
Azərbaycan İsraildə qaz axtaracaq.
Bu gün yayılan xəbərə görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail prezidenti İsxak Hersoqun qəbulunda olub. Digər məlumata əsasən, SOCAR bu gün İsrail sularında təbii qazın kəşfiyyatı ilə bağlı müqavilələr imzalayacaq.
İsrail-Azərbaycan münasibətləri son aylarda sürətlə inkişaf etməkdədir. Fevralın əvvəlində SOCAR İsrailin Tamar qaz yatağında 10% pay almışdı. Cəmi bir ay əvvəl isə prezidentin köməkçisi Hikmət Hacıyev Qüds şəhərində İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşmüşdü.
Bundan əlavə, keçən həftə İsrailin bir qrup məşhur din adamı Donald Trampa məktub yazaraq, Azərbaycana qarşı ABŞ-da qəbul edilən 907-ci düzəlişin dayandırılması üçün çağırış ediblər. Onlar bu məktubda Azərbaycanın “Abraham Sazişləri“nə daxil edilməsini də xahiş ediblər.
Yəhudi din adamları məktublarında bildiriblər ki, “Abraham Sazişləri“nə qoşulan ölkələr ABŞ-dan geniş təşviq və siyasi dəstək alıblar: “Digər tərəfdən, ən etibarlı müsəlman ölkəsi, İsrailin strateji tərəfdaşı və ABŞ-ın Yaxın Şərqdə son 30 ildəki əsas müttəfiqi olan Azərbaycan isə Amerikanın dəstəyini almayıb“.
“Abraham Sazişləri“ 2020-2021-ci illərdə Donald Trampın təşviqi ilə imzalanıb və İsraillə ərəb ölkələri arasında yaxınlaşmanı hədəfləyib. 907-ci düzəliş isə 1992-ci ildə qəbul edilmiş, ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən qanun layihəsidir. 907-ci düzəliş 2001-ci ildən 2023-cü ilə qədər dondurulub, həmin il yenidən aktivləşdirilib.