Təşkilatın hesabatına görə 488 jurnalist və media işçisi həbsdədir

Dünyada 488 jurnalist və media işçisi həbsdədir. Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) dekabrın 16-da yaydığı hesabatda belə deyilir.

Təşkilatın 25 illik tarixində bu, ən böyük rəqəm sayılır. Eyni zamanda, 2020-ci illə müqayisədə cari ildə işinə görə həbsdə olan media peşəkarlarının sayının 20 faiz artdığı vurğulanıb (tərcümə: Azadlıq Radiosu).
Həbsdə olan jurnalistlərinin sayının artmasının səbəb kimi Myanma (Birma), Belarus və Honq Konqda mediaya təzyiqlər göstərilib.

Hesabatatda bu il öldürülən jurnalistlərin sayının azaldığı əks olunub:

“İlboyu 46 media işçisi öldürülüb və bu, 1995-ci ildə illik statistika dərc ediləndən bəri ən aşağı göstəricidir. Azalmanın səbəbi Suriya, İraq və Yəməndə “münaqişələrin səngiməsi”dir. Ancaq Meksika və Əfqanıstanda uyğun olaraq yeddi və altı jurnalist öldürülüb. Əfqanıstanda jurnalist ölümlərinin çoxuna görə məsuliyyəti İslam Dövləti qruplaşmasının yerli qanadı, yaxud Taliban üzərinə götürüb. Qətlləri törədənlər “tam cəzasız” qalıblar”.

“Artıq beşinci ildir Çin ən çox jurnalist və media işçisinin həbsdə olduğu ölkə hesab edilir. Hazırda bu ölkədə 127 jurnalist həbsdədir. Səbəb Pekinin Honq Konqa nəzarəti gücləndirməsi ilə bağlıdır”,-hesabatda belə yazılıb.

Myanmanın həbsdə olan jurnalist sayına görə ikinci (53), Vyetnamın isə üçüncü (43) yerdə olduğu göstərilir:

“Belarusda 32 jurnalist və digər media işçisi həbsdədir. Media işçiləri deyəndə media qurumlarının menecerləri, direktorları, mühasibləri, hüquqşünasları nəzərdə tutulur. Ötən il onların sayı 7 nəfər idi. Aleksandr Lukaşenkanın ötən ilin avqustunda prezident seçkisinin qalibi elan olunmasına etiraz edənlərə amansız divan tutulub. Bu ölkədə saxlanan media işçilərinin 17-si qadın, 15-i kişidir”.

Təşkilat dünyada indiki qədər qadın jurnalistin həbsdə olmadığını bildirir:

“Onların sayı 60 nəfərdir, ötən ilə nisbətən 1/3 dəfə artıb”.

Sənəd müəllifləri daha 65 jurnalistin girovluqda olduğunu qeyd ediblər:

“Onlar əsasən Suriya, İraq və Yəməni əhatələyir. Fransadan bir jurnalist isə Malidə saxlanır.”

 

Mənbə: Meydan TV

 

Leave A Reply