yenidən artilleriya atəşinə tutur”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 1-də səhər saat 9:51-də məlumat yayıb.

Azərbaycan Baş Prokurorluğundan isə bildiriblər ki, oktyabrın 1-də saat 09 radələrində işğalçı ölkənin silahlı qüvvələrinin atdığı və Tərtər şəhər avtovağzalına düşən top mərmisinin qəlpələrindən 1982-cı il təvəllüdlü Zabil Həsənov həlak olub, avtovağzala ciddi ziyan dəyib.

Baş Prokurorluq bildirir ki, son günlər cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinin zərbələrindən 16 mülki şəxs ölüb, 55 dinc sakin də müxtəlif xəsarətlər alıb.

Mənbə:Azadlıq Radiosu

Leave A Reply