ABŞ

Britaniyanın “The Independent” qəzeti adı açıqlanmayan mənbələrə istinadla yazır ki, ABŞ dövlət katibi və milli təhlükəsizlik müşaviri Marko Rubio 2028-ci il prezident seçkisində Respublikaçılar Partiyasından namizəd olmağa hazırlaşır. Qəzetin həmsöhbətlərinə görə, onun əsas rəqibi vitse-prezident Cey Di Vens olacaq.

“Interfax”ın qəzetə istinadla yazdığına görə, namizəd olmaq üçün Rubio dövlət katibi vəzifəsindən getməli olacaq. Administrasiyadakı mənbə onun hələlik vəzifədən getmək istəmədiyini, amma noyabrın 3-dəki aralıq seçkilərdən sonra Ağ Evdəki ab-havadan asılı olaraq fikrini dəyişə biləcəyini deyib. Qəzet Rubionu seçkidən sonra administrasiyadan gedə biləcək təxminən beş əməkdaşdan biri adlandırır, digərlərinin adını çəkmir.

Ağ Evin nümayəndəsi Deyvis İnql qəzetin “əsassız və yalan sui-qəsd nəzəriyyələri” yaydığını deyib.

Noyabrın 6-da “Bloomberg” agentliyi də məlumatlı mənbələrə istinadla yazıb ki, Respublikaçıların ara seçkilərdəki məğlubiyyətindən sonra Rubio administrasiyadan getməyi düşünür. Agentliyin mənbələrinə görə, o, bunu Ağ Ev rəsmiləri ilə müzakirə edib, ondan qalmağı xahiş ediblər, yekun qərar verilməyib. “Bloomberg” yazır ki, erkən istefa Rubioya qeyri-populyar İran müharibəsindən uzaqlaşmağa kömək edə bilər, amma o, 2028-ci ildə Vensə rəqib olmaq əvəzinə 2032-ci il seçkisinə hazırlaşmağı da seçə bilər.

Rubio isə “The New York Times”a müsahibəsində həmişə Trampın administrasiyasında onun səlahiyyət müddətinin sonunadək işləməyi planlaşdırdığını və bu məlumatın haradan çıxdığını anlamadığını deyib. Ağ Ev də istefa barədə xəbəri təkzib edib.

Aralıq seçkilərdə demokratlar Konqresin hər iki palatasında çoxluq qazanıb. Rubio 2016-cı ildə də prezidentliyə namizəd olub, respublikaçıların ilkin seçkilərində Trampa uduzmuşdu.

Leave A Reply