Səfir namizədi sual altında
ABŞ prezidenti Donald Trampın Azərbaycana səfir namizədi Aleksandr Alden bir vaxtlar sanksiya siyahısında olan bosniyalı serb lider Milorad Dodikin maraqlarının irəli sürülməsində əsas rol oynamaqda ittiham olunur. OC Media-nın yazdığına görə, bunu ABŞ-dəki “Semafor” nəşri yarım onlarla məlumatlı mənbəyə istinadla aparılan araşdırmada iddia edib. Dodik 2025-ci ildə, deyilənə görə, Trampın istəyi ilə ABŞ sanksiya siyahısından çıxarılıb.
“Semafor”un araşdırmasına görə, Alden Tramp administrasiyasının Bosniya və Herseqovinadakı Serb Respublikasına münasibətinin yumşalmasında əsas fiqurlardan biri olub. Mənbələrdən biri onun Dövlət Departamentində Dodikin maraqlarının müdafiəçisi kimi qəbul edildiyini, bəzilərinin onu “Dövlət Departamentindəki serb” adlandırdığını deyib. Nəşrin mənbələrinə görə, Alden əvvəllər soyadını Mulabdiçdən dəyişib. Bu iddiaların onun Senatdakı təsdiq prosesində sual doğura biləcəyi bildirilir.
Bayden administrasiyasında Avropa və Avrasiya üzrə dövlət katibinin köməkçisi olmuş Cim O’Brayen “Semafor”a deyib ki, iddialar doğrudursa, Aldenin mühakiməsi barədə ciddi suallar yaranır. Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi isə nəşrə administrasiyanın Aldenin Azərbaycanda əla səfir olacağına əmin olduğunu bildirib.
“Semafor”un istinad etdiyi ABŞ Ədliyyə Nazirliyinin sənədlərinə görə, Serb Respublikasının hökuməti 2025-ci ildən bəri Tramp administrasiyasında lobbiçiliyə 11 milyon dollardan çox xərcləyib. Aldenin təsdiq dinləməsinin niyə Senatın son cədvəlinə salınmadığı aydın deyil.


