Mertsə “şantaj” ittihamı

Almaniya kansleri Fridrix Mertsin Ukraynaya maliyyə yardımı razılaşdırılmasa Avropa İttifaqının yeddiillik büdcəsini bloklayacağı barədə xəbərdarlığı Mərkəzi Avropada etirazla qarşılanıb. Slovakiyanın Baş naziri Robert Fitso noyabrın 10-da Bratislavada jurnalistlərə deyib: “Kanslerin etdiyi tipik şantajdır və mən ona boyun əyməyəcəyəm”. DW-nin yazdığına görə, o, Slovakiyanın “Almaniya kansleri ilə eyni veto hüququna” malik olduğunu da bildirib.

Fitsonun yanında dayanan Çexiyanın Baş naziri Andrey Babiş də narazılığını bildirib: “Bunu niyə dediyini bilmirəm”. “Bloomberg”in məlumatına görə, Macarıstanın Baş naziri Peter Madyar da Ukraynanın maliyyələşdirilməsinin növbəti çoxillik büdcəyə bağlanmasına qarşıdır.

“The Guardian”ın gördüyü məktubda Merts Avropa Şurasının sədri Antoniu Koştaya yazır: “İkitərəfli yardım qeyri-bərabər paylanır və əsasən yalnız bir neçə üzv dövlətin üzərinə düşür”. Almaniya rəsmisi qəzetə 2028-2034-cü illər büdcəsinin tamamlanması üçün bütün üzvlərin Ukraynaya maliyyə dəstəyinin vacib olduğunu deyib. Berlin Ukraynanın maliyyələşdirilməsi barədə qərarların yekdilliklə deyil, səs çoxluğu ilə qəbul edilməsini də istəyir.

Aİ keçən il Ukraynaya 90 milyard avro kredit verməyə razılaşıb, Macarıstan, Slovakiya və Çexiya bu krediti götürməkdən imtina edib. Avropa Komissiyasının hesablamasına görə, Kiyevə gələn il əlavə təxminən 70 milyard avro lazımdır, bunun 45 milyardını Aİ ölkələri təmin etməlidir. Məsələ cümə günü Dublində keçiriləcək qeyri-rəsmi sammitdə, sonra isə noyabrın 26-27-də büdcə sammitində müzakirə olunacaq.

Leave A Reply